“Tərtər işi” yenidən AİHM-də: işgəncələr, bəraətlər və ölkənin beynəlxalq imicinə mümkün təsirlər
Tərtər işi kommunikasiya mərhələsində
Ötən həftə “Tərtər işi” yenidən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gündəminə çıxıb. AİHM əvvəlcə 30 apreldə işgəncə nəticəsində həyatını itirmiş iki hərbçinin ailəsinin, daha sonra isə 12 mayda beş il yarım həbsdə qalıb sonradan bəraət almış 10 hərbçinin şikayətlərini kommunikasiya mərhələsinə qəbul edib.
Bu mərhələ AİHM-in Azərbaycan hökumətindən rəsmi izahat tələb etməsi anlamına gəlir. Məhkəmə şəhid ailələrinin işi üzrə Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan olunması) və 8-ci (şəxsi və ailə həyatına hörmət) maddələri, 10 hərbçinin işi üzrə isə 6-cı maddə – ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı suallar ünvanlayıb.
10 hərbçi işində AİHM ədalətli məhkəmə araşdırması, tərəflərin bərabərliyi, vəkil seçimi və şahidləri dindirmək imkanının təmin olunub-olunmamasını soruşur. İki ailənin şikayətində isə əsas sual budur: işgəncə olubmu, ölüm halları yaşamaq hüququnun pozuntusuna çıxıbmı və dövlət effektiv araşdırma aparıbmı?
İşdə adı keçənlərdən Saleh Qafarovla bağlı ayrıca 8-ci maddə sualı da var; ailə onun normal dəfninə və məzarını ziyarətə maneə yaradıldığını bildirir.
“Tərtər işi” nədir?
“Tərtər işinin” kökü 2017-ci ilin may-iyun aylarına gedib çıxır. Həmin dövrdə Tərtər, Ağdam, Beyləqan və digər istiqamətlərdə casusluq ittihamları fonunda hərbçilərin və bəzi mülki şəxslərin kütləvi saxlanması başlanıb.
2021-ci ilin dekabrında yenilənmiş istintaqdan sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. AzadlıqRadiosu və Ümumdünya İşgəncələrə Qarşı Təşkilatının topladığı məlumatlarda isə işgəncə nəticəsində 11 ölüm göstərilir.
Baş Prokurorluq, DİN və DTX-nin 18 dekabr 2021 birgə məlumatı da həmin epizodlarda fiziki və psixoloji zorakılıq, işgəncə, qeyri-insani rəftar və ölüm halları üzrə yeni istintaq qruplarının yaradıldığını təsdiqləyib.
Verilən işgəncələr arasında lüt soyundurulma, elektroşok, yaş corabla və su vasitəsilə cərəyan verilməsi, dırnaqların çıxarılması, su çəlləyində boğulana qədər saxlanma, sümüklərin sındırılması, yanan siqaret basılması və digər ağır zorakılıq üsulları yer alır. Bu təsvirlər həm hüquq müdafiəçilərinin hesabatlarında, həm də Bakı Hərbi Məhkəməsində elan olunan ittiham aktlarında yer alıb. Vasif Ağayev və başqa zərərçəkənlərin məhkəmə ifadələri də su və elektrik kombinasiyası ilə verilən işgəncələrdən bəhs edir.
Ölüm halları üzrə rəsmi versiyalar da ciddi şübhələr yaradır. Hərbi Prokurorluğun qərarında polkovnik-leytenant Saleh Qafarovun ölüm səbəbi dindirmə zamanı özünü pəncərədən atarkən aldığı xəsarətlərlə izah olunub. Elçin Quliyev üzrə isə rəy onun dindirmə vaxtı yetirilmiş xəsarətlərdən öldüyünü göstərib.
Bununla yanaşı, ailələr və hüquq müdafiəçiləri həmin ölümlərin işgəncə kontekstindən ayrılmasının mümkün olmadığını bildirir.
