"Biz sübut etdik ki, Ermənistan quberniya deyil, kəsişmə ölkəsidir", - Paşinyan
Paşinyan Aİİ üzvlüyü və dəmir yolları haqqında
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, kiminsə “Ermənistanın gedəsi yeri yoxdur, o heç kimə lazım deyil” deyə biləcəyi vəziyyət yaranmamalıdır. Dörd il əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko belə bir bəyanat vermişdi.
Paşinyanın fikrincə, Lukaşenkonun sözləri əslində təkcə Belarusun deyil, Rusiyanın iqtisadi bloku olan Aİİ-yə daxil olan digər dövlətlərin də Ermənistana münasibətdə “dərin kök salmış institusional yanaşmasını” əks etdirir. Baş nazir bunu “hörmətsiz yanaşma” kimi qiymətləndirir. Onun fikrincə, bu yanaşma aşağıdakı təsəvvür əsasında formalaşıb:
“Qarabağ münaqişəsi var, Azərbaycanla münaqişə var, Türkiyə ilə münaqişə var, bu düşmənçilik aradan qalxmazdır, ona görə də onların gedəsi yeri yoxdur, deməli, onlarla necə istəsək, elə də davrana bilərik”.
Lakin Paşinyanın sözlərinə görə, Ermənistan bunun əksini sübut edə bilib:
“Biz əməldə sübut etdik ki, Ermənistan beynəlxalq ictimaiyyətin məsuliyyətli tərəfdaşı və çox mühüm ölkə kimi bir çoxlarına lazımdır. Biz sübut etdik ki, Ermənistan quberniya deyil, kəsişmə ölkəsidir, Cənubi Qafqazla və daha geniş regionla birlikdə”.
Baş nazir brifinqdə yenidən Ermənistanın Aİİ ilə Avropa İttifaqı arasında seçimi ilə bağlı suala cavab verib, həmçinin hələ 2008-ci ildə Rusiyanın konsessiya idarəçiliyinə verilmiş dəmir yollarının idarə olunması ilə bağlı mümkün qərarlardan danışıb. Faktiki olaraq, Ermənistan hökuməti Rusiyanın funksiyalarını məhdudlaşdıracaq, lakin hələlik onu konsessiyadan məhrum etməyəcək yeni təkliflər hazırlayıb.
- Ermənistanda seçkilərin nəticələri Cənubi Qafqaza necə təsir edəcək? Tbilisidən baxış
- “Narahat deyiləm” – Paşinyan Rusiyanın rəhbərlik etdiyi KTMT hərbi blokundan çıxarılma ehtimalı barədə danışıb
- Moskvada Paşinyan-Putin görüşü: aktual problemlərin müzakirəsi üçün işgüzar səfər
“Alternativlər formalaşana qədər həm Aİ, həm də Aİİ bizə eyni dərəcədə lazımdır”
Rusiya Ermənistana təzyiq göstərməkdə, Aİİ ilə Aİ arasında seçim etməyin zəruriliyi barədə bəyanatlar verməkdə davam edir. Bununla əlaqədar erməni jurnalistlər yenidən hökumətin mövqeyi ilə maraqlanıblar. Paşinyan bildirib ki, Rusiya Ermənistandan “iki alternativ” arasında seçim etməsini gözləyir. Halbuki “ikinci alternativ” hələ formalaşmayıb:
“Biz gələcəkdə bu seçimi mütləq referendum yolu ilə edəcəyik. Amma bu, əvvəlcə institusional baxımdan hazırlıq işləri apardıqdan, daha sonra isə Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra baş verəcək”.
Paşinyanın sözlərinə görə, hazırda ikinci alternativ olmadığı üçün Ermənistana həm Aİ, həm də Aİİ eyni dərəcədə lazımdır. Bununla yanaşı, o, gələcəkdə seçimin yalnız bu iki variant arasında olmayacağını, üçüncü yanaşmanın da ortaya çıxa biləcəyini istisna etmir:
“Ola bilsin ki, üçüncü təşəbbüs ortaya çıxsın: nə Aİİ, nə də Aİ. Yəni bizə nə bu, nə də digər struktur lazımdır. Kim deyib ki, hamı mütləq hansısa struktura daxil olmalıdır?”
Bundan əlavə, o bildirib ki, hökumət çoxsaylı mümkün həll variantlarını, o cümlədən “dördüncü və beşinci alternativləri” nəzərdən keçirir.
Aİİ və ya Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsinə qayıdan Paşinyan vurğulayıb:
“Bu seçim düşünülmüş olmalıdır, çünki biz hələlik bu yolun nə dərəcədə real olduğunu və yol xəritəsinin necə olacağını bilmirik”.
