AŞPA-dan Bakıya insan hüquqları mesajı: bu sənəd nəyisə dəyişə bilər?
AŞPA-nın Azərbaycan qətnaməsi
Strasburqda keçirilən yay sessiyasında Avropa Şurası Parlament Assambleyası Azərbaycanın daxilində siyasi və ictimai azadlıqların vəziyyətinə dair ayrıca sənəd qəbul edib.
Sənədin rəsmi adı “Silencing critical voices in Azerbaijan”dır, yəni “Azərbaycanda tənqidi səslərin susdurulması”; onun əsas müəllifi belçikalı deputat Kristof Lakruadır. Sənəd 68 lehinə, 8 əleyhinə və 6 bitərəf səslə qəbul olunub.
Bu qərarın əhəmiyyəti yalnız növbəti tənqid aktı olmasında deyil. AŞPA ilk dəfə son illərin repressiya, siyasi məhbuslar, media və QHT-lərlə bağlı parçalı iddialarını bir çərçivədə birləşdirərək “vətəndaş məkanı”nın sistemli daralması kimi təsvir edir.
Üstəlik, sənəd təkcə diaqnoz qoymur; o, Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarını icra etməməsini ayrıca problem kimi göstərir və Avropa Şurasının Baş katibini Konvensiyanın 52-ci maddəsi üzrə izahat istəməyə çağırır. Bu da sənədi sırf siyasi bəyanatdan daha artıq, institusional təzyiq alətinə çevirir.
Sənəd nə deyir?
AŞPA-nın qətnaməsi Azərbaycana qarşı bir neçə əsas ittiham irəli sürür.
Birincisi, Media haqqında, Siyasi partiyalar haqqında və QHT-lər haqqında qanunların məhdudlaşdırıcı təsiri vurğulanır. Assambleyanın fikrincə, bu bazanın toplam effekti müstəqil jurnalistikanı, real siyasi rəqabəti, ifadə azadlığını və vətəndaş məkanını sıxışdırıb.
Sənəddə 2026-cı il etibarilə ölkə daxilində bir dənə də müstəqil media qurumunun fəaliyyət göstərmədiyi, Avropa Şurasının jurnalistlərin təhlükəsizliyi platformasında isə Azərbaycanda 36 jurnalistin həbsdə göstərildiyi qeyd olunur.
İkincisi, sənəd siyasi məhbus məsələsini yenidən mərkəzə çıxarır. AŞPA 2026-cı ilin mayına olan məlumata əsasən siyasi məhbusların sayının 328-ə yüksəldiyini göstərir. Nümunə kimi hüquq müdafiəçisi və seçki müşahidəçisi Anar Məmmədlinin işi ayrıca vurğulanır. Assambleya onun hazırkı həbsinin siyasi motivli göründüyünü bildirir və AİHM-in onun əvvəlki həbsi barədə siyasi motiv nəticəsinə gəldiyini xatırladır.
Bununla yanaşı, “AbzasMedia” jurnalistlərinə verilən uzunmüddətli həbs cəzaları, “Meydan TV”, “Toplum TV”, “Kanal 11”, “Kanal 13” və “AzadlıqRadiosu” əməkdaşlarına qarşı təqiblər sənəddə ümumi repressiv xəttin hissəsi kimi təqdim olunur.
Üçüncüsü, qətnamə AİHM qərarlarının icrasını ayrıca böhran kimi göstərir. AŞPA bildirir ki, Azərbaycana qarşı aparıcı qərarların əhəmiyyətli hissəsi illərlə icra olunmamış qalır. Bunların içində onlayn medianın bloklanması, hüquqşünasların özbaşına vəkillikdən uzaqlaşdırılması, QHT-lərin qeydiyyatı və fəaliyyəti, jurnalistlərin təhlükəsizliyi və tənqidçilərə qarşı cinayət hüququndan sui-istifadə kimi məsələlər var.
Avropa Şurası Nazirlər Komitəsi də 2025-ci ilin sentyabrında aralıq qətnamə qəbul edib və 2026-cı ilin martında irəliləyişin olmamasından “dərin narahatlıq” ifadə edib.
Assambleya həmçinin Ermənistan universitetləri və vətəndaşları ilə müntəzəm qarşılıqlı əlaqələri əsasında uydurma dövlətə xəyanət ittihamları ilə məhkum edilmiş müstəqil tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədova qarşı tətbiq edilən sərt həbs cəzalarını da pisləyib. Assambleya özünün 2352 (2020) saylı “Avropada ali təhsil müəssisələrinin akademik azadlığına və muxtariyyətinə təhdidlər” adlı Qətnaməsinə istinad edərək akademik azadlığın demokratik cəmiyyətlərin vacib tərkib hissəsi olduğunu bir daha vurğulayıb.
Vətəndaş məkanı nədir?
“Vətəndaş məkanı” beynəlxalq insan hüquqları dilində fərdlərin və qrupların sərbəst danışa, birləşə, dinc toplaşa, məlumat ala, ictimai qərarvermədə iştirak edə və öz təşəbbüslərini maliyyələşdirə bildiyi hüquqi, siyasi və institusional mühiti ifadə edir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu məkanı ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarının, habelə ictimai işlərdə iştirakın daşıdığı sahə kimi təsvir edir. CIVICUS isə buna resurs və maliyyəyə çıxışı, dövlətin qoruma öhdəliyini də əlavə edir. Avropa Şurası da “canlı vətəndaş məkanı”nı həqiqi demokratiyanın dayağı sayır.
