Avtomobil biznesinin ən populyar sxemi: Avropa-Gürcüstan-Şimali Osetiya-Cənubi Osetiya-Rusiya
Hərbi Gürcüstan yolu, “Yuxarı Lars” keçid məntəqəsində növbəyə duran maşınlar
JAMnews Şimali və Cənubi Osetiyanın bir çox sakinləri ilə danışaraq, yerli avtomobil biznesinin “xəritəsi”ni tərtib edib: burda hansı maşınlara üstünlük verirlər, onları haradan və necə gətirirlər, qeydiyyatlarında hansı çətinliklər var və maşını gətirənlər və yerli sürücülər bu çətinlikləri necə həll edir.
• Şimali Osetiya – Gürcüstan: görünməyən əlaqələr
•“24 ildir yerin altında işləyirəm” – tətil edən metropoliten işçilərinin hekayələri
JAMnews-un həmsöhbətləri arasında Cənubi Osetiya DİN-nin keçmiş işçisi də var, adının hallandırılmasını istəməsə də, gəlirli avtomobil biznesinin incəlikləri və müəyyən detalları barədə məlumat verməyə razılıq verdi.
Ən populyar sxem aşağıdakı kimi görünür:
- Maşını Avropadan almaq,
- Gürcüstana çatdırmaq,
- Şimali Osetiyaya keçirmək,
- Cənubi Osetiyada qeydiyyatdan keçirmək,
- Rusiyada istifadə etmək.
Birinci addım – lazımi maşını tapmaq
Şimali və Cənubi Osetiyada avtomobil sevərlər, əsasən, ABŞ və Yaponiyadan xarici maşınlara üstünlük verirlər. Avtomobilləri vasitəçilərin köməyilə əldə edirlər, onlar lazımi maşını ixtisaslaşmış saytlardan axtarıb tapır.
Sonra müştəri ilə maşının çatdırılması üçün notarial müqavilə bağlanır, sifarişçi alışın pulunun ödənilməsi üçün lazım olan məbləği və çatdırılmaya görə müəyyən faiz verir – bununla da avtomobilin sifarişi rəsmiləşdirilir.
Hər gün Cənubi Osetiyaya təxminən 5-8 xarici avtomobil gətirilir, ən çox da işlənmiş – 10-15 illik. Bu maşınları dünyanın hər yerindən gətirirlər: Avropadan, Şimali Amerikadan və Yaponiyadan. Son zamanlar yapon maşınlarına xüsusi maraq var.
“Bu cür populyarlığın səbəbi qiymət və keyfiyyətin uğurlu ahəngidir. Yaponiyada simvolik 50-100 min rubla [təxminən $800-1,700] təkcə yapon deyil, həm də davamlı, yaxşı vəziyyətdə və nisbətən az işlənmiş maşın tapmaq olar”, – JAMnews-a müsahiblərindən biri deyib.
İkinci addım – çatdırılma
Demək olar ki, bütün sifarişlər (hər halda biz istisnaya rast gəlmədik) Gürcüstanın Qara dənizindəki Poti limanına gəlir. Sonra da tranzit əvvəlcə Gürcüstanla Rusiya sərhədində, “Yuxarı Lars” buraxılış məntəqəsində qeydiyyata alınır və maşın Vladiqafqaza yola düşür. Sonra onu dərhal Cənubi Osetiyaya göndərirlər və tranzit Rusiya və Cənubi Osetiya sərhədində, “Aşağı Zaramaq” buraxılış məntəqəsində tam qeydiyyatdan keçmiş sayılır.
Maşını sürənin xidmətləri müştəriyə təxminən 1,000 dollara başa gəlir.
Üçüncü addım – Sxinvalda maşının qeydiyyatdan keçirilməsi
Məhz bu cür – Şimali Osetiyaya Gürcüstan vasitəsilə gətirilən böyük sayda maşın sonra Cənubi Osetiyaya məhz orada “yerli qeydiyyata” düşmək üçün gəlir. Səbəb də odur ki, burada bu məsələ çox ucuz başa gəlir.
Rusiyada və Gömrük İttifaqının digər ölkələrində yeni və bahalı xarici maşınların gətirilməsinə görə sahibi gömrük ödəmələrinə bir neçə milyon xərcləməli olursa, Cənubi Osetiyada bu cür gömrük qeydiyyatı 100 min rubldan [təxminən $1,700] çox olmayacaq.
