Kambolovun missiyası: Moskvadan Sxinvaliyə gələn yeni məmurun təyinatı nəyi ifadə edir? Tbilisidən rəylər
Rusiya-Gürcüstan: Kambolov Sxinvalidə

Gürcüstandakı ekspertlərin əksəriyyəti hesab edir ki, Sxinvali regionunda (Cənubi Osetiyada) hakimiyyətin qəfil dəyişməsi və de-fakto prezident Alan Qaqloyevin vaxtından əvvəl istefası Kremlin region siyasətində əsaslı dönüşün baş verdiyini göstərir.
Kremlin “prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs” kimi Sxinvaliyə göndərdiyi rusiyalı məmur Marat Kambolovun təyinatı adi kadr dəyişikliyi çərçivəsindən kənara çıxır və Cənubi Qafqazda davam edən geosiyasi dəyişikliklərlə əlaqələndirilir.
Sxinvali regionu və ya Cənubi Osetiya 1990-cı illərin əvvəllərindən Tbilisinin nəzarətindən çıxaraq müstəqilliyini elan etmiş bölgədir. 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və burada hərbi qüvvələr yerləşdirib. BMT və dünya ölkələrinin əksəriyyəti isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və regionu Rusiyanın işğal etdiyi ərazi hesab edir.
Analitik dairələrdə Kambolovun missiyası ilə bağlı üç əsas versiya müzakirə olunur. Onların hər biri Moskvanın uzunmüddətli strateji məqsədlərinə işarə edir:
• Rusiya ilhaq prosesində yeni mərhələyə keçib;
• Moskva ilə Tbilisi arasında gizli razılaşma hazırlanır;
• Moskva Cənubi Osetiyada böyük miqyas alan korrupsiyaya qarşı mübarizə aparmağa qərar verib.
Bu versiyalar bir-birindən fərqlənsə də, bir-birini tamamilə istisna etmir.
Nə baş verib?
Cənubi Osetiyanın de-fakto prezidenti Alan Qaqloyev iyunun 23-də istefa verib. Rəsmi məlumata görə, o, Moskvaya köçərək Rusiya prezidenti administrasiyasında müşavir vəzifəsini tutacaq.
Lakin bir çox müşahidəçi bu izahı formal hesab edib. İstefadan bir neçə həftə əvvəl yerli siyasi qruplarla əlaqəsi olmayan yüksək vəzifəli rusiyalı məmur Marat Kambolov Sxinvalidə baş nazir təyin olunmuşdu.
Qaqloyevin gedişindən sonra o, de-fakto prezident səlahiyyətlərini icra etməyə başlayıb və yerli analitiklərin fikrincə, onun növbəti mərhələdə bu vəzifəyə rəsmən gətiriləcəyi demək olar ki, qəti sayılır.
Kambolov kimdir?
Marat Kambolov osetin əsilli rusiyalı məmurdur və karyerasını Rusiyanın federal dövlət strukturlarında qurub. O, Rusiyanın təhsil nazirinin müavini vəzifəsində çalışıb, daha sonra isə nüvə energetikasının inkişafı üzrə ixtisaslaşan məşhur Kurçatov İnstitutuna rəhbərlik edib.

2026-cı il mayın 9-da Moskva ilə Sxinvali arasında “Qarşılıqlı müttəfiqlik fəaliyyətinin dərinləşdirilməsi haqqında” yeni saziş imzalanıb. Sənəd, digər məsələlərlə yanaşı, tərəflərdən birinin vətəndaşlarının digər tərəfin dövlət orqanlarına təyin olunması imkanını da nəzərdə tutur.
Məhz bu sənəd Kambolovun de-fakto baş nazir təyin edilməsi üçün hüquqi əsas olub.
Bundan qısa müddət sonra Qaqloyev “istefa verib” və Kambolov de-fakto prezident səlahiyyətlərini icra etməyə başlayıb.
Ekspertlərin fikrincə, bu hekayədə ən vacib məqam Kambolovun özü deyil, onun missiyasıdır. Bu məsələ ilə bağlı müxtəlif versiyalar və onların kombinasiyaları var.
