Hava, soyğunçular, DAM
Rusiyadan olan iki turist ailəyə qarşı quldur hücumunda şübhəli bilinənləri yaxalamaq üçün Abxaziya hüquq-mühafizəçilərinə bir həftədən az vaxt lazım oldu. Bu hücum zamanı moskvalı Andrey Kabanov qətlə yetirilib. Ölkə prezidenti Raul Xajimba istintaqı öz şəxsi nəzarətinə götürüb: niyə? Bu hadisənin KİV-də rezonans doğurması ölkənin turistik nüfuzuna xələl gətirib və büdcə gəlirlərinin təxminən 10 faizini formalaşdıran sahəyə bu, çox tez təsir edib. İnsident respublika hakimiyyətini kriminaldan başqa turist axınına mənfi təsir göstərən digər amillərə də daha diqqətli yanaşmağa vadar edib. Bu amilləri sadalayıblar da: rusiyalıları soymaqla məşğul olan Dövlət Avtomobil Müfəttişliyinin (DAM) fəaliyyəti və 2017-ci ildə hava şəraitinin pis keçməsi. “Novaya qazeta”nın xahişi ilə Jam News-un əməkdaşı Dmitri Stateynov turistik xidmət bazarı iştirakçılarının rəyini öyrənib və turistlərin özləri ilə də danışıb: Abxaziyada istirahət zamanı onlar nələrlə qarşılaşıblar?
Turistlərə hücum
İyulun 11-də Abxaziyanın Qudaut rayonunda Aapsta çayının kənarındakı çimərlikdə odlu silah və bıçaqla silahlanmış iki maskalı naməlum şəxs bir qrup moskvalı turistə hücum edib. Qurbanlar dörd azyaşlı uşaqları olan iki gənc ailə – Kabanovlar və Çijikovlar olub. Doğmalarını qorumağa çalışan Andrey Kabanov canilərin üstünə atılıb, amma sinəsindən bıçaq yarası alıb. Bundan sonra banditlər onlardan dəyərli əşyalarını və pullarını tələb ediblər. Nikolay Çijikov deyib ki, onun ancaq kartında pul var, bundan sonra rusiyalı turisti yaxınlıqdakı bankomata göndəriblər ki, pulu çıxarsın. Uşaqları və qadınları isə girov götürüb özlərilə meşəyə aparıblar. Qan içində olan Andrey Kabanov sahildə qalıb. Onun qışqırığına yerli sakinlərdən biri gəlib, onu xəstəxanaya aparıb, amma yaralı elə oradaca keçinib. İki gündən sonra milis əvvəlcə şübhəlilərdən birini, sonra isə ikincisini də yaxalayıb. Saxlanılanlar Cincoliya qardaşları olub. 29 yaşlı Adqur və 30 yaşlı Daur hər şeyi etiraf edib.
Qorxdunuz?
Rusiyanın Abxaziyadakı səfirliyi ölkədə kriminogen vəziyyətin ağırlaşması ilə bağlı xəbərdarlıq edib və rusiyalılara yüksək dərəcədə ehtiyatlı olmağı tövsiyə edib. Andrey Kabanovun qətlində sonrakı ilk günlərdə Rusiyadan olan turistlər hətta Abxaziya putyovkalarından imtina edirdilər, 2Abxaziya Turizm İttifaqı2nın prezidenti və turagentlik sahibi Anna Kalyaqina etiraf edir. Amma sonra sakitləşiblər.
“Xəbər bütün Rusiya KİV-ə yayılandan sonra ilk iki-üç gün bəzi otel və turfirmaların işi axsadı, turistlər bronu ləğv edir, putyovkadan imtina edirdilər. İndi yenidən müraciət etməyə başlayıblar. Bizim turfirmada iyirmi nəfər putyokkadan imtina etmişdi, bunlar əsasən uşaqlı ailələr idi, amma biz onlara izah edirdik ki, turistin qətlə yetirilməsi hadisəsi ölkəmizdə uzun illər ərzində ilk hadisədir və bu istisna haldır. əticədə imtina edənlərin yarısı Abxaziyada istirahətin xeyrinə fikrini dəyişdi”, – o deyir.
Suxumdakı özəl mehmanxana sahibi Astanda deyir ki, onun qonaqları qətl günü çamadanlarını toplayıblar. “Mən onları güclə fikirlərindən daşındırdım. Onlar sakitləşdilər, qaldılar, amma mən görürəm onlar məzuniyyətin sonunu necə gözləyirlər. Başqa ikisi səfərdən imtina etdi, qalanları isə yenə də gəlməyə hazırlaşır”, – o deyir.
