Onlar bir neçə aydır ki, maaşlarının qaldırılmasını tələb edirdilər, bu gün isə metronu dayandırdılar " />

“24 ildir yerin altında işləyirəm” – tətil edən metropoliten işçilərinin hekayələri

Onlar bir neçə aydır ki, maaşlarının qaldırılmasını tələb edirdilər, bu gün isə metronu dayandırdılar

Tbilisi metrosunun işçiləri – maşinistlər, nəzarətçilər və başqaları bir neçə aydır ki, tətil etməyə hazır olduqları barədə xəbərdarlıq ediblər. Onlar maaşlarının 45 faiz artırılmasını tələb edirdilər və iyunun 3-də… axşam, iş günü bitəndən sonra tətilə başladılar.

İyunun 4-ü səhər metro artıq işləmirdi. Paytaxtda hərəkət etmək çətinləşdi. Avtobus və marşrutlar dayanacaqlarda yaranmış növbənin öhdəsindən gələ bilmirdi. Sürücülər bəzi dayanacaqları iqnor etməli olurdu – maşınları dolu olurdu.

Tbilisi meri Kaxa Kaladze yaranmış vəziyyətdə tətil edənləri günahkar görür. O bildirib ki, tətil şəhər sakinlərinin həyat şəraitini çətinləşdirib. Meriya metro işçilərinin tələblərini yerinə yetirməkdən imtina edir və əvvəlcə danışıqlara getməkdən boyun qaçırırdı. Onlarla hakim “Gürcü arzusu” partiyasının deputatı Beka Nasvlişvili görüşdü. Onun sözlərinə görə, tətil etmək hər bir ölkə vətəndaşının hüququdur, meriya birinci addım atmalı və danışıqlara başlamalıdır.

“Gənc hüquqşünaslar assosiasiyası” QHT-nin rəhbəri Sulxan Saladze nəqliyyat durğunluğunda tətil edənləri deyil, meriyanı günahkar görür, çünki meriyanın planlaşdırılan tətil barədə bir ay əvvəldən xəbəri varıydı və “bu vaxt ərzində metronun dayandığı halda kollapsın qarşısını almağa imkan verən tədbirlər görməli idi”.

“Bu cür tətillər başqa ölkələr və başqa şəhərlərdə də olur. Metro işçilərinin qanunla tətil etmək hüququ var, amma tətil bizdəki kimi nəqliyyat fəlakətinə çevrilməməlidir, hakimiyyət bunu nəzərə almalı idi” – Saladze deyir.

Tətil edənlərin bir qismi, o cümlədən maşinistlər artıq ikinci gündür ki, aclıq elan edib. Onlar Qldanidəki deponun yanında çadırlar qurub və irəli sürdükləri tələblərin yerinə yetirilməsini gözləyir. Əhaliyə verdikləri narahatçılığa görə üzr istəyirlər, buna baxmayaraq, başqa çıxış yollarının olmadıqlarını bildiriblər.

______________________

Arçil Loadenidze 43 yaş, maşinist:

Metroda artıq 17 ildir işləyirəm. İş qrafikimiz elədir ki, əlavə iş tapa bilmərsən. İş rejimimiz sürüşkən və həddən artıq ağırdır. Ağır şərtlər altında çalışırıq: vibrasiya, yüksək gərginliyin təsiri, çox sayda sərnişinin təhlükəsizliyinə görə cavabdehlik. Bütün bunlar biz maşinistlərin üzərindədir. İşdən evə fiziki və psixoloji yorğun qayıdırıq. Asudə vaxtımızı başqa iş axtarmağa sərf edə bilmirik. Orta hesabla ayda 150 saat işləyirik. Bəxtimiz gətirsə və hansısa bayram günündə, məsələn, Pasxada işləsək, maaş 1200 lariyə qədər çata bilər (500 dollardan az).  

Mənim 4 uşağım var. Böyüyün 13 yaşı var, balaca 8 aylıqdır. Yoldaşım işləmir. Valideynlərim təqaüdçüdür, mənimlə yaşayırlar. İşləyən təkcə mənəm.

