Bakıda Qurban Bayramı
12 və 13 sentyabr Azərbaycanda qeyri-iş günləridir. Qurban Bayramı qeyd olunur.
Ulu babalarımız qoyun kəsmək prosesində pis heç nə görmürdülər. Təsəvvür edin: orta əsrlər, taun, aclıq, nə kanalizasiya, nə də su kəməri var, Avropa paytaxtlarında çirkabı düz pəncərədən küçəyə atırlar. Və birdən hardasa kənd evində qoyunu kəsməzdən əvvəl uşaqları qonşuya aparırlar. İnsanların düz uşaqların gözü qabağında şaqqalandığı bir vaxtlarda heyvanın başını kəsməkdə pis nə ola bilərdi axı?
İndi uşaqlara elə gəlir ki, ət supermarketdə plastik qablarda bitir, onu ağacdan yığıb, supermarketə gətirirlər. Uşağın gözü qabağında canlı məxluqu öldürsən, onun psixi vəziyyəti necə olacaq? Mən bu hərəkətinə görə valideynlərindən UNICEF-ə şikayət edə bilən uşaqları şəxsən tanıyıram.
Məsələni bitmiş hesab etmək də olar: axı zəmanə dəyişib. Amma biz, bakılılar hələ də bu mövzunu bağlamamışıq: axı biz Qərblə Şərqin, Avropa ilə Asiyanın, eyni zamanda da sivilizasiya ilə orta əsrlərin birləşdiyi çox maraqlı bir yerdə yaşayırıq.
Buna görə də təxminən ildə bir dəfə, Qurban bayramında eyni mövzu müzakirə olunur: kəsmək yoxsa kəsməmək? Daha doğrusu, əlbəttə kəsmək lazımdır, çünki istənilən halda təzə qoyun əti ilə aş olmalıdır, qohumları qonaq etmək və adəti üzrə ətin üçdə bir hissəsini yoxsullara paylamaq lazımdır. Amma bunu bu qədər nümayişkaranə şəkildə, yol kənarında etmək nə dərəcədə düzgündür?
Qurban bayramı oğlunu qurban gətirməyə hazır olan İbrahim peyğəmbərin adı ilə bağlı olan islam bayramıdır. Ənənələrə sadiq olan azərbaycanlılar Qurban bayramını həvəslə qeyd edir. Dindarlardan xəbər alsaz deyəcəklər ki, bu müsəlmanların ümumi bayram namazı zamanı həmrəy olduğu, xeyriyyəçilik etdiyi bir gündür, bu gündə varlılar kasıbların qarnını doydurur, ailələr isə bayram süfrəsi arxasında otururlar.
Özlərini Asiya sakini saymaq istəməyən bakılılardan xəbər alsaz deyəcəklər ki, bu azğın bütpərəstlərin şəhər küçələrini heç bir günahı olmayan heyvanların qanına bələdiyi, hələ buna görə bir-birlərini təbrik etdikləri bir gündür.
Şəxsən mən hesab edirəm ki, qoyunları onsuz da il boyu kəsirlər, buna görə də burada faciəli heç nə yoxdur. Mən hətta bunu uşağın gözləri qarşısında etməkdə pis heç nə görmürəm. Televizor ekranında bundan xeyli betər şeylər göstərirlər. Hamını müqəddəs bayram münasibətiylə təbrik edən “sevimli quzuların əks olunduğu bayağı şəkillər məni daha çox qıcıqlandırır. Ya da bu, qoyunların buynuzuna qırmızı lent bağlamaq adəti. Bax, bu artıq mənim fikrimcə, patologiyadır.
Dərc olunub: 12.09.2016