Şübhələr və qorxular fonunda turizm və ticarət. JAMnews-un müxbirləri mürəkkəb Gürcüstan-Osetiya kontekstini yerində öyrənirdilər. " />

Şimali Osetiya – Gürcüstan: görünməyən əlaqələr

Şübhələr və qorxular fonunda turizm və ticarət. JAMnews-un müxbirləri mürəkkəb Gürcüstan-Osetiya kontekstini yerində öyrənirdilər.

Vladikavkaz, Aprel 2017-ci il. Tamara Arkqatseva, JAMnews

Gürcüstan və Şimali Osetiya-Alaniya Respublikası (Rusiya Federasiyasının subyekti) yaxın qonşulardır. Onların paytaxtları – Vladikavkaz və Tbilisi bir-birindən təxminən iki yüz kilometr aralıda yerləşir.

1990-cı illərin əvvəllərində Gürcüstan-Cənubi Osetiya münaqişəsi və Cənubi Osetiya ətrafında 2008-ci il müharibəsi əslində qonşuların dost və işgüzar münasibətlər saxlamasına mane olmalıydı.

Amma görünən odur ki, bu, heç də belə deyil. Rusiyanın regionunu qonşu ölkə ilə yenə də fəal inkişaf edən turizm, ticarət və kəsilməyən qohumluq münasibətləri bağlayır.  

Gürcüstandan müstəqilliyini elan edən və Rusiya tərəfindən 2008-ci ildə müstəqil dövlət kimi tanınan Cənubi Osetiya hələ də Gürcüstanla sərhədi bağlı saxladığı bir vaxtda Rusiyanın Şimali Osetiya regionu özünün Tbilisi ilə əlaqələrini məhdudlaşdırmır.  

Bundan başqa, Şimali Osetiya bu gün Rusiya ilə Gürcüstan arasında əsas və yeganə leqal işləyən yerüstü qapıdır.  

Yuxarı Lars sərhəd keçidi 2006-cı ildən təmirə bağlanıb, bu da Rusiya –Gürcüstan münasibətlərinin kəskin şəkildə pisləşməsi ilə üst-üstə düşüb və təbii ki, bilavasitə qonşuların da qarşılıqlı münasibətlərinə çox pis təsir edib və onların əlaqələri də az qala sıfıra endirilib.  

Keçid 2010-cu ildə açıldı, Gürcüstan həm də bütün Rusiya vətəndaşları üçün vizasız rejim tətbiq etdiyi üçün (birtərəfli qaydada, Gürcüstan vətəndaşları Rusiyaya getmək üçün viza almalıdır) ölkələr arasında ticarət və insanlar arasında münasibətlər də xeyli canlandı.

Vladikavkazda da Gürcüstanda istirahət etmək dəb halını aldı.

Turizm – Vladikavkazdan Gürcüstana

Vladikavkazda çoxları deyir ki, Gürcüstan səyahət etmək üçün populyar bir istiqamətdir. Özü də məqsəd təkcə xizək sürmək və Qara dəniz çimərliklərində qaralmaq deyil. Yerli sakinlər deyirdi ki, Gürcüstan onlara həm də öz tarixi, mədəniyyəti və əyləncə infrastrukturu ilə maraqlıdır.  

Bu zaman da Gürcüstanda istirahətin keyfiyyəti birmənalı qiymətləndirilmir ki, bu da gözləniləndir.

Evdar xanım Alyona öz ailəsiylə birlikdə Gürcüstana ilk dəfə ötən il gəlib, yoldaşı və iki övladı ilə birlikdə dənizdə dincəliblər. Deyir ki, xoşuna gəldi və ailə bu mövsümdə də öz məzuniyyətini orada keçirmək istəyir:

“Evi düz dənizin qırağında tutduq, amma yeməyi özüm hazırlayırdım. Evdən özümüzlə kartof, makaron, pendir, hətta qab-qacaq da gətirdik. Lazım olan ərzaqları yerində alırdıq. Təbiət gözəldir, istirahət bizə ucuz başa gəldi. Yerli sakinlərlə münasibətlər neytral idi, heç kim heç kimə mane olmurdu. Bu il yenə də ailəlicə Gürcüstanda dincəlməyə hazırlaşırıq”.