Birinci versiya: Rusiya regionun tam ilhaqına hazırlaşır
Gürcüstan ekspert dairələrində və mediada ən geniş yayılmış versiya Cənubi Osetiyanın Rusiya tərəfindən tam ilhaqı və bu regionun rəsmi şəkildə Rusiyaya birləşdirilməsidir.
Bu versiyanı Gürcüstanın nüfuzlu qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” də dəstəkləyir.
Mərkəzin fikrincə, mayın 9-da imzalanmış yeni saziş və Marat Kambolovun təyinatı eyni prosesin tərkib hissəsidir. Təşkilata görə, Moskva yerli elitaların rolunu tədricən azaldır və de-fakto hökumətin idarəçiliyinə birbaşa öz inzibati kadrlarını gətirir.
Mərkəz bunu 2008-ci ildə Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanımasından sonra başladığı inteqrasiya siyasətinin davamı hesab edir. Bu versiyanın tərəfdarlarının fikrincə, hərbi və iqtisadi inteqrasiyadan sonra Moskva dövlət institutlarının birbaşa mənimsənilməsi mərhələsinə keçib.
Bu qiymətləndirməni JAMnews-un həmsöhbəti, siyasi elmlər doktoru Korneli Kakaçia da bölüşür. Onun sözlərinə görə, Kambolovun təyinatı Sxinvali regionunun qondarma müstəqilliyinin artıq praktik məzmun daşımadığını bir daha təsdiqləyir:
“Bu, Sxinvali regionunda kağız üzərində qalan suverenliyin nəzəri izlərinin belə artıq mövcud olmadığının daha bir təsdiqidir. Kreml faktiki olaraq ilhaq siyasəti həyata keçirdiyini artıq gizlətmir”.
Kakaçianın sözlərinə görə, Kreml ilhaq üçün zəruri qanunvericilik, iqtisadi və inzibati baza artıq yaradıb. Lakin onun fikrincə, Moskva prosesin hüquqi baxımdan yekunlaşdırılmasını qəsdən uzadır, çünki yarımçıq status Rusiyanın Gürcüstana təzyiq göstərməsi üçün effektiv alətdir.
“Onlar bir neçə ay ərzində prosesi başa çatdırıb, müvafiq olaraq, Gürcüstanla yeni sərhədlərinin müəyyənləşdirildiyini elan edə bilərlər. Amma bunu yekunlaşdırmağın onlar üçün mənası yoxdur, çünki bu halda Tbilisiyə təzyiq mexanizmini itirəcəklər”, – Kakaçia hesab edir.
Ekspertin fikrincə, Moskva hazırda Gürcüstanda hadisələrin inkişafını izləyir.
“‘Gürcü arzusu’ hökumətinin xarici və daxili siyasəti Moskvada belə bir ümid yaradır ki, onların Gürcüstana təzyiq mexanizmi var”, – ekspert hesab edir.
Onun qiymətləndirməsinə görə, hakim “Gürcü arzusu”nun apardığı siyasət ölkənin Avrasiya modelinə çevrilməsi deməkdir. Kreml hazırkı hakim elitanın bu məqsədə çatıb-çatmayacağı aydınlaşmadan yekun qərar verməyə üstünlük vermir.
İkinci versiya: Moskva Tbilisi ilə razılaşma hazırlayır
Gürcüstanlı konfliktoloq Paata Zakareişvili fərqli şərh təklif edir.
Onun fikrincə, Kambolov Sxinvaliyə Tbilisi ilə gizli danışıqlar aparan şəxs rolunda gəlib.
“Moskva ilk dəfə işğal olunmuş regionu yerli siyasi elitalar vasitəsilə idarə etdiyi modeldən imtina edib. Kreml uzun illər Cənubi Osetiyada yerli liderlərə, Eduard Kokoytıya, Leonid Tibilova, Anatoli Bibilova və Alan Qaqloyevə arxalanırdı.