Təhlükəli Abxaziya? Rəsmən yox
Hər kurort mövsümündən sonra Abxaziya DİN-nin dərc etdiyi statistikaya əsasən hüquq-mühafizə orqanları situasiyanı nəzarətdə saxlayırlar. Məsələn, 2015-ci ilin mayından avqustuna qədər respublikada qonaqlara qarşı 343 cinayət törədilib (böyük əksəriyyəti – oğurluq və soyğun), onlardan 43-nün üstü açılıb. Növbəti 2016-cı ildə isə ancaq 66 cinayət qeydə alınıb, onlardan da 34-nün üstü açılıb.
Düzdür, şəxsi söhbətlərdə Suxum şəhərinin sakinləri və qonaqları deyirlər ki, rusiyalı turistlər rəsmi statistikada göstəriləndən daha çox cinayətkarların qurbanı olur, sadəcə çoxu milisə müraciət eləmir. Əsasən bunlar küçədə, kafe və çimərliklərdə baş verən xırda oğurluq hadisələridir – pulqabı, çanta, texnika. Son zamanlarda isə mənzil soyğunları da çoxalıb.
“Günün günorta çağı evimə iki adam girmək istəyirdi. Kiminsə qapımı qurdaladığını eşitdim, yaxınlaşıb gözlükdən baxdım, iki kapüşonlu cavan oğlan gördüm. Qışqırmağa başladım, onlar da getdilər”, – Suxumda dincələn Sankt-Peterburq sakini danışır.
“Qonşumun evində nə varsa, hamısını günün günorta çağı apardılar, bircə mebel qalmışdı. Ev sahibi evdə olmayanda qapını açıb, daşıyıblar”, – yerli sakin danışır.
İki hadisənin heç birində milisə müraciət olunmayıb.
“Ötən il canilər bizim evimizdə kirayədə qalan istirahət edən bir qadının əlindən çantasını almışdılar. Onları tutub milisə apardılar, istirahət edənlər ərizə yazdılar, səhəri gün isə həmin banditlər yenə bizim rayonda gəzirdilər. Milisə baş qoşmağın nə mənası var ki? Onsuz da heç kimi cəzalandırmayacaqlar”, – Suxumun rayonlarından birinin sakini şikayətlənir.
Görünür ki, DİN-də problemi dərk edirlər – bu il məzuniyyət mövsümü dövründə insanların kütləvi toplaşdığı yerlərdə milis nəzarəti gücləndirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, milis əməkdaşları turistlər arasında populyar olan marşrutlarda, o cümlədən sahil zonaları və çay mənsəblərində patrul xidməti çəkirlər. Sözügedən hücum hadisəsi də elə bu cür yerlərdən birində baş verib.
1992-93-cü illər gürcü-abxaz müharibəsindən sonra əhalinin əlində qalan odlu silah və sursatlar problemin bir hissəsidir. Bu silahlar heç bir qeydiyyatdan keçirilməyib və tez-tez kriminal məqsədlər üçün istifadə olunur. DİN mətbuat xidmətindən deyirlər ki, qeydiyyata alınmış silahların siyahısının daxil edildiyi elektron baza mövcuddur. Amma qeydiyyata alınmayanların sayı məlum deyil.
Ucuz, amma narahat
240 minlik Abxaziya Rusiyadan gələn turistlər üçün ilk növbədə ilq dəniz və viza tələbinin olmamasıdır – respublikaya Rusiyanın daxili pasportu ilə gəlmək mümkündür. Rusiya Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə Abxaziyanı 4 milyondan çox rusiyalı ziyarət edib, bu ölkə rusiyalılar üçün ən populyar xarici səyahət məkanlarından biridir, “İnterfaks” xəbər verir. Rusiya Statistika Xidməti sərhədi keçən hər kəsi nəzərə alır, Abxaziya Turizm Nazirliyi isə yalnız otellərdə və özəl sektora aid məkanlarda gecələyənləri hesaba alır. Buna görə də Suxum ötən ilki turist axınının milyon yarım nəfərdən ibarət olduğunu bildirir. Son 2 il yerli turizm biznesi üçün ümumiyyətlə rekord olub. 2016-cı ildə rəsmi olaraq turistik xidmətlər Abxaziya büdcəsinə 2,57 milyard rubl gəlir gətirib, bu da respublika iqtisadiyyatının 8 faizi deməkdir.
