Azərbaycan-Ermənistan sərhədində eskalasiya – münaqişənin yeni mərhələsi?
Yerevan Azərbaycanı cənub sərhədlərinin atəşə tutulmasında günahlandırıb, Bakı bunu təkzib edib, amma Ermənistanın İran sərhədinə yaxın ərazidə təxtibat törətdiyini bildirib.
Qarabağ münaqişəsi zonasında döyüşlər sentyabrın 27-dən davam edir, hər iki tərəfdən həm hərbçilər, həm də dinc əhali arasında artıq minlərlə insan həlak olub. Bu müddət ərzində üç dəfə atəşkəs elan edilib – 10, 18 və 26 oktyabrda, amma hər dəfə dərhal pozulub. Tərəflər bir-birini atəşkəsə əməl etməməkdə günahlandırır.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar
Oktyabrın 27-də səhər Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın silahlı qüvvələri tərəfindən ölkənin cənub sərhədlərinin atəşə tutulduğu haqda bildirib.
Bakı bu məlumatı təkzib edib.
Amma artıq bir neçə dəqiqədən sonra tərəflər bir-birini sərhədin həmin hissəsində vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
Qarabağ münaqişəsi zonasının kənarında iki ordu arasında toqquşmalar haqda məlumatlar Azərbaycanın İran-Azərbaycan sərhədinin bu hissəsini (Qarabağ münaqişəsi zonasında) tam nəzarət altına aldığı haqda bildirəndən sonra yayılmağa başlayıb.
• “Dağlıq Qarabağ münaqişəsinin yeni nizamlama prinsipləri hazırlanmalıdır” – Tofiq Zülfüqarov
• Ermənistanın baş nazirinin xanımı Qarabağa, cəbhəyə yollanacaq
Ermənistan Müdafiə Nazirliyinin məlumatı
Oktyabrın 27-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, “Azərbaycan tərəfi növbəti dəfə atəşkəs rejimini pozaraq dronlardan istifadə edib (onlardan biri Ermənistan ərazisinə düşüb)”.
“Azərbaycan artilleriya qurğularından istifadə edərək Ermənistanın İranla cənub sərhədindəki sərhəd məntəqəsini atəşə tutub”.
Bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, “düşmən Ermənistan Respublikasının cənub sərhədi istiqamətində atəşi davam etdirir. Yaralananlar var”.
Ermənistanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, “Azərbaycan qoşunlarına qarşı cavab tədbirləri görməli olacaq”.
Azərbaycanın Müdafiə Nazirliyindən məlumat
“Ermənistanın yaydığı guya bugün Ermənistan ərazilərinin Azərbaycan tərəfindən PUA və raket-artilleriya sistemləri tətbiq edilməklə atəşə tutulması haqda məlumat yalandır və təxribat xarakteri daşıyır”, – demək olar ki, dərhal sonra Azərbaycan Müdafiə Naziliyindən bildirilib.
Daha sonra Müdafiə Nazirliyi və Azərbaycanın sərhəd xidməti birgə bəyanatla çıxış edərək bildiriblər ki, “Ermənistan məqsədyönlü şəkildə cəbhənin müxtəlif hissələrində, xüsusən də dövlət sərhədinin bərpa olunan hissəsində vəziyyəti gərginləşdirir”.
“Ermənistan rəhbərliyi bərpa olunan dövlət sərhədlərinin münaqişə zonası olmadığı, beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlət sərhədi, Azərbaycanın suveren ərazilərinin tamhüquqlu bir hissəsi olduğu ilə barışmalıdır. […]
Bu istiqamətdə istənilən təxribat təcavüz kimi dəyərləndirilir. Azərbaycan yerləşdiyi yerdən asılı olmayaraq ərazilərini təhdid edən istənilən legitim hərbi obyekti məhv etmək hüququna sahibdir”, – bəyanatda deyilir.
Türkiyənin Ermənistana müdaxiləsi?
Əsasən Telegram kanallardan ibarət olan bəzi mənbələr Türkiyə xüsusi təyinatlılarının Ermənistana hücuma hazırlaşması haqda bildirib.
Belə məlumatlardan biri :
“Rusiyanın Ərdoğanın Suriyadakı qruplaşmalarına kütləvi zərbələrindən sonra Türkiyə “sultanının” dərhal revanş qazanmaq və Ermənistanın cənubundakı ayrı-ayrı regionlara hücum etmək qərarına gəldiyi haqda məlumat var. Beləliklə, müharibə yeni, daha genişmiqyaslı fazaya keçir”.
Heç bir tərəfdə rəsmi mənbələr hələlik bu informasiyanı şərh etməyib.