İxtisasca iqtisadçı olan 35 yaşlı Zalina iki il əvvəl gürcü rəfiqəsinin dəvətiylə Gürcüstanın populyar kurortu olan Kobuletiyə, dənizdə dincəlməyə gedib. Amma istirahətin keyfiyyətindən narazı qalıb, deyir ki, bir daha ora getməyəcək:

“Gürcüstanda iş yoxdur. İnsanlar qonaqpərvər deyil, kişilər işlə məşğul deyil, xüsusən də kənd yerlərində, çox içirlər. Mənə qarşı münasibət daha çox neytral idi, nəinki mehriban. Mənim osetin olmağım onları ümumiyyətlə maraqlandırmırdı. Amma Gürcüstanın lovğalandığı qonaqpərvərliyi, mehribanlığı da orada görmədim”.

Gürcüstanda osetin turistlərinin aqressiya ilə qarşılaşa bilməsi qorxusu haqqında bizə çoxları danışıb. Vladikavkazdakı adının hallanmasını istəməyən turizm şirkətlərindən birinin rəhbəri dedi ki, “az qala bütün osetinlərimiz əvvəlcə orada özlərini narahat hiss edirlər. Amma sonra da mənə deyirlər ki, orada heç kim münaqişədən söz salmır, orada sakitlikdir. Yəni qorxular itir”.  

Bu iş adamı bildirir ki, çoxları Gürcüstanda istirahət edəndən sonra ora təkrar-təkrar qayıdırlar. Öz təcrübəsinə əsaslanaraq deyir ki, daha çox dənizdə istirahət populyardır: “Ailələr Batumidə və ya ona qonşu olan şəhərciklərdə istirahət etməyi sevirlər. Orada misal üçün, Krasnodar vilayəti ilə müqayisədə dincəlmək üç dəfə ucuzdur”.

Batumi Gürcüstanda turistlər üçün ən populyar yerlərdən biridir. Vladikavkazda bir neçə nəfər dedi: “Çimərliklər böyük olsaydı. Orada yer dəhşətli dərəcədə çatmır”. Foto JAMnews

Murat fəal istirahəti sevir. Onun ən sevdiyi istirahət geri Gürcüstanın dağ-xizək kurortu olan Qudauridir.

“Osetiyada yeganə dincələ bildiyin dağ-xizək kurortu Tseydir. Traslar orada ideal olsa da xidmət səviyyəsi aşağıdır, qiymətlər də çox bahadır. Tibbi xidmət ümumiyyətlə yoxdur; bütün infrastruktur köhnədir. Tseya iki saat yoldur – təxminən həmin müddətə də Qudauriyə çatmaq olar. Orada şərait, servis, xizək trasına xidmət əladır, yemək üçün qiymətlər də Tseydən xeyli ucuzdur. İndi Kobedə yeni kanat yolu açırlar. Maşını Kobedə saxlayıb, kanat yolu ilə Qudauriyə getmək olar”.  

Çoxları bizə həm də Kazbeki seçdiyini dedi. Bu seçimə dövlət sərhədini keçmək məcburiyyəti belə təsir etmir. “Yuxarı Lars” nəzarət-keçid məntəqəsində həm də Ukrayna, Belarus və Rusiyadan olan turist axını var və burada, xüsusən də Rusiya tərəfində növbənin uzunluğundan asılı olaraq, bir neçə saat gözləməli olursan.  

Vladikavkaz, Aprel 2017-ci il. Tamara Arkqatseva, JAMnews

Xatuna gənc enerjili qadındır. Deyir ki, “kökləri Gürcüstandandır”.

“Biz osetinik, amma əcdadlarımız Gürcüstanda – Kaxeti regionunda, Axmeti rayonunda yaşayıb. 1990-cı illərdə [münaqişə başlayanda] atam Şimali Osetiyaya köçdü. Burada anamla evləndi, anam Cənubi Osetiyadandır. Mənsə artıq Vladikavkazda anadan oldum”.

Xatuna deyir ki, ilk dəfə Gürcüstanda 11 yaşında olub – ailəsi ilə birlikdə Kaxetiyaya qohumları gilə gedib.  Bu səfər haqqında çox xoş xatirələri qalıb. Artıq böyüyəndən sonra da Gürcüstana təkbaşına gedib.

“Qohumlarım mənə bütün ölkəni və Tbilisini göstərdilər, həm qərb, həm də şərq hissəsində oldum. Hətta yüksək dağ kəndlərinə də getdim. Orada artıq osetin kəndləri çox azdır, demək olar ki, yoxdur. Çox sayda rusiyalı və xarici turistlərə rast gəldim”.

