Əliyevin Özbəkistan səfəri: “Əbədi dostluq” müqaviləsi və ailə bizneslərinin paralel ekspansiyası
Əliyevin Özbəkistan səfəri
Daşkənddə baş tutan dövlət səfəri rəsmi mətbuatda Azərbaycan-Özbəkistan münasibətlərinin “yeni, simvolik və praktiki mərhələsi” kimi təqdim olunub.
Prezident İlham Əliyev və Şavkat Mirziyoyev təkbətək görüş keçirib, Ali Dövlətlərarası Şuranın üçüncü iclasına sədrlik edib, “Əbədi dostluq haqqında Müqavilə”ni imzalayıb, bir-birini ən yüksək dövlət ordenləri ilə təltif edib və Azərbaycanın Özbəkistandakı investisiya layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Lakin rəsmi bəyanatların və “qardaşlıq” ritorikasının arxasında konkret maliyyə və biznes maraqları dayanır. Səfərin fonunda İlham Əliyevin ailəsi ilə birbaşa və ya dolayı bağlı özəl şirkətlərin (“PASHA Holding”, Emin Ağalarovun Sea Breeze layihəsi) paralel ekspansiyası da diqqət çəkir.
Nələr baş verdi?
Günün əsas sənədi “Əbədi dostluq haqqında Müqavilə” olub. Müqaviləyə görə, tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qururlar; bir-birinin milli inkişaf modelini dəstəkləyirlər. Onlar digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran blok və ittifaqları rədd edir, öz ərazilərinin üçüncü tərəflər tərəfindən belə məqsədlərlə istifadəsinə və ya belə qrupların fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.
Əməkdaşlıq sahələri arasında BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsi, parlamentlərarası əlaqələr, ticarət və investisiya (energetika, nəqliyyat-logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, e-ticarət, İKT və kosmik texnologiyalar), interkonnektiv nəqliyyat sistemləri, mədəni-humanitar yaxınlığın qorunması, dil tədrisi, elmi-təhsil mübadiləsi, regionlararası əməkdaşlıq və turizm yer alır.
Dövlət başçıları qarşılıqlı olaraq ən yüksək dövlət təltiflərini təqdim ediblər: Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif olunub. Eyni zamanda Azərbaycanın Özbəkistandakı konkret layihələrinin (otel və yaşayış kompleksləri, turizm obyektləri, Nizami Gəncəvi adına universitet binası, “Azərbaycan” parkı və digər obyektlər) açılış və təməlqoyma mərasimləri keçirilib.
Bank və maliyyə, tikinti materialları, təhsil, neft-qaz, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələrə start verilib, “yol xəritəsi” qəbul olunub.
Azərbaycanın dövlət bankı Özbəkistan bazarında
Prezident İlham Əliyev Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın pərakəndə satış şəbəkəsinə çıxışı, neft-qaz kəşfiyyatının yekun mərhələyə yaxınlaşması və gələn il hasilat quyularına keçid ümidi konkret nümunələr kimi səsləndirib.
Prezidentin işarə etdiyi qurum Azərbaycan Beynəlxalq Bankı – ABB-dir. Bu, təxminən 88-92 faiz səhm payı Maliyyə Nazirliyi və digər dövlət qurumlarına məxsus ən böyük dövlət bankdır. ABB Özbəkistanın özəl “Davr Bank”ının 51 faiz nəzarət səhm paketini 100 milyon dollardan artıq investisiya ilə alır.
ABB özü dövlət bankı olsa da, keçmişdə “Azerbaijani Laundromat” (2,9 milyard dollarlıq çirkli pul yuma sxemi) skandalında əsas rol oynayıb. İndi eyni bank dövlət resursları və siyasi iradə ilə Özbəkistan bazarına çıxır. Bu, sırf kommersiya qərarı kimi təqdim olunur, lakin siyasi müttəfiqlik fonunda baş verir.
Bu əməliyyat səfərdən bir gün əvvəl, Regionlararası Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən də açıqlanıb və səfər günü rəsmiləşdirilib. ABB Özbəkistanda “Davr Bank” adı altında fəaliyyətə başlayacaq. Bankın aktivləri təxminən 1 milyard dollar, müştəri bazası 1,4 milyon nəfər, filial şəbəkəsi 43-dür. Fitch reytinq agentliyi əməliyyatın 2026-cı ilin dördüncü rübünə qədər tamamlanacağını proqnozlaşdırır.
Əliyevlərə məxsus bizneslərin paralel ekspansiyası
Rəsmi bank əməliyyatından əlavə, səfər çərçivəsində və əvvəlki dövrdə bir sıra özəl layihələr də diqqət çəkir. Bunların bir qismi birbaşa və ya dolayı yolla prezident ailəsi ilə əlaqələndirilən qurumlara bağlıdır.
