Azərbaycanda “repressiyaların növbəti raundu” başlayıb – AŞPA belə hesab edir
Avropa Parlamentinin üzvləri İlham Əliyevin çıxışından sarsılıb, hüquq müdafiə təşkilatları isə ondan həbs olunmuş müxalifətçinin azadlığa buraxılmasını tələb edirlər
Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Rocer Qeyl Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasından müxalifətə qarşı təqib vasitəsi kimi istifadə etmək cəhdini biabırçılıq adlandırıb. Söhbət prezident İlham Əliyevin az əvvəl bəzi müxalifətçilərin ölkədə təşviş yayması və lazım gələrsə onların cəmiyyətdən “təcrid olunacağı” haqda səsləndirdiyi çıxışından gedir. Bu günlərdə müxalifət liderlərindən birinin xuliqanlıq ittihamı ilə həbs edildiyini nəzərə alaraq məruzəçilər hesab edirlər ki, Azərbaycanda “repressiyaların növbəti raundu” başlayıb.
- İlham Əliyev “beşinci kolonu” ölkədə fövqəladə vəziyyət tətbiq etməklə hədələyib
- “Düşmənləri və “beşinci kolonu” hakimiyyətin öz komandasında axtarmaq lazımdır”, – Azərbaycan müxalifəti prezidentin ittihamına belə cavab verib
- Koronavirus haqda hər şey
Martın 26-a olan rəsmi məlumata əsasən, Azərbaycanda 93 koronavirusa yoluxma halı qeydə alınıb. İki nəfər ölüb. On nəfər sağalıb. Ölkədə xüsusi karantin rejimi tətbiq olunub.
Martın 19-da İlham Əliyev hakimiyyətlə danışıqlara razı olmayan müxalifətçiləri “beşinci kolon”, “satqın” və “təxribatçı” adlandırıb və bildirib ki, onların əsas məqsədi “Azərbaycanı məhv etməkdir”.
“Prezident Əliyevin öz ölkəsinin legitim siyasi müxalifətini təsvir etmək üçün istifadə etdiyi ifadə dili çox qeyri-demokratikdir. Məhz fövqəladə vəziyyət zamanı siyasi plüralizm və siyasətlə bağlı açıq debatları, həmçinin informasiyanın ictimaiyyət arasında azad yayılmasını təmin edən ifadə azadlığından məsuliyyətli istifadə xüsusilə vacibdir”, – AŞPA üzvü Ştefan Şennax hesab edir.
Martın 22-də “Müsavat” partiyasının üzvü və keçmiş siyasi məhbus Tofiq Yaqublu xuliqanlıqda ittiham olunaraq həbs edilib. Onu bir neçə aylıq azadlıqdan məhrumemə cəzası gözləyir. Amma AŞPA nümayəndələri də, Amnesty International və Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatları da bu ittihamı saxta və siyasi motivli hesab edir və Azərbaycan hakimiyyətindən Tofiq Yaqublunun azadlığa buraxılmasını tələb edirlər.
“Görünən odur ki, Azərbaycan hökuməti razılaşdırılmış siyasi repressiyaların növbəti raunduna başlayır. Bu, ölkənin Avropa Şurası tərkibində gələcəyi üçün yaxşı heç nə vəd etmir”, – AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir bildirib.
Eyni zamanda müxtəlif bəhanələrlə (məsələn, karantin rejiminin pozulmasına görə) bir neçə müxalifətçi fəal həbs olunub və müxtəlif müddətli inzibati cəzaya məhkum edilib.