Xatunanın səfərdən xoşu gəldi: “Yeməklər dadlıdır, restoranlarda yemək belə baha deyil. Təbiəti zəngindir, çox gözəldir”. Amma çox şeydən də məyus olduğunu deyir.  

“İnsanların kasıb yaşaması xoşuma gəlmədi. Hətta professorlar belə yeraltı keçidlərdə xırda-xuruş alver edirlər. İş məsələsi orada çox çətindir, maaş və pensiyalar çox azdır. Varlı insanlar təbii ki, yaxşı yaşayır. Orada yaşıdlarım danışırdı ki, bizdə olmaq istərdilər, onlara da bizim necə yaşadığımızı görmək maraqlıdır. Gənclər rus dilini demək olar ki, bilmir və Qərbə aid hər şeydən xoşlandıqları da xoşuma gəlmədi. Qızlar açıq şəkildə siqaret çəkir, davranışları Qafqaza uyğun deyil. Məndə belə bir təsəvvür yarandı ki, onlar artıq gürcü deyillər, amma hələ avropalı da olmayıblar. Gürcüstan çox dəyişib”.

Ticarət – Gürcüstandan Vladikavkaza

Şimali Osetiyanın xarici ticarət əlaqələri olduğu ölkələr siyahısında Gürcüstan dominantlıq təşkil edir. “Gürcüstandan sonra Çin, Çexiya Respublikası, Türkiyə və Cənubi Osetiya gəlir”, – bu siyahını 12 aprel 2017-ci il tarixində Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Osetiyadakı nümayəndəsi Baqir Mamiyev gətirdi.  

Yerli sakinlərlə söhbətlər zamanı belə bir təəssürat yaranır ki, Gürcüstanla – və ya Gürcüstan vasitəsiylə – ticarətə əsasən bu ölkədən olan osetin qaçqınları cəlb edilib, onlar öz yurdlarını 1990-cı illərdə tərk ediblər, öz dediklərinə görə, o vaxtkı prezidenti Zviad Qamsaxurdianın milli siyasəti və Gürcüstan-Cənubi Osetiya münaqişəsinə görə.    

Bu osetinlərə doğma torpaqlara getmək daha rahatdır və Gürcüstanda onların həm qohumluq, həm də dostluq əlaqələri qalıb. Bu əlaqələr də birgə iş qurmağa kömək edir.

“Yerli sakinlərimiz arasında Gürcüstanda, kurort yerlərində daşınmaz əmlak alanlar da az deyil. Bu, münasibətlərin bərpa olunmasından xəbər verir”, – Vladikavkazdakı turist şirkətlərindən birinin elə həmin rəhbəri danışır.  

RF-nin Şimali Osetiya üzrə Statistika Xidmətinin məlumatlarına əsasən, respublikanın Gürcüstanla ticarət əlaqələri Yuxarı Lars keçid məntəqəsi açılandan sonra, yəni 2010-cu ildən ta 2014-cü ilə qədər dayanmadan artıb (bu, xidmət tərəfindən açıqlanan son məlumatlardır).

  • 2010-cu ildə Gürcüstanla Şimali Osetiya-Alaniya Respublikası arasında dövriyyə 1 milyon 800 mil dollar təşkil edib.
  • 2014-cü ildə bu, artıq 6 milyon 200 min dollardan çox olub.
  • 2014-cü ildə respublikanın xarici ticarət dövriyyəsinin 15%-dən bir az çoxu Gürcüstanın payına düşürdü.  

Çox güman ki, rəsmi statistika hələ Vladikavkazla Tbilisi arasında ticarət əlaqələrindəki vəziyyəti tam əks etdirmir. O cümlədən, ofşorlar və Moskvadakı firmalar vasitəsiylə həyata keçirilən ticarət əlaqələrini demək olar ki, nəzərə almaq mümkün deyil, halbuki onların payı kifayət qədər böyükdür.

Bu zaman həmin o Gürcüstandan olan osetin qaçqınlarının daha çox cəlb olunduğu xırda alver də nəzərə alınmır.

Vladikavkaz bazarlarındakı alverçilərin sözlərinə görə, Gürcüstandan Rusiyaya daha çox kənd təsərrüfatı məhsulları, “Borjomi” mineral suyunu, limonad və çaxır gətirirlər.  

Gürcüstanın “Borjomi” şirkətinin “Tbilisi necə dəyişirdi” adlı layihəsindən foto

“Borjomi”nin Rusiyaya gətirilməsi hüququ “Alfa Qrup”a məxsusdur, amma onu xırda partiyalarla, ümumilikdə isə çox böyük həcmdə xırda ticarətçilər də gətirir.  

