Azərbaycanda yenidən aliment fondunun yaradılması təklif olunub, amma dövlət bu yöndə hələ tələsmir
Azərbaycanda aliment ödəməkdən yayınma problemini həll etmək üçün artıq neçənci dəfədir ki, dövlət aliment fondunun yaradılması və alimentin həmin fonddan ödənilməsi təklif olunur. Bu günlərdə bu ideyanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova səsləndirib.
Aliment fondu nəyə gərəkdir?
Azərbaycanda ildən-ilə boşanmaların sayı artır. 2019-cu ilin yanvarından sentyabrına qədər ölkədə 12 mindən çox cütlük ayrılıb – ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 15 faiz çox.
Qanuna əsasən, boşanmadan sonra kişi uşaqları saxlamaq üçün keçmiş həyat yoldaşına rəsmi əməkhaqqının 25 faizi həcmində aliment ödəməlidir. Problem ondadır ki, Azərbaycanda bir çox işverənlər daha az vergi ödəmək üçün işçilərin rəsmi əməkhaqlarını realda ödədiklərindən daha az qeyd edirlər. Buna görə də vətəndaşın real gəlirləri heç yanda qeydiyyatdan keçmir, dövlətin tələb edə biləcəyi aliment məbləği də çox az olur.
Bəzi keçmiş ərlər isə sadəcə başqa ölkəyə gedir və bu yolla aliment ödəməkdən tamamən yayınırlar.
Belə hallarda qadınların öz işi, təhsili və ailədən kömək edəni yoxdursa, onlar acınacaqlı vəziyyətə düşürlər.
Buna görə də qadın və uşaqların problemləri ilə məşğul olan hüquq müdafiəçiləri artıq bir neçə ildir ki, aliment fondu yaratmağı təklif edirlər.
Aliment fondu necə işləyir?
Aliment fondu bir növ dövlətin pul daxılıdır, oraya büdcədən vəsait toplanır. Bu daxıldan keçmiş ərləri aliment ödəməkdən yayınan qadınlara aliment ödənir. Sonra isə fond özü ödənişdən yayınan şəxsi tapır və ondan borcunu geri alır.