Yağış Bakıda keçirilən "dayanıqlı şəhərlər" forumunun açılışını dayandırıb: WUF-13 nədir, niyə Bakıda keçirilir?
Bakı dayanıqlı şəhərlər forumu
17 mayda Bakı Olimpiya Stadionunun ətrafında 180-dən çox ölkənin nümayəndələri, memarlar, urbanistlər, BMT rəsmiləri 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF-13 və ya ÜŞF-13) açılışını gözləyib. Lakin paytaxtın səması başqa senari yazıb – güclü yağış açılış proqramının bir hissəsini dayandırıb, iştirakçılar çadırların altında sığınmağa məcbur olub.
📸 Photo of the Day
— The Azeri Times (@AzeriTimes) May 17, 2026
🇦🇿 Baku was hit by heavy flooding on the opening day of the the World Urban Forum 13. 💧 Delegates in the forum venue got a firsthand look at the very urban planning and infrastructure challenges Baku. pic.twitter.com/DA2D1pM57X
Bakıda Ümumdünya Şəhərsalma Forumunun açıqhavada planlaşdırılan rəmzi startı – bayraq qaldırma mərasimi elə həmin günün rekord yağıntısı ilə üst-üstə düşüb. Milli Hidrometeorologiya Xidməti əvvəlcədən intensiv yağış barədə xəbərdarlıq yayıb, gün ərzində isə Bakı və Abşerona 9 saatda 103 millimetr yağıntı düşdüyü, bunun iqlim normasının 523 faizi olduğu açıqlanıb.
“Dünyanı Mənzillə Təmin Etmək: Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar” şüarı ilə toplaşan forum üçün bundan daha sərt və daha simvolik giriş təsəvvür etmək çətin olardı: dayanıqlı və təhlükəsiz şəhərlərdən danışan paytaxtın özü yağış altında yenə öz köhnə sualına qayıdıb – Bakı doğrudanmı dayanıqlıdır?
Heavy flooding today after torrential rainfall in Baku, the capital of Azerbaijan. pic.twitter.com/wiM9EQPr6v
— Weather Monitor (@WeatherMonitors) May 17, 2026
ÜŞF-13 nədir?
ÜŞF 2001-ci ildə BMT tərəfindən təsis edilib, ilk sessiyası 2002-ci ildə Nayrobi şəhərində keçirilib və o vaxtdan bəri BMT-Habitatın şəhərsalma üzrə ən iri, ən açıq və ən inklüziv qlobal platformasına çevrilib.
Onun məqsədi memarlıq və planlaşdırma, sürətli urbanizasiyanın mənzil, iqlim, bərabərsizlik, infrastruktur və idarəetmə ilə kəsişdiyi nöqtələri bir masa ətrafına toplamaqdır. Bu ilki mövzu da buna həsr edilib. BMT sisteminin öz hesablamasına görə, bu gün dünyada təxminən 3 milyard insan məqbul olmayan mənzil şəraitində yaşayır, 1,1 milyard insan qeyri-rəsmi yaşayış məskənlərindədir, 300 milyondan çox insan isə evsizdir.
Bakının ev sahibliyi etdiyi sessiyanın miqyası da kiçik görünmür. Mayın 16-na olan rəsmi məlumata görə, ÜŞF-13 üçün 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, forum tarixində ən yüksək göstəricilərdən biri kimi təqdim olunur.
Proqram 40 əsas sessiyanı, təxminən 350 tərəfdaş tədbirini və ÜŞF tarixinin ən böyük “Urban Expo”sunu ehtiva edir. Yəni Bakı sadəcə növbəti konfransa yox, qlobal şəhər diplomatiyasının vitrin tədbirinə ev sahibliyi edir.
Belə platformaların real dəyəri isə onların siyasət dili yaratması, şəhərlər arasında tərəfdaşlıq qurması, bəzən də milli hökumətlərin illərlə kənara qoyduğu mövzuları yenidən prioritetə çevirməsindədir.
📍Local and regional leaders came together today at the World Assembly of Local and Regional Governments at #WUF13 to help shape the future of urban governance, housing and sustainable development. pic.twitter.com/dg1Q1wASbL
— World Urban Forum (@WUF_UNHabitat) May 17, 2026
Bakı niyə bu tədbirə ev sahibliyi edir?
Bakının seçilməsi də təsadüfi görünmür. BMT-Habitatın açıqlamasına görə, Bakı səkkiz müraciət arasından son mərhələyə çıxan namizədlərdən biri olub və 2023-cü ilin sonunda ev sahibi hüququnu qazanıb. Rəsmi təqdimatda şəhər “irs və innovasiyanın yanaşı yaşadığı”, urban transformasiya hekayəsi olan məkan kimi göstərilir.
Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” də elan edib. Prezident sərəncamında Bakı Ağ Şəhər, Heydər Əliyev Mərkəzi və işğaldan azad olunmuş ərazilərdə hazırlanan 100-dən çox yaşayış məntəqəsi planı bu xəttin nümunələri kimi təqdim olunub. Ağ Şəhərin öz saytında da layihə sosial, iqtisadi və ekoloji dayanıqlıq nümunəsi kimi təsvir olunur.
Son illərin akademik tədqiqatları isə Azərbaycanı iri beynəlxalq tədbirlərə sistemli yatırım edən dövlət kimi təhlil edir. Bir tərəfdə beynəlxalq nüfuzun artırılması, turizm və investisiya cəlbi dayanır, digər tərəfdə isə rentier iqtisadiyyatın yeni gəlir mənbələri, təsir imkanları və legitimlik mexanizmləri formalaşdırmaq cəhdi görünür.
Başqa sözlə, ÜŞF-13 rəsmi dillə şəhərsalma forumudur, amma siyasi iqtisad baxımından o, həm də post-neft dayanıqlılığı üçün “yumşaq güc” alətidir. Neftdən kənar gələcək axtaran ölkə, qlobal görünürlük istehsalını da inkişaf strategiyasının bir hissəsinə çevirmək istəyir.
İmiclə gündəlik şəhər həyatı arasında
Amma Bakının özü bu hekayənin ən sərt redaktorudur.
12 yanvarda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin rəsmi mətnində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeronun su-kanalizasiya sistemlərinin əsasən 1980-ci illərin sonunadək formalaşdığını, sonrakı dövrdə yaşayış məntəqələrinin ərazisinin 2,6 dəfə, əhalinin isə 2,1 dəfə artdığını bildirir.
O, əsas magistral xətlərin istismar müddətinin bitdiyini, yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulmasının sistemə əlavə yükləmə yaratdığını, eləcə də “vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısının 1990-cı illərdə kanalizasiya kollektoruna çevrildiyini” qeyd edir.
Üstəlik, 1 600-dən çox tikilinin magistral şəbəkələrin işləməsinə mane olduğu, 2014–2025 arasında su toplama funksiyası olan bəzi göllərin tikinti ilə tutulduğu bildirilib. Yəni problem təkcə “normadan artıq yağış” deyil. Problem həm də şəhərin suya yer saxlamayan inkişaf modelidir.
Hökumətin 2026-2035 dövlət proqramı da bunu dolayısı ilə təsdiqləyir. 30 yeni anbar, 30 küçədə yeni yağış kollektorları, fasiləsiz su təminatının 70 faizdən 95 faizə, kanalizasiya xidmətinin 50 faizdən 95 faizə qaldırılması planlaşdırılır.
Beləliklə, ÜŞF özü də müəyyən mənada ironik mənzərə yaradır. Bakı dünyaya dayanıqlı şəhərlərdən danışır, amma şəhər sakinləri üçün “dayanıqlıq” hələ də yağış günü ayaqqabının su buraxmaması ilə ölçülür.
Guests of the UN Urban Forum in Baku: we have a saying in Azerbaijani — “üstü bəzək, altı təzək” (“decorated on the outside, rotten underneath”). It perfectly captures the urban beautification and “amelioration” projects of Aliyev’s government: polished facades masking deeper… pic.twitter.com/00FmwOfaDO
— Altay Göyüşov (@AltayRashidoglu) May 17, 2026
Forumdan sonra başlanacaq əsas imtahan
Bu baş verənlər ÜŞF-i mənasız etmir. Əksinə, forum Bakıya fayda da gətirə bilər. Bunun üçün yeni tərəfdaşlıqlar, bilik mübadiləsi, investisiya cəlbi, şəhər siyasətində daha ciddi dil və daha sərt hesabatlılıq tələbi lazımdır. Amma belə tədbirlərin əsl sınağı bağlanışdan sonrakı aylarda başlayır.
Şəhər haqqında parlaq təqdimatlar gündəlik problemlərin həllinə çevrilmirsə, belə forumlar sadəcə vitrin effekti yaradır. Lakin bu tədbirlər şəhərin real ehtiyaclarına təsir göstərə bilirsə, o zaman Bakının gələcəyi ilə bağlı ciddi dönüş nöqtəsi kimi qəbul oluna bilər.
Mayın 17-də yağan leysan isə bu sualı xüsusilə kəskin şəkildə ortaya çıxarıb. Əsas məsələ Bakının dünyaya necə görünmək istəməsi deyil, öz sakinlərinə necə bir şəhər təqdim edə bilməsi olmalıdır. Prioritetin həqiqətən hara yönəldiyi məhz burada görünür.
World Hamam Forum.
— Emin Abbasov (@legalactivism) May 17, 2026
Baku is facing severe flooding.
A large part of the city still lacks proper sewage and drainage systems.
Society rightly sees this as the result of many years of corrupt and poor urban planning.
+ https://t.co/39DwtNsQcc pic.twitter.com/ZDvq5xEbtr
Bakı dayanıqlı şəhərlər forumu