Malı Tbilisinin və Gürcüstanın digər şəhərlərinin bazarlarında alır, Vladikavkaza gətirir və alverçilərə satırlar. Vladikavkazın supermarketlərində gürcü limonadı və çaxırını almaq olar.

“Daryal” İctimai Təşkilatının rəhbəri Qairbek Salbiyev Gürcüstanın Kazbek rayonunda osetin kəndlərində anadan olanların problemləri ilə məşğul olur. O, bu cür kortəbii sərhəd alverindən narazıdır və hesab edir ki, yerli bazarda gürcü mallarının əvəzində Rusiya regionlarının məhsulları satılsa daha yaxşı olar.    

“Respublika Gürcüstanın malı olmadan da keçinə bilər, bu bizneslə ayrı-ayrı adamlar öz şəxsi mənfəəti üçün məşğul olur, onlar korrupsiya sxemləri ilə Gürcüstandan xırda partiyalarla mal gətirirlər”.

“Gürcüstandan mallar sənədləşdirilməli, istənilən idxal məhsulu kimi onların aksiz markaları olmalı, nəzarətdən keçirilməlidirlər. Bütün bunlar isə yoxdur və mağazalara şübhəli mənşəyi və keyfiyyəti olan mallar gətirilir”, – Salbiyev deyir.

O hesab edir ki, qonşular arasında iqtisadi münasibətlərin normal inkişafına bir çox osetinlərin öz vətənlərinə – Gürcüstana qayıda bilməməsi mane olur.

“Gürcüstanın kurortlarının rentabelliyi və Şimali Osetiya ilə Gürcüstan arasında ticarət münasibətləri o halda artardı ki, rəsmi Tbilisi osetinləri əsrlər boyu yaşadıqları torpaqlara – Qud dərəsi, Kobi, Trusov dərəsinə qaytarardı. Osetin əhalisini onların doğma yurdlarına, atılmış evlərinə  buraxsaydılar, osetinlər və gürcülər daha tez ümumi dil tapardı. Aramızda tarixi əlaqələr artıq var”, – Qairbek Salbiyev deyir.

“Gürcüstanın kurortlarında olan əksər adamlar sonra sual edir: niyə bizim Osetiyada turizmin, xüsusən də dağ turizminin inkişafı üçün heç nə edilmir?”, – Gürcüstana turların təşkili ilə məşğul olan vladikavkazlı iş adamı deyir. Foto: Tamara Arkqatseva, JAMnews

2014-cü ilə qədər statistika qonşular arasında ticarət dövriyyəsinin sürətlə artmasından xəbər verirdisə, son üç il ərzində Şimali Osetiyadan ixracın həcmi stabil olaraq azalır.

Respublikanın əsas ixrac malları metallar (o cümlədən, sink və qurğuşun), onlardan məmulatlar, başqa xammal, həm də kənd təsərrüfatı məhsullarıdır.

Daha bir biznes də çiçəklənirdi – Gürcüstana xarici maşınlar üçün ehtiyat hissələri almaq üçün səfərlər. Amma bu biznes də Rusiyada xarici maşınların  gətirilməsi rüsumu artırılandan sonra süquta uğradı. “Bizi geri “jiquli”lərə qaytarmaq istəyirlər”, – bizi sərhədə aparan taksi sürücüsü məsələni qısaca belə şərh etdi.

Vladikavkazda özünün ictimai əhəmiyyətli layihələri ilə tanınan Tamerlan Tsomayev deyir ki, Şimali Osetiya-Gürcüstan istiqamətinin həm ticarət, həm də turizm baxımından yaxşı perspektivləri var.

“Biz də Gürcüstana mal – dən, buğda, qarğıdalı, pivə, alkoqol içkilər, çaxır və brendi üçün xammal göndərə bilərik”.

“Osetinlərin həm də gürcülərlə böyük tarixi əlaqələri var. Bu, həm şahzadə Burduxan, həm çariça Tamara, həm çar David-Soslandır. İmkanların realizəsi üçün münasibətlər bərabərhüquqlu və düşünülmüş olmalıdır”.

Şimali Osetiya ilə Gürcüstan arasında sərhəddə Yuxarı Lars keçid məntəqəsi, iyul  2016-cı il. Foto: Alan Tsxurbayev, “Kavkazski uzel” 
Facebook Comments

More on JAMnews