İran səfiri: "Gürcüstan iranlılar üçün istiqamətlərdən biri olub, lakin yeganə istiqamət olmayıb"
İranın Gürcüstandakı səfirindən sərt açıqlama
Gürcüstandakı İran səfiri Seyid Əli Mücani Gürcüstan Mülki Aviasiya Agentliyinin ABŞ sanksiyaları altında olan İran aviaşirkətləri ilə bağlı sanksiya rejiminə tam əməl ediləcəyi barədə bəyanatına reaksiya verib. Səfirin sözlərinə görə, Gürcüstan iranlılar üçün mümkün istiqamətlərdən biri olub, lakin yeganə istiqamət olmayıb.
Sentyabrın 8-də ABŞ İranın 27 aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu aviaşirkətlərdən altısı: Sepehran Airlines, Varesh Airlines, Qeshm Air, Fly Kish Airlines, Taban Airlines və AVA Airlines Gürcüstanla İran arasında da uçuşlar həyata keçirir.
“ABŞ Dövlət Departamentinin açıqladığı genişləndirilmiş sanksiyalar siyahısına hazırda Gürcüstanla İran arasında hava daşımaları həyata keçirən aviaşirkətlər də daxil olduğundan, Gürcüstan tərəfi digər hallarda olduğu kimi, bundan sonra da beynəlxalq sanksiya rejiminə tam uyğun şəkildə hərəkət edəcək”, — Mülki Aviasiya Agentliyinin bəyanatında deyilir.
Eyni zamanda, İran səfirliyi Qara dəniz regionunun xəritəsini yayımlayıb. Xəritədə Gürcüstan ərazisinin yalnız yarısı göstərilib. “Azadlıq Radiosu”nun gürcü redaksiyası İran səfirindən xəritənin siyasi mesaj daşıyıb-daşımadığını soruşduqda, o, belə cavab verib:
“Bəzən diplomat heç nə deməyə, heç nə yazmaya, sadəcə bir foto paylaşa bilər… Su sərhəd tanımır; Qafqaz və İrana ortaq, qarşılıqlı əlaqəli gələcək lazımdır“.

İran səfiri nə deyib, təfərrüatlar
Seyid Əli Mücani bildirib ki, son günlər İranın turizm operatorları Gürcüstana turist səfərlərinin davam etdirilməsi ilə bağlı suallarla səfirliyin konsulluq şöbəsinə müraciət ediblər.
“Gürcüstan, şübhəsiz ki, iranlılar üçün Qara dəniz sahilində mühüm turizm istiqamətlərindən biri olub“, — Mücani yazır və son illərdə bu ölkəyə çoxlu iranlı turistin səfər etdiyini qeyd edir.
O həmçinin bildirib ki, İran Gürcüstana, gürcü xalqına və ölkənin müstəqil qərarlarına hörmətlə yanaşır.
“Gürcüstanın Qərb sanksiyaları ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı son qərarı bu ölkənin seçimi kimi hörmətlə yanaşmalı olduğumuz qərardır. Lakin başqalarının seçiminə hörmət etmək öz seçim hüququmuzu görməzdən gəlmək demək deyil“, — İran səfiri yazır.
Mücaninin sözlərinə görə, iranlı turistlər də digər ölkələrin vətəndaşları kimi istirahət yeri seçərkən müxtəlif amilləri, o cümlədən təhlükəsizlik, rahatlıq, qiymət, qarşılıqlı hörmət və ləyaqəti nəzərə alırlar.
Səfir həmçinin qeyd edir ki, turizm sektoru qarşılıqlı iqtisadi fayda yaradır.
“Turistlərin gəlişi təkcə səyyahların ölkəyə daxil olması demək deyil. Bundan otellər, restoranlar, nəqliyyat sektoru, mağazalar, bələdçilər, sənətkarlıq sahəsi, kommunal xidmətlər və iqtisadiyyatın onlarla digər sektoru faydalanır“, — Mücani yazır.
Onun sözlərinə görə, səyyahlar tarixən mədəniyyətlər və xalqlar arasında əlaqələrin qurulmasında, bəzən isə əməkdaşlıq və inkişaf üçün yeni imkanların yaranmasında mühüm rol oynayıblar.
“Əgər bu gün yeni vəziyyət yaranıbsa, biz ona yalnız məhdudiyyət kimi baxmamalıyıq; hər bir məhdudiyyət yeni yollar tapmaq üçün fürsətə çevrilə bilər“, — səfir bildirir.
Seyid Əli Mücani bildirib ki, Gürcüstandan başqa, Qara dəniz regionunda iranlı turistlər üçün alternativ istiqamət ola biləcək digər sahillər də var.
“Başqa istiqamətlər də var: səfər etməyə dəyər başqa ölkələr, tanış olmağa dəyər başqa mədəniyyətlər və ünsiyyət qurmağa dəyər başqa xalqlar“, — Mücani yazıb.
Səfir İranın Gürcüstana və gürcü xalqına hörmət və dostluğunun sarsılmaz olduğunu bildirib, lakin İranın və İran xalqının seçim hüququnun da hörmətə layiq olduğunu vurğulayıb.
İranın Gürcüstandakı səfirindən sərt açıqlama