Azərbaycanda koronavirus və işsizlik: 600 min insan yardım alacaq, bəs nə qədər insan kənarda qalacaq – məlum deyil
ФОТО: Josh Appel
Karantin rejiminə görə işini itirən 600 min Azərbaycan vətəndaşına iki aya 223.5 dollar müavinət veriləcək. Müavinətin həcminin yaşayış minimumuna bərabər olmasını və veriləcək insanların sayını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edib.
Yardım üçün müraciətlər onlayn sistem üzrə həyata keçirilirdi və bugün bu proses dayandırılıb. İndiyə qədər 400 min nəfər artıq bu yardımı əldə edib, qalan müraciətlərə isə hələlik baxılır.
Əslində nə qədər insanın karantin üzündən işsiz qaldığı bəlli deyil.
Rəsmi iş yeri olmayan və ya iş müqaviləsi artıq sonlandırılan, həmçinin heç yanda qeydiyyatda olmayan, amma dövlətdən başqa müavinət də almayan bütün insanların bu müavinəti almaq üçün müraciət etmək hüququ vardı.
Verilən müavinətin məbləği aya cəmi 190 manat (113 dollar) təşkil edir. Bu məbləği əksəriyyət çox az hesab etsə də, ölkədə hətta bu cüzi məbləğə belə ehtiyacı olanlar daha çoxdur.
İnsanları karantin rejiminin pozulmasına görə cərimələrin yüksək olduğu halda verilən yardımın bu qədər az olması da narahat edir. Fiziki şəxslər üçün karantin rejimi tələblərinin polulmasına görə cərimənin minimum məbləği 100 manatdır – rəsmi yaşayış minimumunun yarısından bir qədər çox.
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: burda bir iş var? Şərh
- “Qayınanam komandirlik edir. Mən ona cavab qaytara bilmərəm” – Gürcüstanın Marneuli şəhərində karantin qadınların həyatını necə dəyişib?
İqtisadçı Toğrul Maşallı da hesab edir ki, karantindən ziyan çəkənlərin və bu yardıma ehtiyacı olanların sayı daha çoxdur:
“Hökumət nə qədər insana müavinət veriləcəyini çox təxmini müəyyən edib. 600 min nəfər rəqəmi sadəcə havadan götürülüb və həqiqi mənzərəni əks etdirmir. Nə müzakirə, nə tədqiqat, heç nə olmayıb. Ölkədə işsizlərin nə qədər olduğunu biz bilmirik”.
Aprelin 26-a olan rəsmi məlumata əsasən, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı 1645 nəfərdir, onlardan 21 nəfər ölüb, 1139 nəfər artıq sağalıb.
Mayın 4-ə qədər ölkədə karantin rejimi qüvvədədir. Müəssisə, təşkilat və kommersiya obyektlərinin əksəriyyətinin fəaliyyəti dayanıb. Həmçinin metro, parklar və bağlar bağlanıb. Evdən çıxmaq üçün vətəndaşların ya işdən arayışı olmalı, ya da hakimiyyətdən sms ilə icazə almalıdırlar.
Aprelin 27-dən karantin rejimi bir qədər yumşaldılıb – ticarət mərkəzlərində yerləşənlərdən başqa bütün digər mağazalar açılıb, sms icazənin müddəti gün ərzində 2 saatdan 3 saata uzadılıb.