Ermənistanla "müharibə yoxdur", amma müdafiəyə 8,8 milyard ayrılır: 4 milyard manatı nəyə gedəcək?
Azərbaycanın müdafiə büdcəsi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində noyabrın 4-də 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb. Layihəyə görə, müdafiə və milli təhlükəsizliyə 8 milyard 816 milyon manat ayrılır. Bu, büdcə xərclərinin 20,8 faizidir.
Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayında belə demişdi:
“Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir”.
Eyni çıxışda o, hərbi gücün artırılmasını “əsas vəzifələrdən biri” adlandırıb. Bu arada iki ölkə sülh sazişini hələ imzalanmayıb. Bakı bunun üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir.
Büdcənin gəlir tərəfi barədə sentyabrda yazmışdıq. Bu dəfə sual başqadır:
Müharibə yoxdursa, büdcənin beşdə biri nəyə gedir və bu pulun ən böyük hissəsi barədə nə məlumdur?
Rəqəmlər nə deyir?
Müdafiə və milli təhlükəsizlik xərcləri 2023-cü ildə 5,85 milyard manat idi, 2024-cü ildə 6,56 milyarda, 2025-ci ildə isə 8,07 milyarda çatıb. 2026-cı il büdcəsində bu xərc üçün 8,72 milyard manat ayrılıb, 2027-ci il layihəsində isə 8,82 milyard manat nəzərdə tutulur.
Dörd ildə xərclər təxminən 1,5 dəfə artıb, amma artım səngiyir: 2025-ci ildə 23 faiz idisə, gələn il 1,1 faiz nəzərdə tutulur. Hökumətin o vaxtkı ortamüddətli planında bu xərcin 2030-cu ildə 7,97 milyard manata enməsi göstərilirdi.
Məbləğ böyük olaraq qalır. Gələn il müdafiə iqtisadi fəaliyyətdən sonra ikinci ən böyük bölmə olacaq. Təhsilə 5,1 milyard, səhiyyəyə 2,08 milyard manat ayrılır, yəni ikisi birlikdə müdafiədən 1,6 milyard manat azdır.
Hər sakinə bölsək, müdafiəyə təxminən 858, səhiyyəyə 203 manat düşür. Büdcənin xərcləri gəlirindən isə 3,15 milyard manat çoxdur.
Bu il də mənzərə eynidir. Yanvar-sentyabrda Maliyyə Nazirliyinin məlumatına görə, müdafiəyə 5,25 milyard, təhsilə 3,12 milyard, səhiyyəyə 954 milyon manat xərclənib.
Azərbaycan regionda tək deyil. Azərbaycan hökümtinə yaxın Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, 2025-ci ildə hərbi xərclərin ÜDM-dəki payı Azərbaycanda 6,5 faiz, Ermənistanda 6,1 faiz olub. Dünya üzrə orta göstərici 2,5 faizdir. Bu göstəriciyə görə, iki ölkə dünyada altıncı və yeddinci yerdədir. Payın ən çox artdığı ölkələr sırasında Azərbaycan Ukraynadan sonra ikincidir: 1,4 faiz bəndi.
Müdafiə qüvvələrinin xərci 2026-cı il qanunundakı 2,99 milyard manatdan 2027-ci il layihəsində 3,37 milyarda qalxır. “Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər”lə bağlı xərcləmələr isə 4,5 milyard manatdan 4 milyarda enir. Milli təhlükəsizliyə ayrılan vəsait 0,52 milyarddan 0,48 milyarda düşür, sərhəd xidmətinin xərci 0,54 milyarddan 0,55 milyarda çıxır. Digər xərclər isə 0,16 milyarddan 0,41 milyarda qalxır.
Ən böyük məbləğ “xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər”ə ayrılıb. 2025-ci ildə buna 4,58 milyard manat xərclənib, yəni müdafiə bölməsinin 57 faizi. Halbuki 2023-cü ildə, Milli Məclisin müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun sözlərinə görə, büdcəyə edilən düzəlişlə 1 milyard manat əlavə olunandan sonra da bu xərclər 2,07 milyard manat idi. Gələn il pay 45 faizə enir, çünki pul azalır, müdafiə qüvvələrinin xərci isə 12,7 faiz artır. Bu xərcləmə il ərzində də dəyişə bilər: 2023-cü ildəki artım büdcəyə edilən düzəlişlə olmuşdu.
Bu pulun məqsədi layihədə ümumi şəkildə yazılıb: müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatı. Vəsait “qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq” yönəldilir.