Şikayətçilər və iddiaları
AİHM-ə müraciət edən 10 hərbçi bunlardır: Müşfiq Əhmədli, Rauf Orucov, Turan İbrahimli, Emin Adilzadə, Nasif Əliyev, Mirpaşa Mehdiyev, Atabəy Rəhimov, Məcid Qasımov, Faiq Əhmədov və Emil Əliyev.
Şikayətçilər bildirir ki, onlara qarşı dövlətə xəyanət və digər ağır cinayətlər üzrə ittihamlar kifayət qədər sübut olmadan irəli sürülüb, istintaq zamanı işgəncə və təzyiq altında ifadə verməyə məcbur ediliblər. Onların iddiasına görə, həmin ifadələr sonradan məhkəmə proseslərində əsas sübut kimi istifadə olunub.
Natəvan Qafarova ilə Validə Əhmədova isə AİHM qarşısında fərqli, amma məzmun baxımından eyni iddianı qaldırır: onların ailə üzvləri işgəncə altında həyatını itirib, yerli istintaq isə nə hadisənin tam miqyasını, nə də məsuliyyət zəncirini açıb.
Onların ərizələrində vurğulanır ki, beş nəfərə 5-6 il həbs verilməsi işi bağlamır; çünki məsələ intihar həddinə çatdırma ilə yox, qəsdən adamöldürmə və sistemli işgəncə ilə bağlı qiymətləndirilməlidir.
Saleh Qafarov işi üzrə isə ailə, üstəlik, dəfn və məzar ziyarəti ilə bağlı məhdudiyyətlərin olduğunu da vurğulayır.
İş niyə hələ də bağlanmayıb?
Doqquz il sonra əsas sual artıq “işgəncə olubmu” deyil. Həm zərərçəkənlər, həm rəsmi istintaq materialları, həm də məhkəmə sənədləri bunun miqyaslı zorakılıq olduğunu göstərib. Açıq qalan məsələ əmr zənciridir.
Yenilənmiş araşdırmalarda üç qrup üzrə 13 nəfər mühakimə olunub və 4 il 10 aydan 13 ilədək cəzalar verilib. Amma zərərçəkən tərəf bu cəzaları əsasən aşağı və orta rütbəli icraçılarla məhdud hesab edir. Məhkəmələrə çağırılması tələb olunan yüksək vəzifəli şəxslərsə bir çox halda heç şahid kimi də dindirilməyib.
Adları davamlı çəkilən şəxslər arasında müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, sabiq korpus komandiri Hikmət Həsənov, keçmiş hərbi prokuror Xanlar Vəliyev və onun müavini Şəfahət İmranov var.
Buna baxmayaraq, Şəfahət İmranov 2026-cı ilin fevralında Abşeron rayon prokuroru təyin olunub, Xanlar Vəliyev isə 2025-ci ilin aprelində Konstitusiya Məhkəməsinin hakimi olub. Bu faktlar “Tərtər işi”nin niyə hələ də tam araşdırılıb yekunlaşdırılmadığını göstərən əsas institusional göstəricilərdən biri sayılır: məsuliyyət əsasən aşağı rütbəli şəxslərlə məhdudlaşıb, yüksək vəzifəli fiqurların isə karyerası zərər görməyib.
Bu işin Azərbaycanın beynəlxalq imicinə təsiri
Tərtər işi AİHM-də kommunikasiya mərhələsinə məhz Azərbaycanın Avropa institutları ilə onsuz da gərgin münasibətlər fonunda çıxıb. AŞPA 2024-cü ilin yanvarında Azərbaycanın parlament nümayəndə heyətinin mandatını ratifikasiya etməyib və bunu ölkənin əsas öhdəlikləri yerinə yetirməməsi ilə əsaslandırıb.
Avropa Parlamenti də 2024-cü ilin oktyabr qətnaməsində Azərbaycandakı insan hüquqları vəziyyətini ayrıca problem kimi qaldırıb. Halbuki Avropa Şurasının Bakı ofisi hələ də Azərbaycanı insan hüquqları, demokratiya və hüququn aliliyi öhdəliklərini yerinə yetirməli üzv dövlət kimi təqdim edir. “Tərtər işi” bu ziddiyyəti daha görünən edə bilər.
Region və Avropa təcrübəsi göstərir ki, belə işlər adətən yalnız kompensasiya məsələsi ilə məhdudlaşmır. AİHM “Mikheyev Rusiyaya qarşı işi”ndə işgəncə və qeyri-effektiv istintaq problemini, “El-Masri Şimali Makedoniyaya qarşı işi”ndə dövlətin insan hüquqları pozuntularına görə məsuliyyətini, “Oçiqava Gürcüstana qarşı” işində isə penitensiar sistemdə zorakılıq və effektiv cavabdehlik mexanizmlərinin olmamasını ayrıca vurğulayıb.
İnsan Hüquqları Müşahidəçisi (Human Rights Watch) təşkilatının 2026-cı il hesabatında da qeyd olunub ki, AİHM 2025-ci ildə Azərbaycanla bağlı başqa bir iş üzrə işgəncə iddialarının effektiv araşdırılmamasını Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirib. Bu kontekstdə “Tərtər işi” artıq daxili hüquqi mübahisə olmaqdan çıxır və Azərbaycanın beynəlxalq hüquqi reputasiyasına təsir göstərən məsələ kimi qiymətləndirilir.
“Tərtər işi” hansı institusional problemləri üzə çıxarıb?
“Tərtər işi” Azərbaycanda hüquq-mühafizə və hərbi ədliyyə sistemindəki bir sıra problemləri üzə çıxarıb. İş materialları göstərir ki, istintaq əsasən etiraf ifadələrinə söykənib. Şikayətçilər ifadələrin təzyiq və işgəncə altında alındığını bildiriblər. Bu ifadələr sonradan məhkəmələrdə də əsas sübut kimi istifadə olunub.
Müdafiə tərəfinin iddiaları isə uzun müddət effektiv şəkildə araşdırılmayıb. Apellyasiya instansiyaları da bir çox halda əvvəlki qərarları dəyişməyib. Eyni zamanda, məsuliyyət əsasən aşağı rütbəli şəxslərlə məhdudlaşıb, yüksək vəzifəli şəxslər isə prosesdən kənarda qalıb. AİHM-in 2-ci, 3-cü, 6-cı və 8-ci maddələr üzrə suallar göndərməsi də məsələnin institusional problem kimi qiymətləndirildiyini göstərir.
Bu baxımdan “Tərtər işi” hələ də tam bağlanmış hesab olunmur. Çünki hadisə ilə bağlı əsas suallar açıq qalır:
- İttihamların qurulmasına kim cavabdeh olub?
- İşgəncə altında alınmış ifadələr necə hüquqi sübuta çevrilib?
- Məhkəmələr bu materialları niyə qəbul edib?
- Bəraətlərdən sonra niyə yüksək səviyyədə real məsuliyyət müəyyənləşməyib?
Bu suallar cavabsız qaldıqca, “Tərtər işi” keçmişdə qalmış bir cinayət işi olmaqdan çıxır və Azərbaycanda hüquq sistemi, məsuliyyət mexanizmləri və cəzasızlıq mədəniyyəti ilə bağlı ən ağır sınaqlardan birinə çevrilir.
AİHM-in yekun qərarı hələ qabaqdadır. Amma artıq indidən görünən budur ki, Strasburq mərhələsi “Tərtər işi”ni yenidən faktlar müstəvisinə qaytarıb: burada söhbət yalnız 10 bəraət almış hərbçinin və ya iki ailənin fərdi ədalət axtarışından getmir, dövlətin işgəncə iddialarını necə araşdırması, ordudaxili nəzarəti necə qurması və məhkəmələrin etirafdan çox sübuta söykənib-söykənməməsi məsələsindən gedir.
Tərtər işi kommunikasiya mərhələsində