Azərbaycanda tibbi maska qıtlığı artıq bitib
Azərbaycanda tibbi maska qıtlığı problemi həll edilib – sosial şəbəkələrdə gedən müzakirələrdən belə nəticəyə gəlmək olar.
Aprelin 13-ü səhər saatlarına olan rəsmi məlumata görə, Azərbaycanda 1089 koronavirusa yoluxma halı qeydə alınıb. 12 nəfər ölüb, 250 nəfər sağalıb.
“Evizimin yanındakı balaca aptekdə artıq maskanı əvvəlcədən sifariş verməyə ehtiyac yoxdur. Yerli istehsala aid olanları cəmi 30 qəpiyə [20 sentə yaxın] və hər adama 5 dənə olmaqla almaq mümkündür. Və bu yaxşıdır!”, – istifadəçilərdən biri Facebook-da yazıb.
- Bakı karantin zamanı necə görünür?
- “Kimin yaşayacağına, kimin öləcəyinə qərar vermək – mənə öyrədilənlər bu deyildi” – Nyu Yorkdan olan həkimin hekayəsi
- “Yaponlar kimi salamlaşmağa başlamışıq” – Azərbaycan regionları karantin rejimində necə yaşayır?
Bununla belə, o əlavə edir ki, yerli istehsala aid maskalar paçadan deyil, plastikə bənzər materialdandır. Amma “sifəti toxunuşlardan, asqırıq zamanı böyük damcılardan müdafiə edir və psixoloji effekt verir”.
Bakı kənarındakı qəsəbələrin birində yaşayan digər sosial şəbəkə istifadəçisi danışır ki, orada aptekə hər gün 200 maska gəlir və bir-iki saatın içində hamısı satılır.
Fevralın ortasından Azərbaycanda maska qıtlığı çox kəskin hiss olunurdu. Apteklərə maskalar gündə cəmi 40-50 dənə gətirilirdi, qiyməti də xeyli yüksək olurdu. Bu, ölkədə yerli maska istehsalının olmaması, xaricdən idxal eləməyin isə problemli olması ilə əlaqədar idi.
Aprelin 6-da isə Sumqayıt şəhərində maska istehsalı üzrə müəssisə açılıb. İlkin mərhələdə bu müəssisə gündə 120 min maska istehsal edir, yaxın zamanda isə günlük istehsalı 200-250 min maskaya çatdırmaq planlaşdırılıb.
- Koronavirus haqda hər şey
- Gürcüstanda epidemiya ilə mübarizə: əsas təhlükə kilsədir
- “Elə kobud cavab verdilər ki, elə bil borc istəyirəm” – pandemiya Azərbaycanda ticarət işçilərinə necə təsir edib”
Koronavirusdan qorunmaq üçün digər vasitələrə gəlincə, apteklərdə kifayət qədər sprit var. Pandemiya başlanandan spirtə olan tələbat da xeyli artıb. Hətta ərzaq mağazalarında da 6 manata [təxminən 3,5 dollar] litrlik spirt almaq mümkündür.
Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlıdır. Küçəyə çıxmaq üçün ya işdən arayış olmalı, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Bu icazə gün ərzində bir dəfə iki saatlıq verilir. 65 yaşdan yuxarı insanlara ümumiyyətlə evdən çıxmaq qadağan olunub. Bununla belə, ölkədə indiyə qədər fövqəladə vəziyyət elan edilməyib, buna görə də bütün bu qadağalar əslində qanunsuz hesab olunur.