Mehmanxana sahiblərinin, icarədarların birbaşa vergi ödəmələrindən savayı respublika turistlərin alverindən və xidmətlərdən istifadəsindən də dolayı gəlir əldə edir. Düzdür, bu gəlir vergidən yan ötür: “Turizm hesabına Abxaziyada dövriyyəyə 6-8 milyard rubl arası vəsait daxil olur və əsasən vətəndaşlarımızın əlində qalır, onlar da bu vəsaitlə sonradan mehmanxana, kafe, restoran tikirlər”, – Kurortlav və Turizm naziri Avtandil Qartskiya danışır.
Amma 2017-ci ildə trend Abxaziya kurortlarının ziyanına dəyişib. Apreldə Qartskiya rusiyalılar tərəfindən otel sifarişlərinin azaldığını bildirmişdi. Yaya doğru trend daha aydın göründü. İyunun əvvəlində Suxumda “Abxaziya Turizm İttifaqının” iclasında otel sahibləri qiymətlərin 20 faiz ucuzlaşdırılmasına baxmayaraq, mühmanxanaların dolması 30 faizdən 80 faizə qədər azalıb. Mütəxəssislər qeyd ediblər ki, şəhərlərdə infrastrukturun pis vəziyyətini və xidmət personalının qıtlığını qeyd ediblər. Abxaziya turizm firmalarının rəhbərləri yalnız putyovkaların deyil, həm də ekskursiya marşrutlarının satış səviyyəsinin azaldığı ilə bağlı şikayətləniblər. Rusiya turoperatorları elə o vaxt bildirmişdilər ki, 2017-ci ilin yayı üçün Abxaziyaya səfərə tələbat 15-20 faiz azalıb.
Qartskiya hesab edir ki, turistləri pis hava şəraiti və Abxaziya haqqında neqativ məlumatlar qorxudub. “Bu ilin iyunu çox yağmurlu keçdi, dəniz soyuq idi. Turizm sahəsinə təsir edən ən vacib amillərdən biri də turistin yollandığı bu və ya digər ölkə haqda gedən xəbərlərdir. Siz bir ölkəyə gedəndə əvvəlcədən onun haqqında öyrənirsiz, təcrübəli insanların rəylərinə baxırsız, bütün KİV mənbələrinin yaydığı və çoxdan yoxlanılmamış olan neqativ məlumat çox təsir edir”, – Qartskiya “Sputnik Abxaziya”ya müsahibəsində bildirib.
Avtomobil idarə edənlərin bu siyahıya əlavələri var. Çox vaxt Abxaziyaya şəxsi avtomobillə gəlirlər (Moskvadan Suxuma 1800 km məsafə, iki günlük yoldur), amma yerli DAM əməkdaşları Rusiya nömrəli maşınlara xüsusi diqqət yetirir. Rusiya vətəndaşlarından DAM əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı daxil olan çoxsaylı müraciət və şikayətlərə görə daxili işlər naziri xüsusi əmrlə bu yay YPX postlarından kənarda əcnəbi nömrə-nişanlı avtomobilləri saxlamağı və onlardan zorla pul almağı qadağan edib. Nəticədə iyunda DAM-ın 60 nəfər əməkdaşı işdən getmək haqda raport yazıb.
Keçirilən iclasda prezident baş verənləri biabırçılıq adlandırıb və qeyd edib ki, “əgər DAM turistlərə qarşı işləyirsə, deməli, dövlətə qarşı işləyir”. Xeyri olmadı. “Prezidentin çıxışını görmüşdüm”, – rostovlu Kiril deyir. – “Düşündüm ki, indi artıq bu yoldaşlar bizi saxlamayacaqlar. Amma yox, bir neçə gün sonra icazə olmayan yerdə yol milisi məni saxladı və bildirdi ki, xətti keçmisən. Həmin yeri göstərib, dedim ki, orda heç bir xətt yoxdur, o isə ayaqüstü yeni pozuntu tapmağa çalışır ki, məndən pul qoparsın. Nəticədə o məni buraxdı, amma naxoş duyğu qadı içimdə. Görünür ki, prezidentin və nazirin sərəncamları onların heç vecinə də deyil”.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır