Bakıdan Afrikaya: Esvatini ilə mədən tərəfdaşlığı Azərbaycana nə vəd edir?
Esvatini ilə mədən tərəfdaşlığı
Bakıda, WUF 13 həftəsinin siyasi və iqtisadi kulisində diqqətdən yayınmayan bir əməkdaşlıq da formalaşdı – Esvatini Krallığının Təbii Sərvətlər və Energetika naziri Şahzadə Lonkhokhela ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında mədən sahəsində əməkdaşlıq memorandumu imzalandı.
Hadisə, Kral üçüncü Msvatinin Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü və WUF13-ün yaratdığı yüksək səviyyəli siyasi fonla üst-üstə düşüb.
Bəs bu memorandum sadəcə diplomatik jestdir, yoxsa Azərbaycanın Afrika siyasətində daha praqmatik və iqtisadi maraqlara söykənən yeni mərhələnin başlanğıcı?
Bu əməkdaşlıq birdən-birə yaranmayıb. 2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov ilə Esvatinin Baş naziri Rassel Dlamini görüşmüş, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını müzakirə etmişdilər.
Bu ilin fevralında isə Azərbaycanın Cənubi Afrikadakı diplomatik nümayəndəsi Esvatinidə Kral üçüncü Msvati ilə görüşdə enerji, nəqliyyat, investisiya və xüsusi olaraq mədən sənayesində birgə layihələr mövzusunu gündəmə gətirmişdi.
Mayın 6-da “AzerGold”un Esvatini səfiri ilə görüşü bu trayektoriyanın korporativ hazırlıq mərhələsi olub.
Esvatini tərəfi ölkənin mineral potensialını, Azərbaycan tərəfi isə öz texniki və idarəetmə təcrübəsini ortaya qoyub. WUF 13-də Esvatini nümayəndəsi Peter Deon Andersonun “bir sıra tərəfdaşlıq sazişləri” barədə dedikləri də bu əməkdaşlığın təkcə bir sənədlə bitmədiyini göstərir.
Memorandumun strateji əhəmiyyəti nədir?
İctimaiyyətə açıq mənbələr bu sənədi konkret yataq üzrə sazişdən çox, “çərçivə” xarakterli əməkdaşlıq platforması kimi təqdim edir. Yəni söhbət birbaşa hasilatın başlanmasından deyil, geoloji məlumat bazasının, texniki biliklərin, investisiya imkanlarının və gələcək birgə layihələrin önünü açan hüquqi-siyasi körpüdən gedir.
Mayın 6-dakı Bakı görüşündə Esvatini səfiri xüsusilə ölkəsinin zəngin mineral resurslarını və “AzerGold”un kəşfiyyat və resurs idarəçiliyi təcrübəsinin bu aktivlərin səmərəli istifadəsində rol oynaya biləcəyini vurğulayıb.
Ən mühüm məqam isə memorandumun enerji diplomatiyası ilə paralel getməsidir. Kral Msvati Prezident Əliyevlə görüşdə SOCAR-ı Esvatinin yanacaq infrastrukturuna, strateji neft ehtiyatı layihəsinə və uzunmüddətli perspektivdə neft emalı zavoduna sərmayə yatırmağa çağırıb.
O, Azərbaycanın Esvatiniyə ildə təxminən 10 milyon barel neft tədarük edə biləcəyini də söyləyib. Prezident Əliyevin öz nazirlərinə mədən və neft emalı imkanlarını nəzərdən keçirməyi tapşırdığı bildirilir. Esvatinin 2026-27 büdcə çıxarışında da 80 milyon litrlik Strateji Neft Ehtiyatı obyektinin 2028-ci ilin sonunadək tamamlanmasının planlaşdırıldığı göstərilir.
Başqa sözlə, Azərbaycanla Esvatini arasındakı bu əməkdaşlıq enerji, nəqliyyat və ticarət əlaqələrini də əhatə edir.
Esvatini mədən sektorunun real mənzərəsi
Esvatini mədən sektoru kiçikdir, amma geoloji baxımdan boş deyil. Mədən hüquqları kralın səlahiyyətindədir. Faydalı Qazların İdarə Edilməsi Şurası və Mədən Departamenti bu sistemi idarə edir, hüquqi çərçivə isə 2011-ci ildə qəbul edilən Mədənlər və Minerallar Qanunu və Almaz Qanununa söykənir.