Sonra da maşın yiyəsi tam rahatlıqla Rusiya Federasiyasının istənilən yaşayış məntəqəsində, o cümlədən də Moskva və Sankt-Peterburqda yaşayış yeri üzrə öz maşınından istifadə edə bilər.
“Misal üçün, Şimali Osetiyanın minik avtomobillərinin 15 faizi Cənubi Osetiyada qeydiyyatdan keçmiş maşınlardır”, – JAMnews-a həmsöhbətlərindən biri bildirib.
Alan (ad dəyişdirilib) Vladiqafqazda yaşayır, Cənubi Osetiyada maşınını ucuz qeydiyyatdan keçirənlərdən biridir:
“Mənim “Mercedes-211” markalı maşınımı Rusiyada qeydiyyatdan keçirmək bir milyon rubla [təxminən $17,000] başa gələ bilərdi. Avtomobil nə qədər bahadırsa, onun qeydiyyatı da bir o qədər baha başa gəlir. Misal üçün, Rusiyada avtosalondan qiyməti 6 milyon rubl [təxminən $102,000] olan xarici maşını alsaz, qeydiyyata görə üstündən daha 3 milyon [təxminən $51,000] ödəməli olacaqsız.
Cənubi Osetiya pasportu düzəldib, qeydiyyata görə pul ödəmək, müvəqqəti icazə düzəltmək, sonra da, bir ildən sonra onu yenidən qeydiyyatdan keçirmək daha asandır.
Burada daha bir xeyir də var ki, avtomobil Cənubi Osetiyada qeydiyyatdan keçirilibsə, Rusiyada nəqliyyat vergisindən azad edilir, çünki Rusiya ərazisində xarici maşın sayılır.
Bundan başqa, yol hərəkəti qaydalarını pozanda, yol polisi əməkdaşlarının sürücülük vəsiqəsini almaq haqqı yoxdur. Bu da elə eyni səbəbdəndir: Cənubi Osetiya Respublikası xarici dövlət sayılır, Rusiyanın yol polisi əməkdaşlarının da buna haqqı yoxdur. Sənə cərimə yazılır, amma sənin həmin cəriməni Cənubi Osetiya ərazisində ödəmək haqqın var. Orada da bir qayda olaraq, heç kim cərimə ödəmir və təbii ki, sən də”.
Alan əmindir ki, Gürcüstanda avtomobil bazarını yaxşı tanısan, xarici maşını özün də apara bilərsən.
“Əsası odur ki, Cənubi Osetiya vətəndaşlığı olan etibarlı köməkçin olmalıdır. Sən maşını onun adına yazdırırsan, əvvəlcədən Sxinvalda bütün sənədləri – texniki pasportu, dövlət nömrələrini hazırlayırsan. Sonra Gürcüstana gedirsən, maşın alırsan, onu Vladiqafqaza sürürsən, Rusiyanın Yuxarı Lars ərazisində hazır sənədləri təqdim edirsən və avtomobili Rusiyaya, düz evinə qədər sürürsən”, – deyə o sxemi danışır.
Alanın sözlərinə görə, Cənubi Osetiyada gömrük, pasport idarəsi və Dövlət Avtomobil Müfəttişliyindən arayışlar 300 dollardan baha başa gəlməyəcək.
JAMnews-a müsahibə verən Cənubi Osetiya DİN-nin Dövlət Avtomobil Müfəttişliyinin keçmiş işçisi bildirdi ki, ona tanışları dəfələrlə qeydiyyat məsələsində “qardaşcasına” kömək etmək xahişilə müraciət ediblər.
Buna görə də Cənubi Osetiya nömrəli çox bahalı avtomobillər heç kimi çaşdırmamalıdır – əksər vaxtlarda bu maşınların sükanı arxasında Cənubi Osetiyanın birdən birə varlanan sakinləri deyil, adətən, Şimali Osetiyanın və ya Şimali Qafqazın digər respublikalarının və ya Rusiyanın digər regionlarının nümayəndələri əyləşir.
Elə həmin həmsöhbətimiz bildirdi ki, Cənubi Osetiyada qeydiyyatda həqiqətən eksklüziv maşınlar da var. Misal üçün, Şərqi Avropada 2,000 at qüvvəsi olan işlənmiş mühərrikli yeganə “Lamborghini” markalı supercar məhz Cənubi Osetiyada qeydiyyatdan keçib.