Baş nazir Rusiyanın adını çəkmədən bildirib ki, Ermənistan kiminsə maraqlarına sayğısız və ya etinasız yanaşa bilməz. Lakin eyni zamanda hər hansı ölkənin maraqlarını öz dövlət maraqlarından üstün tuta bilməz.
“Ona görə də biz bütün məsələləri səbirlə, eskalasiyasız, əsəbiləşmədən müzakirə edib həll etməyə çalışırıq. Hər iki tərəfi az və ya çox qane edən həll tapılana qədər nə qədər lazım olsa, müzakirələri davam etdirəcəyik”, – deyə o bildirib.
“Konsessiya müqaviləsinin ləğvi yolu ilə getməyəcəyik”
Nikol Paşinyan növbəti dəfə bəyan edib ki, Yerevan Ermənistan dəmir yolu ilə bağlı problemi vəziyyəti gərginləşdirmədən, “dostcasına” həll etmək istəyir. Onun fikrincə, həm Ermənistan, həm də Rusiya məsələyə qarşı tərəfin maraqlarını nəzərə alaraq yanaşmalı və kompromis tapmalıdır.
Bu dəfə baş nazir hadisələrin mümkün inkişafı ilə bağlı bir neçə ssenari açıqlayıb:
“Onlardan biri Rusiya tərəfinin konsessiya hüquqlarını tam və ya qismən satması ola bilər. Yəni səhmdarların tərkibi ilə bağlı müəyyən konfiqurasiyalar mümkündür”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan konsessiya müqaviləsinin ləğvi yolu ilə getmək istəmir. Belə bir imkan həmişə olub və indi də var. Lakin Ermənistan tərəfi bu addıma əl atmamağa üstünlük verir.
O, Rusiya şirkətinin konsessiya hüquqlarını bazar qiymətinə üçüncü tərəfə satmasını Yerevan üçün məqbul həll variantı kimi göstərib.
Bununla yanaşı, Paşinyan qeyd edib ki, bu yanaşma, ola bilsin, rusiyalı tərəfdaşları o qədər də qane etmir.
Eyni zamanda o bildirib ki, Ermənistan hökuməti ekspertləri cəlb etməklə hər iki tərəfin problemlərini heç olmasa qismən həll edə biləcək variant tapmağa çalışır:
“[Ekspertlər] deyirlər ki, başqa idarəetmə modeli tətbiq etmək olar. Tutaq ki, [Rusiyanın] səhmlərinin bir hissəsi saxlanılsın, digər hissəsi isə özgəninkiləşdirilsin. Amma elə şəkildə ki, [Rusiya tərəfinin] payı daha az olsun. Əks halda problem həll edilməyəcək. Başqa bir fikir də var. Lisenziyanı iki hissəyə bölmək olar. Hazırda dəmir yolunda həm infrastruktur, həm də ondan istifadə vahid paket təşkil edir”.
Paşinyan Ermənistanın üzləşdiyi problemləri belə izah edib:
“Mövcud vəziyyət Ermənistanın dəmir yolumuzu beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün yaranmış tarixi imkandan istifadə etməsinə mane olur”.
O qeyd edib ki, dəmir yolu daşımalarının böyük bir hissəsini həyata keçirən və potensial benefisiarlar ola biləcək ölkələr Ermənistandan yan keçməyin yollarını axtarırlar:
“Onlar bunu bizə təkcə demirlər, biz həm də görürük ki, bu sahəyə investisiya marağı göstərmirlər. Nəticədə anlayırıq ki, səbəb dəmir yolumuzun Rusiya konsessiyasında olmasıdır”.
Nikol Paşinyan əlavə edib ki, hökumət məhz bu səbəbdən problemi rusiyalı tərəfdaşlarına dostcasına təqdim edib və həll yolları tapmağı təklif edib.
2008-ci ildən Ermənistan dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin konsessiya idarəçiliyindədir. Şirkət öz növbəsində “Rusiya Dəmir Yolları”nın 100 faiz törəmə müəssisəsidir. Müqavilə 30 illik konsessiyanı nəzərdə tutur. Lakin 2008-ci ildən yük dövriyyəsi iki dəfə azalıb, bəzi istiqamətlər fəaliyyətini dayandırıb, nəzərdə tutulan məcburi investisiyalar isə kağız üzərində qalıb. Bununla yanaşı, Ermənistan sərhədlərinin tam açılmasına çalışır və bunun üçün Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpasına ehtiyac var. Ermənistan dəmir yollarını idarə edən Rusiya şirkəti bu hissələrin bərpasını öz üzərinə götürmədiyi üçün Ermənistan həmin planları müstəqil şəkildə həyata keçirməyin yollarını axtarır.
Paşinyan Aİİ üzvlüyü və dəmir yolları haqqında