Sektorun ÜDM və ixracdakı payı təxminən 2 faiz kimi göstərilir. Lakin 2026-27 rəsmi büdcə çıxarışında mədən sektorunun 2025-ci ildə 1.3 faiz gerilədiyi, bununla paralel olaraq əlavə mineral hədəflərinin müəyyənləşdirilməsi üçün 6.13 milyon lilangeni (təxmini 580 min manat) ayrıldığı, həmçinin Təbii Sərvətlər, Enerji və Mədən Nazirliyinə 1.73 milyard (165 milyon manat) büdcə verildiyi qeyd olunur.
Esvatini mineralları barədə ən ürəkaçan nəticə budur ki, ölkədə “bir böyük yataq” yoxdur. Orada müxtəlif, amma yarımçıq işlənmiş yataqlar mövcuddur:
- Antratsit kömür: Maloma Esvatinin ən böyük kömür yataqlarından biridir və burada antrasit kömürü 1992-ci ildən hasil olunur. Rəsmi məlumatlara görə, təkcə Maloma yatağında 35.3 milyon ton kömür ehtiyatı var. Ümumilikdə isə ölkənin kömür ehtiyatları 143.5 milyon ton qiymətləndirilir.
- Qızıl: Esvatinin şimal-qərbində, xüsusilə Piggs Peak ətrafında köhnə qızıl yataqları yerləşir. Hökumət mənbələrinə görə, bu ərazilərdə 1910-cu ildən bəri ümumilikdə 130 min unsiyadan çox qızıl hasil olunub.
- Dəmir filizi: Ngvenya bölgəsində qədim və zəngin dəmir filizi yataqları yerləşir. Hökumət məlumatlarına görə, bu ərazilərdə filizin tərkibində orta hesabla 45 faiz dəmir var.
- Almaz, kaolin, silisium: Dvokolvayo bölgəsindəki almaz yatağında təxminən 5 milyon ton filiz ehtiyatı olduğu bildirilir. Daha əvvəlki qiymətləndirmələr isə burada ildə 80 min karata qədər almaz hasilatı potensialının olduğunu göstərir. Rəsmi məlumatlarda həmçinin Mahlangatşa bölgəsində 700 min ton kaolin, Madinda Hills ərazisində isə 230 min ton silisium ehtiyatı olduğu qeyd olunur.
Bu əməkdaşlıq Esvatini üçün niyə vacibdir?
Esvatini təkcə geoloji deyil, ciddi iqtisadi problemlərlə də üzləşir. Ölkədə gənclər arasında işsizlik 2023-cü ildə 56 faizə çatıb.
15-49 yaş qrupunda İİV yayılması isə 2024-cü ildə 23.4 faiz səviyyəsində qiymətləndirilib.
Mədən sektoru bu problemləri tam həll edə bilməz. Ancaq hökumətin son büdcə sənədləri göstərir ki, Mbabane mədən və enerji sahəsini iqtisadiyyatı yeniləmək üçün strateji istiqamət kimi görür.
Azərbaycanın niyyəti nədir?
Azərbaycan üçün “AzerGold” eyni anda həm iqtisadi diversifikasiya alətidir, həm də xarici iqtisadi ekspansiyanın sınaq platforması.
Dünya Bankı və hökumət strategiyası Azərbaycanın 2022-2026 dövründə qeyri-enerji sahələrində davamlı 5 faiz artım hədəfi qoyduğunu, hidrokarbon sektorundakı eniş fonunda qeyri-neft fəaliyyətinin daha vacibləşdiyini göstərir.
“AzerGold” isə öz rəsmi məlumatına görə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satıb, iqtisadiyyata 1.9 milyard manatdan çox vəsait cəlb edib. Şirkətin Çovdar layihəsində qızıl ehtiyatı 179 min unsiyadan 609 min unsiyaya yüksəlib. 2017-2021-ci illərdə oksid mərhələsində 243,355 unsiya qızıl hasil edilib. Filizçay isə 112.71 milyon ton yeraltı resursla Avropanın aparıcı polimetal yataqlarından biri sayılır.
Bəs niyə məhz Esvatini?
Birincisi, giriş qapısı siyasi olaraq taybatay açılıb: kralın birbaşa dəvəti var.
İkincisi, lisenziya sistemi mərkəzləşmişdir; bu, qərarverməni sürətləndirə bilər.
