Real risklər, yoxsa boş hədələr? Medvedevin Ermənistanın "ukraynalaşdırılması" ilə bağlı bəyanatına reaksiya
Medvedev Ermənistanın ukraynalaşdırılması haqqında
“Ermənistanın yeni Ukraynaya çevrilməsi təhlükəsi Rusiyanın geosiyasi narahatlığının və Ermənistan-Rusiya münasibətlərində böhranın dərinləşməsinin növbəti təzahürüdür”, – politoloq Ruben Mehrabyan Dmitri Medvedevin səs-küy doğuran bəyanatını belə şərh edib.
“Ermənistanın indiki rəhbərliyi inkişaf istiqamətini dəyişməyi düzgün hesab edib. Əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.
İnkişaf istiqamətinin dəyişməsindən danışarkən o, Ermənistanın Avropaya inteqrasiya kursunu nəzərdə tutub. Rəsmi Yerevan onun sözlərinə reaksiya verməyib.
Yalnız parlamentin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə deyib: “Ermənistan başqa bir şey ola bilməz. Ermənistan Ermənistandır və həmişə Ermənistan olaraq qalacaq”.
Politoloq Ruben Mehrabyan hesab edir ki, Rusiya “qıcıqlanıb və tarazlığını itirib, çünki müharibədə vəziyyət sadəcə pis deyil, çox pisdir”. Eyni zamanda analitik Moskvadan səslənən bəyanata ciddi yanaşmağı və təhlükənin nə dərəcədə real olduğunu anlamağa çalışmağı təklif edir:
“Bu təhlükəni nə tamamilə qaçılmaz ssenari, nə də boş lovğalıq kimi qiymətləndirmək olar. Burada Ermənistanın enerji və iqtisadi baxımdan həssaslığından irəli gələn real risklər var. Bununla yanaşı, psixoloji təzyiq elementləri də mövcuddur”.
- Ermənistanda Rusiyaya ixrac məhdudiyyətlərinə necə reaksiya verirlər: fermerlərin fikirləri, statistik məlumatlar
- Paşinyan və Putin Bişkekdə nə barədə razılığa gəliblər: münasibətlərdə gərginliyin pik həddində görüş
- Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq Ermənistandan Aİ-yə mal ixracı üçün güzəştli rejim
Şərh
Politoloq Ruben Mehrabyan bildirir ki, Rusiya Cənubi Qafqazda təsir imkanlarını itirməkdən narahatdır:
“Ukrayna cəbhəsindəki uğursuzluqlar fonunda Moskvanın resursları məhduddur, postsovet məkanında təsiri isə zəifləyib. Lakin Rusiya üçün ən arzuolunmaz məqam bütün bunların hazırda açıq şəkildə dərinləşmə tendensiyası göstərməsidir”.
Onun fikrincə, Rusiya hələ də Ukraynada uzunmüddətli və tükəndirici müharibə aparmaq iqtidarındadır, lakin insan itkiləri, iqtisadi sanksiyalar və beynəlxalq təcrid ölkə daxilində ciddi gərginlik yaradır.
Analitik deyir ki, belə şəraitdə hər hansı müttəfiqin uzaqlaşması “arxadan zərbə” kimi qəbul edilir. Bu isə qeyri-adekvat reaksiyalara səbəb olur və Medvedevin bəyanatı da buna nümunədir:
“Təhdidin məqsədi Ermənistan cəmiyyətində qorxu yaratmaq, təhlükəsizliyimiz və inkişaf maraqlarımızdan irəli gələn Qərblə yaxınlaşma prosesini dayandırmaqdır”.
Mehrabyan hesab edir ki, Moskvadan səslənən təhdidlər qismən realdır:
“Hazırda birbaşa hərbi müdaxilə ehtimalı sadə bir səbəbdən sıfıra yaxındır. Medvedev nə qədər təhdidlər səsləndirsə də, Rusiya ilə sərhədi olmayan ölkəyə hərbi müdaxilə etmək imkanı yoxdur. Lakin Rusiyanın istifadə edə biləcəyi və artıq istifadə etdiyi güclü hibrid təsir rıçaqları var”.
Politoloq mövcud risklər arasında Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığını xüsusi qeyd edir.
O, Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu üzərində yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsini xatırladır. Marşrut hər dəfə bağlananda bu, erməni ixracatçı və idxalçıları üçün problemlər yaradır. Mehrabyan həmçinin Ermənistanın Rusiyadan qaz və atom elektrik stansiyası üçün yanacaq aldığını xatırladır:
“Qazın kəsilməsi və ya təmir bəhanəsi ilə tədarükün dayandırılması, sərhədin sanitar səbəblər adı altında bağlanması Ermənistanda daxili sarsıntılara səbəb ola və ölkəni fövqəladə vəziyyət rejimində fəaliyyət göstərməyə məcbur edə bilər”.
Mehrabyanın qiymətləndirməsinə görə, Yerevan hələlik mümkün riskləri ciddi sarsıntı və münaqişələr olmadan idarə edir, lakin bunun gələcəkdə də mümkün olacağına əminlik yoxdur.
O vurğulayır ki, yaranmış vəziyyətdə təhlükəsizlik riskləri də istisna edilmir. Xüsusilə, “Bakının Ermənistana təzyiqini Moskvaya sata biləcəyini”, Rusiyanın isə belə bir sövdələşməyə qarşı çıxmayacağını ehtimal edir.
Politoloq hesab edir ki, Rusiya özünü yaralı heyvan kimi aparır. O, Ermənistan hakimiyyətinə açıq demarşlar əvəzinə Rusiyanın səfirini XİN-ə çağırmağı və ona etiraz notası təqdim etməyi təklif edir.
Eyni zamanda o, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmasının ölkənin maraqlarından irəli gəldiyini, lakin Rusiyaya qarşı yönəlmədiyini bir daha vurğulamağı zəruri hesab edir.
Mehrabyan Yerevanın prioritetləri sırasında enerji və iqtisadi diversifikasiyanı xüsusi qeyd edir. O, Ermənistanın tələbatının 85%-ni ödəyə biləcək İran qazının idxalına başlanmasına artıq ciddi ehtiyac yarandığını bildirir. Bundan əlavə, hakimiyyətdən bunları gözləyir:
- orduda islahatların və sərhədlərin möhkəmləndirilməsi işlərinin davam etdirilməsini,
- Fransa, Hindistan və Yunanıstan da daxil olmaqla müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsini,
- daxili sabitliyin və dayanıqlığın təmin edilməsini,
- strateji kommunikasiyanın gücləndirilməsini, eləcə də dezinformasiya ilə mübarizəni.
Ruben Mehrabyan hesab edir ki, hibrid hücumlar da daxil olmaqla müasir müharibəyə hazır olmaq lazımdır:
“Ermənistan Azərbaycan və Rusiyaya bizə qarşı təcavüzə əl atmaq üçün heç bir bəhanə verməməlidir”.
Medvedev Ermənistanın ukraynalaşdırılması haqqında