Kambolovun təyinatı o deməkdir ki, Moskva bu modeli səmərəsiz hesab edib və yerli klanlarla əlaqəsi olmayan, birbaşa öz inzibati sistemindən gələn osetin əsilli məmuru bölgəyə gətirib.
Diqqət yetirmək lazımdır ki, Sxinvaliyə böyük inzibati təcrübəyə malik, yüksək vəzifəli təcrübəli rusiyalı məmur göndərilib. O, əvvəllər Kurçatov İnstitutunda çalışıb, həmçinin Rusiyanın təhsil nazirinin müavini vəzifəsini tutub.
Kambolov Sxinvalinin miqyasından daha böyük fiqurdur. Buna görə də düşünürəm ki, onun funksiyaları yalnız bu regionun daxili idarəçiliyi ilə məhdudlaşmır”, – Paata Zakareişvili deyir.
O, Rusiyanın bütövlükdə Cənubi Qafqazdakı mövqelərinin sürətlə zəifləməsinə də diqqət çəkir.
“Moskva son illərdə regionda təsirinin əhəmiyyətli hissəsini itirib. Azərbaycan Rusiyaya münasibətdə getdikcə daha müstəqil siyasət yürüdür. Ermənistan çoxvektorlu xarici siyasət qəbul edib və Qərblə münasibətləri gücləndirir.
Gürcüstana gəlincə, Rusiyanın bu ölkəyə təsir göstərmək üçün demək olar ki, institusional rıçaqları qalmayıb: nə diplomatik münasibətlər var, nə də ortaq siyasi və ya hərbi platformalar. Bu vəziyyətdə Gürcüstanın işğal olunmuş regionları, Abxaziya və Cənubi Osetiya Kreml üçün Tbilisi ilə danışıqda yeganə real arqument olaraq qalır.
Moskva Cənubi Qafqazın yeni iqtisadi və nəqliyyat reallığında öz yerini bərpa etməyə çalışır. Dünyada bütün regionu əhatə edən tranzit “Orta dəhliz”ə maraq artır, yeni nəqliyyat marşrutları inkişaf edir, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşması yeni imkanlar yaradır. Rusiya bu proseslərdə rolunu qoruyub saxlamaq istəyir.
Yeni logistika layihələri çərçivəsində Moskva, ola bilsin, Cənubi Osetiyadan keçən marşrutu, Rusiyadan Gürcüstana, oradan isə Cənubi Qafqaz ölkələrinə və Türkiyəyə gedən yolu işə salmaq istəyəcək. Bu yol mövcuddur, lakin praktikada istifadə edilmir.
Bütün bu kontekstlər nəzərə alınarsa, Kambolova Tbilisi ilə münasibətlərin yeni formatını axtarmaq missiyası həvalə oluna bilər.
Düşünürəm ki, Rusiya konkret layihələrin həyata keçirilməsi üçün Tbilisi ilə ortaq dil tapmağa başlayacaq. Bu, nəqliyyat, infrastruktur, ticarət münasibətləri və ya hətta 1990-cı illərdə olduğu kimi, münaqişə zonasındakı ayırıcı xəttdə yerləşən Erqnetidə gürcü-osetin bazarının müəyyən variantları ola bilər”, – ekspert deyir.
Bu məntiqdən çıxış edən Zakareişvili Rusiyanın hazırda əsas məqsədinin Cənubi Osetiyanın rəsmi ilhaqı olması fikrinə skeptik yanaşır.
“Sxinvali artıq Rusiya tərəfindən həm de-fakto, həm də de-yure ilhaq edilib. Rəsmi ilhaq Gürcüstanda Rusiyaya qarşı böyük narahatlıq və qəzəb yaradacaq, bu isə Moskvaya qətiyyən lazım deyil.
Bunun əvəzinə Rusiya, ola bilsin, əks taktikaya əl atsın, gərginliyi artırmasın, qismən yumşalma istiqamətində addımlar atsın.