Üçüncüsü, Esvatini özünü Cənubi Afrika və Mozambik arasında enerji-logistika qovşağı kimi təqdim edir və regional yanacaq, hətta emal ambisiyasını açıq şəkildə ortaya qoyur.
Dördüncüsü, bu əməkdaşlıq yalnız mineral ehtiyatların çıxarılması ilə məhdudlaşmır. Azərbaycan və Esvatini münasibətləri daha geniş siyasi və iqtisadi tərəfdaşlıq formatına çevirməyə çalışır. Hər iki ölkə BMT və Qoşulmama Hərəkatında siyasi əməkdaşlığı gücləndirməyə çalışır, Azərbaycan isə “ASAN xidmət” modelini Afrika ölkələrinə ixrac edir. Yəni söhbət həm də siyasi və diplomatik əməkdaşlıqdan gedir.
Qazanclar və risklər
Əgər memorandum konkret layihələrə çevrilərsə, Esvatini texnologiya transferi, yeni kəşfiyyat, laboratoriya və resurs qiymətləndirməsi, məşğulluq və ixrac portfelinin genişlənməsi kimi bir sıra faydalar qazana bilər.
Azərbaycan isə “AzerGold” vasitəsilə xaricdə ilk ciddi mədən portfelini sınaqdan keçirə, mühəndislik və xidmət ixracını artıra, Qlobal Cənubda siyasi çəkisini gücləndirə bilər. Bu mənada sənəd Azərbaycanın qeyri-neft strategiyasının beynəlxalqlaşması üçün də pilot rol oynaya bilər.
Amma risklər də mövcuddur:
- Birincisi, bazar riski var. Esvatinin ən böyük kömür layihələrindən biri olan Maloma Colliery son aylarda əsas alıcılarından gələn tələbin azalması səbəbindən hasilatı azaltmağa və işçilərin bir hissəsini ixtisar etməyə məcbur olub. Bu hadisə göstərir ki, Esvatinin mədən sektoru hələ də əsasən Cənubi Afrika bazarından asılıdır. Əgər regionda sənaye istehsalı zəifləyirsə və ya polad, enerji kimi sahələrdə tələb azalırsa, bu, Esvatinin mədən layihələrinə və məşğulluğa birbaşa təsir edir.
- İkincisi, Esvatinin mədən sektorunda infrastruktur və su çatışmazlığı problemi mövcuddur. Hökumətin mineral resurs sənədlərində qeyd olunur ki, bəzi kömür yataqlarının tam işlənməsi üçün əlavə dəmir yolu xətləri, su anbarları və yeni yaşayış məntəqələri lazımdır. Hasil olunan kömür və ya filiz limanlara və sənaye müəssisələrinə daşınmadan layihələr iqtisadi baxımdan səmərəli olmur. Eyni zamanda, mədən fəaliyyəti böyük həcmdə su tələb etdiyindən yeni su infrastrukturu da vacib sayılır.
- Üçüncüsü isə idarəetmə və ekoloji standartlarla bağlı risklərdir. Esvatini hökumətinin sənədlərində vurğulanır ki, mədən layihələrində ətraf mühitə nəzarət gücləndirilməli, yerli əhalinin maraqları qorunmalı və iqtisadi fayda daha ədalətli bölüşdürülməlidir. Bu isə göstərir ki, ölkədə mədən sektorunun inkişafı üçün imkanlar böyük olsa da, layihələrin həyata keçirilməsi mürəkkəb idarəetmə və sosial məsələlərlə müşayiət oluna bilər. Yəni bazara daxil olmaq nisbətən asan görünür, amma layihələri uzunmüddətli və səmərəli şəkildə həyata keçirmək daha çətin prosesdir.
Praktik baxımdan əsas məsələ yaxın aylarda atılacaq addımlardır. Əgər tərəflər növbəti 6-12 ay ərzində birgə işçi qrupları yaradıb konkret pilot layihələr seçsələr, məsələn, qızıl yataqlarının kəşfiyyatı və ya Ngvenya dəmir filizi üzrə texniki qiymətləndirmə aparsalar, Azərbaycan-Esvatini mədən əməkdaşlığı diplomatik jestdən real iqtisadi tərəfdaşlığa çevrilə bilər. Əks halda, bu sənəd WUF 13 çərçivəsində imzalanmış, lakin praktik nəticə verməyən çoxsaylı əməkdaşlıq memorandumlarından biri kimi qalacaq.
Esvatini ilə mədən tərəfdaşlığı