2013-cü ildən maaşı artırmırlar. Amma bu müddət ərzində ərzaq, yanacaq, elektrik enerjisi bahalaşıb. Hər ay borca girməli oluruq, maaş çatmır. Tbilisi meri bizə deyir ki, polis və xilasedicilərin maaşı bizim maaşdan azdır. Bundan bizə nə? Hər kəs öz əməyinin layiqli haqqını tələb etməlidir.

Xatuna Citişvili, 47 yaş, metropolitenin mərkəzi postunun növbətçisi:

Məni bura gətirən tək həmrəylik hissi deyil. Çoxları rəhbərliyin reaksiyasından, işini itirməkdən qorxur. Əslində, biz maaşın artırılmasını deyil, onun 2013-cü ilin alıcılıq qabiliyyətinə çatdırılmasını istəyirik.

Mən 12 ildir metroda işləyirəm, 2006-cı ildə nəzarətçi olaraq başlamışam, sonra mərkəzi postun növbətçisi olmuşam. İş cədvəlim belədir: iki gün iş, iki gün istirahətdir. İş günü 12 saatdır, onun yarım saatı fasilədir, stansiyanı tərk etmirəm, onsuz da 30 dəqiqə ərzində heç nə çatdırmaq mümkün deyil, ona görə də elə tuneldə istirahət edirəm.

Məsələn, siyasətçilər yeni təmir olunmuş qatarlar istifadəyə veriləndə bizə gəlir. Merimiz Kaxa Kaladzeni adi gündə, hər hansı tədbir olmadan gəlib, real olaraq hansı şəraitdə işlədiyimizi görməyə çağırıram.

Ambrosi Nişnianidze, 47 yaş, maşinist-təlimatçı:

Artıq 24 ildir ki, metrodayam. Orta maaş 1300 laridir (500 dollardan bir az çox). 2013-cü ildən həyatın neçə bahalaşdığı hamıya məlumdur. 2016-cı ildə maaşları nəzərdən keçirəcək komissiya yaradılmalı idi. Bizim də maaşımızı artıracaqlarına söz vermişdirlər. Hər şey bahalaşır. Biz əlavə iş tapa bilmirik, aldığımız maaş isə ailələrimizi saxlamağa çatmır.

Eka Maçavariani, nəzarətçi:

Metroda 11 ildir işləyirəm. İndi bir istəyimiz var – maaşlarımızı artırsınlar. Məsələn, mən 450 lari alıram. İş şəraiti, məsələn, oksigen çatışmazlığı ayrı bir mövzudur, hələ bu məsələyə toxumuruq.

Avto Mkervalidze, 64 yaş, qaynaqçı-çilingər:

Əmək haqqı görülən işə uyğun olmalıdır. Məsələn, mən 848 lari ələ, əlavə 40 lari zərərli iş şəraitinə görə alıram (təxminən 360 dollar). Metroda dördüncü ildir ki, işləyirəm. Biz meriya və Nəqliyyat Şirkətinin bizim problemlərə diqqət yetirməyini tələb edirik, ağır şərtlərdə toz və tüstü içində işləyib, maaşımın yarısını dərmənlara xərcləyəcəmsə, işləməyin nə mənası var?!

Biləsiz ki, metro işçiləri faktiki olaraq pensiya yaşına qalmır. Bizi qanun, işdən qovulmaq, hətta tutmaqla hədələyirlər, amma biz hər şeyi qanun çərçivəsində edirik və qorxacağımız bir şey yoxdur. Tələblərimiz ədalətlidir. Maaşlarımızın 45 faiz artırılmasını istəyirik. Birdən-birə artırılmamasına da razıyıq, mərhələli şəkildə olsun, bu il 10 faiz, gələn il 15 faiz artırsınlar… Əvvəl-axır kimsə bizə diqqət yetirməlidir!  

Facebook Comments

More on JAMnews