Maliyyə Nazirliyinin 2026-cı il üçün “Vətəndaşın büdcəsi” sənədində bu xərc əsaslı xərclər sırasında göstərilir. Həmin il üçün xərcləmənin 4,5 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılan 3,5 milyard manatdan 1,3 dəfə çox, ünvanlı sosial yardıma ayrılan 465 milyon manatdan isə təxminən 10 dəfə çoxdur.
2026-cı il qanununda isə xərcləmənin bu sətri üçün ayrıca bölgü verilmir: hansı müqavilə, hansı təchizatçı, hansı silah növü olduğu görünmür. Müqayisə üçün, “Vətəndaşın büdcəsi”ndə hərbçilərin mənzil təminatına ayrılan 35 milyon manat, kirayə kompensasiyasına ayrılan 15,5 milyon manat ayrıca yazılıb. Bu iki maddə gələn il 50,5 milyon manatdan 29,7 milyon manata enir.
Hərbi alışların detalları bir çox ölkədə məxfi saxlanılır. Ayrı-ayrı alışlar barədə isə məlumat mediadan gəlir. Məsələn, İsrailin Elbit Systems şirkəti oktyabrda 235 milyon dollarlıq raket artilleriyası sazişini elan edib, alıcını isə qeyd etməyib. Calcalist alıcının Azərbaycan olduğunu yazır, şirkət bunu təsdiqləməyib. Pakistandan alınan JF-17 qırıcıları üzrə sazişin dəyəri isə 1,6 milyard dollar kimi yazılır.
Nəticədə büdcənin təxminən onda biri xərcləmənin bir sətrində toplanır və onun tərkibi ictimaiyyətə açıq deyil.
Hakimiyyət bunu necə izah edir?
Baş nazir Əli Əsədov sentyabrda bildirib ki, bu xərclər “həmişə olduğu kimi” büdcənin ən böyük xərclərindən biri olacaq. O, büdcənin 44 faizinin sosial yönümlü xərclər olduğunu da deyib.
Əliyev isə iki səbəb göstərib. Birincisi Ermənistandır. Paraflanmış sülh sazişinə və başlanan ticarətə baxmayaraq, o, tarixi hadisələri xatırladaraq deyib:
“…ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq”.
İkinci səbəb ətrafdakı müharibələrdir. Əliyevin sözlərinə görə, “həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə” yeni münaqişə ocaqları yaranır və onları dayandıracaq beynəlxalq mexanizm yoxdur. Ona görə, prezidentin sözləri ilə, elə güc əldə edilməlidir ki, “heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək”. Əliyev Qarabağın bərpası və insanların sosial vəziyyəti kimi “başqa ehtiyacların” da olduğunu qəbul edib, amma əlavə edib:
“Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”.
İqtisadçı Xalid Kərimli də oxşar fikirdədir: “Bu istiqamətdə hələ stabillik gözlənmir, gərginlik gözlənilir”.
“10 qat” rəqəmlərdə nə qədərdir?
Ermənistan hökumətinin 2027-ci il layihəsində Müdafiə Nazirliyinə təxminən 616,5 milyard dram, yəni təxminən 1,7 milyard dollar nəzərdə tutulur. Bu, 2026-cı ildə 563 milyard drama endirilmiş büdcədən 9,5 faiz çoxdur və 2025-ci il səviyyəsinə yaxındır. Azərbaycanın 8,8 milyard manatı isə təxminən 5,2 milyard dollardır.
Yəni fərq təxminən üç dəfədir. Bakının rəqəminə milli təhlükəsizlik və sərhəd xidməti də daxildir.
Ermənistanlı politoloq Suren Surenyants deyir ki, Bakı müharibədəki hərbi üstünlüyün siyasi nəticələrini möhkəmləndirməyə çalışır, çünki bu balans həmişəlik deyil. Amma onun fikrincə, Bakının yeni hərbi eskalasiyaya hazırlaşdığını söyləmək üçün yetərli məlumat yoxdur.
Beləliklə, sülh sazişi paraflansa da, gələn il hər iki ölkə hərbi xərclərini azaltmır. Ermənistanda artım 9,5 faiz, Azərbaycanda 1,1 faizdir.
Bəs, sazişin imzalanması hərbi xərcləri azaldacaqmı? Əliyevin “10 qat” fikrindən sonrakı cümləsi başqa istiqaməti göstərir:
“Necə ki, bu gün belədir, sabah da belə olacaq”.
Layihə komitələrdən sonra Milli Məclisin plenar iclasında müzakirə olunacaq. 2026-cı il qanununda 4,5 milyard manatlıq xüsusi sətir üçün bölgü verilməmişdi.
Azərbaycanın müdafiə büdcəsi