- “Sea Breeze Uzbekistan”: Emin Ağalarovun (Prezidentin qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı) “Agalarov Development” şirkəti tərəfindən həyata keçirilən 5 milyard dollarlıq Çarvak su anbarı sahilində 577 hektar ərazidəki kurort layihəsi. Layihə 2025-ci ildə Mirziyoyevə birbaşa təqdim olunub, tender proseduru olmadan, ekoloji ekspertiza hələ tam tamamlanmadan sürətlə irəliləyib. Səfər günü təməlqoyma mərasimi keçirilib. Ağalarov keçmiş qohum kimi hələ də yüksək səviyyəli siyasi dəstəkdən istifadə edir.
- “PASHA Holding” layihələri: Prezidentin qızları Leyla və Arzu Əliyevanın, eləcə də Mehriban Əliyevin atası Arif Paşayevin nəzarətində olan holdinq Daşkənddə Ritz-Carlton brendi altında otel və yaşayış kompleksi tikir. “Kapital Bank” və “Pasha Bank” kimi özəl banklar bu holdinqə daxildir. Ailəyə bağlı banklar Azərbaycan bank sektorunun aktivlərinin əhəmiyyətli hissəsini (bəzi hesablamalara görə 40 faizdən çox) nəzarətdə saxlayır.
- SOCAR: Azərbaycanın dövlət neft şirkəti də Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olub, orada yanacaqdoldurma məntəqələri şəbəkəsi quracaq. Eyni zamanda “Ustyurt” yatağında BP və “Uzbekneftegaz” ilə tərəfdaşlıq edəcək. SOCAR-ın özü də keçmişdə (Azerbaijani Laundromat skandalı daxil olmaqla) şəffaflıqla bağlı suallara tuş gəlib.
- Digər layihələr: “Matanat-A” gips zavodu, “Landau STEAM” məktəbləri, “Sur” qızıl-gümüş emalı zavodu, “Gold Fresh Fruits” bağları, “Baku City” yaşayış kompleksi və s də Özbəkistan bazarına daxil olur. Bunların bir qismi dövlət-özəl tərəfdaşlıq formatındadır.
Dövlət başçılarının bəyanatları
Prezident İlham Əliyev mətbuat bəyanatında münasibətlərin “çox möhkəm təməl üzərində – həm mənəvi, həm maddi əsaslarla” qurulduğunu vurğulayıb. O, müzakirə olunan layihələrin (energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bank sektoru) birlikdə “misilsiz xarakter” yaratdığını qeyd edib.
Əliyev Daşkəndin və ümumilikdə Özbəkistanın sürətli inkişafını hər səfərində müşahidə etdiyini, ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasının artıq “uzaq gələcəyin arzusu deyil, bir neçə il ərzində əldə edilə biləcək rəqəm” olduğunu bildirib. O, Mirziyoyevin Qarabağa investisiyaların cəlbindəki xüsusi rolunu qeyd edib və onu əlverişli vaxtda Azərbaycana dövlət səfərinə dəvət edib.
Şavkat Mirziyoyev Əliyevin səfərini “tarixi hadisə” adlandırıb və “Əbədi dostluq” müqaviləsinin bunun təsdiqi olduğunu, strateji tərəfdaşlıq və müttəfiqliyin hər bəndinin konkret işlərlə maddiləşdiyini vurğulayıb. Son beş ildə ticarət dövriyyəsinin üç dəfə artması, 1 milyard dollar hədəfi, Orta Dəhlizin birgə inkişafı, Xəzərdə ayrıca Azərbaycan-Özbəkistan dəhlizinin vahid operatorla yaradılması ideyası onun çıxışında ön plana çıxıb.
O, iki ölkənin beynəlxalq arenada “bir səslə” çıxış etdiyini deyib. Mirziyoyev Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşləri formatına Azərbaycanın tam üzvlüyünü tarixi addım kimi qiymətləndirib və Əliyevin ərazi bütövlüyünün bərpası istiqamətindəki kursunu, Vaşinqton görüşü və Bəyannaməni müsbət qiymətləndirib.
Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyev səfər ərəfəsində və zamanı münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqliyə, oradan isə “əbədi dostluq” səviyyəsinə yüksəldiyini, bunun Azərbaycan diplomatiyası tarixində ilk belə addım olduğunu bildirib. O, xalqlar arasındakı de-fakto əbədi dostluğun indi siyasi müstəvidə də rəsmiləşdirildiyini qeyd edib.
Əliyevin Özbəkistan səfəri