Avropada yaşayan bloqer Azərbaycan hakimiyyətini ona qarşı sui-qəsd təşkilində ittiham edir
Avropada yaşayan azərbaycanlı bloqer Tural Sadıqlı rəsmi Bakını ona qarşı sui-qəsd təşkilində ittiham edir. Sadıqlının sözlərinə görə, bir neçə etnik azərbaycanlı Gürcüstan vətəndaşı onun Münhendəki evini günlərlə izləyib. Bloqerin özü hazırda Böyük Britaniyadadır. Azərbaycan hakimiyyəti onun bəyanlarını heç cür şərh etməyib.
- Həbs edilən keçmiş siyasi mühacirlərin yaxınlarının Almaniya səfirliyi qarşısında etirazı
- AXCP-ni maliyyələşdirməyə vasitəçilikdə günahlandırılan siyasi məhbus azadlıqda
- Almaniyadan deportasiya olunanlar Azərbaycanda həbs edilir
Nə baş verib?
Mayın 31-də Almaniyada yaşayan, amma hazırda Böyük Britaniyada olan azərbaycanlı bloqer Tural Sadıqlı Azərbaycan hakimiyyəti tərəfindən ona qarşı sui-qəsd hazırlandığı haqda bildirib.
“Sizi əmin edirəm ki, həyətıma çox ciddi təhlükə var. Məni bu dəfə qafalarına qoyublar. Tapşırıq Prezident Aparatından gəlib.
Bu səbəblə Bakıda yaşayan atam və anam Prezident Aparatının qarşısında sabah saat 14.00-da etiraz aksiyası edəcəklər. Siyasi partiyalardan, hüquq müdafiəçilərindən, fəallardan, jurnalistlərdən və hər kəsdən xahiş edirəm ki, dəstək olsunlar”, – Sadıqlı Facebook səhifəsində yazıb.
Bir qədər sonra bloqerin həyatına təhlükə olduğu haqda Almaniyada yaşayan azərbaycanlı jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı sosial şəbəkələrdə yazıb.
“Tural Sadıqlı bir qrup şəxs tərəfindən ciddi təqib olunur. Avropanın ortasında meydan sulayıb ölümlə təhdid edirlər. Sabah Turalın valideyinləri Prezident Administrasiyası qarşısında aksiya keçirəcəkıər.
Əliyev rejimi ölkə xaricində təndidçilərini dəfələrlə həbs etdirib oğurladıb, məhkəmələr vasitəsilə şantaj edib. İlham Əliyev həbs etdirə bilmədiyi şəxslərə qarşı terror qruplarından dəfələrlə istifadə edib.
Ötən il ölkə xaricində yaşayan müxalifətçilər Bayram Məmmədov İstanbulda,Vüqar Rza Belçikada, Hüseyn Bakıxanov Tbilisidə qətlə yetirilib.
Məhəmməd Mirzəliyə, Orxan Ağayevə, Orduxan Temirxan Babirova, Qabil Məmmədova sui qəsd olub.
Məhəmməd Mirzəli cinayətinə görə Fransa polisi həbslər həyata keçirib.
Tural Sadıqlının ölümlə təhdid edilməsi, onun ünvanının axtarılması sıradan məsələ deyil. Avropa hüquq-mühafizə orqanları Tural bəyin təhlükəsizliyini təmin etməlidir”, – Muxtarlı qeyd edib.
Bloqerin valideynlərinin etiraz aksiyası
İyunun 1-də Tural Sadıqlının valideynləri Bakıda Prezident Administrasiyası önündə Almaniyada yaşayan övladlarının rahat buraxılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Administrasiya əməkdaşlarından biri etiraz edən yaşlı insanlara yaxınlaşıb və qurumun Nərimanov rayonunda yerləşən qəbul şöbəsinə getməyi tövsiyə edib. Bloqerin valideynlərinə ora getmək üçün avtomobil də təklif olunub.
Amma Sadıqlının anası və atası qəbul şöbəsinə getməkdən imtina ediblər, öz tələblərini oxuyub, aksiyanı sona çatdırıblar.
“Məni Gürcüstan vətəndaşı olan azərbaycanlılar izləyir”
“Turan” agentliyinə müsahibəsində Tural Sadıqlı bildirib ki, hazırda Böyük Britaniyadadır, amma onu Almaniyanın Münhen şəhərində qeydiyyatda olduğu ünvanda axtarıblar.
Onun sözlərinə görə, təxminən 10 gün davamlı olaraq bu adamlar – Gürcüstan vətəndaşı olan etnik azərbaycanlılar bloqerin qeydiyyatda olduğu evin qarşısında növbə çəkiblər. Onlar müxtəlif bəhanələrlə Sadıqlını qonşularından, yaxınlıqdakı kafelərdən soraqlayıblar.
“Niyə Gürcüstan vətəndaşları? Çünki Azərbaycandan Almaniyaya getmək daha çətindir – Avropa İttifaqına viza tələb olunur. Gürcüstan vətəndaşlarına isə viza lazım deyil.
Adlarını açıqlaya bilmədiyim yaxın adamlar həyatıma təhlükə olduğu haqda mənə hələ bundan bir həftə əvvəl məlumat vermişdilər. Hər şey üst-üstə süşdü və mən onların sözlərinə inanmaya bilmirəm. Mənim məlumatıma görə, məni öldürmək üçün muzdlu qatil tutulub”, – Sadıqlı deyib.
Bloqerin sözlərinə görə, Azərbaycanda ona qarşı bir neçə cinayət işi qaldırılıb. Bu cinayət işlərinin birində o, dələduzluqda ittiham olunur.
“Amma işdə qeyd olunan tarixlərdə mən artıq Avropada idim. Xaricdə olduğum zaman hansı dələduzluğu törədə bilərdim, bilmirəm. Digər cinayət işində mən Azərbaycan hakimiyyətini devirməyə çağırış etməkdə günahlandırılıram”.
Azərbaycan hakimiyyəti bloqerin bəyanlarını heç cürə şərh etmir.