Kambolov, ola bilsin, Axalqori istiqamətində inzibati xəttdən keçidi asanlaşdırsın. Orada əhalinin əksəriyyəti etnik gürcülərdir. Ola bilsin ki, humanitar əlaqələri genişləndirsin və ya Gürcüstan cəmiyyətində Rusiya ilə münasibətlərdə müsbət dəyişikliklərin başladığı təəssüratı yarada biləcək başqa simvolik addımlar atsın”.
Zakareişvili hesab edir ki, belə bir proses Gürcüstanda daxili siyasi vəziyyətin müəyyən qədər sakitləşdirilməsi baxımından hakimiyyət üçün sərfəli ola bilər. Onun fikrincə, bu halda hakim partiya Moskva ilə əməkdaşlığın konkret nəticələr verdiyini bəyan edə bilər, bu isə öz növbəsində ölkənin siyasi gündəminə təsir göstərəcək.
Üçüncü versiya: Moskva korrupsiya ilə mübarizə aparmağa qərar verib
Bu versiya əsasən yerli osetin ekspertlərə və mənbələrə məxsusdur.
Onların qiymətləndirməsinə görə, Qaqloyevin hakimiyyətinin son ayları korrupsiya qalmaqalları və maliyyə səmərəsizliyi ilə bağlı ittihamlarla yadda qalıb. Söhbət Rusiyanın ayırdığı investisiya proqramları çərçivəsində xərclənmiş milyonlarla dollardan gedir. Bu vəsaitlərin istifadəsi Kremldə getdikcə daha çox sual doğururdu.
Bu versiyaya görə, Moskvanın əsas məqsədi nəzarəti ələ keçirmək deyil, çünki Kreml onsuz da regiona tam nəzarət edir. Məqsəd ayrılan vəsaitlərin yerli elitalar arasında bölüşdürülməsinə və onların xərclənməsinə nəzarəti gücləndirməkdir.
Bu kontekstdə Kambolov siyasi lider kimi deyil, yerli klanların təsirini azaltmaq, maliyyə axınlarına nəzarət etmək və əvvəlki administrasiyanın fəaliyyətini auditdən keçirmək tapşırığı almış Kreml meneceri kimi qəbul edilir.
Rəsmi Tbilisinin reaksiyası: sükut. Bu, səriştəsizlikdir, yoxsa Moskva ilə gizli razılaşma?
Analitiklər Gürcüstan hökumətinin passiv mövqeyini kəskin tənqid edirlər.
Ekspertlərin fikrincə, parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin yalnız Qaqloyevin istefasını istehza ilə şərh edib, Kambolovun təyinatını isə ümumiyyətlə qeyd etməməsi ciddi uğursuzluqdur.
Paata Zakareişvili hesab edir ki, hakim komandanın susqunluğu Moskva ilə əvvəlcədən əldə olunmuş razılaşmanın mövcudluğuna işarə edə bilər.
“”Gürcü arzusu” ya son dərəcə səriştəsizdir, ya da nəsə bilir və qəsdən susur, bütün diqqəti Qaqloyevin üzərinə yönəldir. Məncə, ikinci variant daha inandırıcıdır, Tbilisi ilə artıq müəyyən razılaşma var”, -Zakareişvili hesab edir.
Korneli Kakaçia qeyd edir ki, “Gürcü arzusu”nun anti-Qərb bəyanatları və Rusiyaya güzəştləri, o cümlədən 2008-ci il müharibəsinə görə üzr istəməsi Moskva tərəfindən yaxınlaşma istiqamətində adekvat qarşılıq görməyib.
“Fəaliyyətsizlik Gürcüstanı çətin vəziyyətə salıb. Çıxış yolu yalnız təhlükəsizlik məsələlərinin Moldova ilə birlikdə müzakirə olunduğu geniş beynəlxalq formatlardadır. Gürcüstan-Rusiya münasibətlərində tarixən mövcud olan asimmetriyanı nəzərə alsaq, Gürcüstan bu balansı heç vaxt təkbaşına bərpa edə bilməyəcək”, – Kakaçia hesab edir.
Rusiya-Gürcüstan: Kambolov Sxinvalidə