AŞPA sənədində bu termin abstrakt anlayış kimi yox, konkret idarəetmə texnikaları ilə əlaqədə işlədilir: məhdudlaşdırıcı qanunlar, beynəlxalq maliyyənin bloklanması, media üzərində nəzarət, tənqidçilərə qarşı cinayət təqibi və məhkəmə qərarlarının icra olunmaması.
Yəni problem yalnız ayrı-ayrı həbslər deyil; məsələ dövlətlə cəmiyyət arasında sərbəst fikir, təşkilatlanma və nəzarət kanallarının daralmasıdır.
Tarixi və siyasi kontekst
Bu qətnaməni 2024-cü ildən sonrakı böhran fonunda oxumaq lazımdır. Həmin ilin yanvarında AŞPA Azərbaycanın nümayəndə heyətinin mandatını təsdiqləmədi və bunu ölkənin Avropa Şurasına üzvlük öhdəliklərini, xüsusən demokratiya, insan hüquqları və hüququn aliliyi sahəsində yerinə yetirməməsi ilə əsaslandırdı.
Ardınca Bakı 2025 və 2026-cı illər üçün Assambleyaya nümayəndə heyətinin etimadnaməsini təqdim etmədi. Beləliklə, indiki qətnamə faktiki olaraq dialoqun dayandığı mərhələdə qəbul edilib.
Yeni sənəd əvvəlki qətnamələrdən həm oxşardır, həm də fərqli.
Oxşarlıq ondadır ki, 2017-ci ilin 2184 saylı qətnaməsi də ifadə, birləşmək və toplaşmaq azadlıqları, məhkəmə müstəqilliyi və tənqidçilərə təzyiqlərlə bağlı narahatlıq bildirirdi. 2020-ci ilin 2322 saylı sənədi isə siyasi məhbus probleminin struktur xarakter daşıdığını vurğulayırdı.
Fərq isə fokusun kəskin daralmasındadır. 2026-cı il mətni artıq ümumi demokratik institutlardan çox, birbaşa “tənqidi səslərin susdurulması”na, yəni vətəndaş məkanının daralmasına yönəlir və bunu AİHM qərarlarının icrası ilə bağlayır.
Bu qərar nə vəd edir?
Qətnamənin dərhal hüquqi sanksiya yaratmaq gücü məhduddur, çünki Azərbaycan özü artıq AŞPA-da iştirak etmir. Amma siyasi və diplomatik təsiri az deyil.
Birincisi, sənəd Avropa Şurası səviyyəsində rəsmi institusional çərçivə yaradır. Problem artıq ayrı-ayrı jurnalist və ya fəal işi deyil, “sistemli susdurma” kimi qeydə alınır.
İkincisi, sənəd üzv dövlətləri və Avropa İttifaqını siyasi məhbusların azad olunması üçün ikitərəfli və çoxtərəfli kanallarla fəallaşmağa, siyasi motivli ekstradisiya tələblərini rədd etməyə və risk altında olan fəallara sığınacaq məsələlərinə həssas yanaşmağa çağırır.
Üçüncüsü, 52-ci maddə çağırışı və AİHM qərarlarının icrası mövzusu məsələnin daha sərt hüquqi nəzarət fazasına keçə biləcəyini göstərir.
Uzunmüddətli baxımdan vətəndaş məkanının daralması istənilən siyasi sistem üçün geri əlaqə mexanizmlərini zəiflədir. Müstəqil media, müşahidəçi QHT-lər və hüquq müdafiəçiləri olmadıqda, korrupsiya, idarəetmə səhvləri və sosial narazılıq daha gec görünür. İctimai iştirak azalır, cəmiyyət passivləşir, daxili dialoq isə təhlükəsizlik və loyallıq dili ilə əvəzlənir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi, Avropa Şurası və CIVICUS-un yanaşması da göstərir ki, açıq vətəndaş məkanı yalnız hüquq məsələsi deyil, sabitlik və hesabatlılıq şərtidir. İnsan Haqları Gözətçisinin 2026-cı il hesabatı və CIVICUS Monitor da Azərbaycanda tənqidçilərə və müstəqil mediaya təzyiqin davam etdiyini qeyd edir.
Hakimiyyətin qarşısında nəzəri olaraq üç cavab xətti görünür: AŞPA ilə dialoqu bərpa edib texniki və hüquqi islahatlara getmək; tənqidləri “siyasi qərəz” kimi tam rədd etmək; yaxud müəyyən seçmə güzəştlərlə təzyiqi yumşaltmağa çalışmaq.
Son iki ilin təcrübəsi ikinci variantın üstün olduğunu göstərsə də, uzunmüddətli gərginliyi azaltmaq üçün ən effektiv yol yenə də qanunvericilik və məhkəmə təcrübəsində real dəyişikliklərdən keçir.
Nəticə
24 iyun qətnaməsi Azərbaycan haqqında yeni faktlar kəşf etmir; o, artıq illərdir yığılan siqnalları bir siyasi-hüquqi diaqnozda birləşdirir.
Fərq ondadır ki, bu dəfə söhbət təkcə ayrı-ayrı həbslərdən deyil, bütün vətəndaş məkanının necə daraldığından gedir.
Əsas sual da buradan doğur:
Bakı bunu keçici siyasi tənqid kimi görəcək, yoxsa Avropa Şurası ilə münasibətlərdə və ölkədaxili idarəetmədə daha dərin etimad böhranının xəbərdarlığı kimi oxuyacaq?
AŞPA-nın Azərbaycan qətnaməsi