Gürcüstanın keçmiş baş naziri Qaribaşvili üç illik fasilədən sonra siyasətə qayıdıb
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili siyastə qayıdır. Bu gözlənilməz qərar haqda “Gürcü arzusu” iqtidar partiyasının siyasi şurasının partiyanın mərkəzi ofisində baş tutan iclasında məlum olub. İclas Bidzina İvanişvilinin sədrliyi altında keçirilib. Qaribaşvili özü də iclasda iştirak edib.
Qaribaşvili “Gürcü arzusu” partiyasının siyasi katibi vəzifəsində Qiya Volskini əvəz edəcək.
Ekspertlər hesab edirlər ki, bu qərar İvanişvili və onun komandasının necə dərin böhran içində olduğunu bir daha sübut edir. Müşahidəçilərin fikrincə, Qaribaşvilinin missiyası dağılmağın astanasında olan iqtidar partiyasının xilasından ibarətdir.
KİV-də yayılan məlumata əsasən, İrakli Qaribaşvili Mtatsminda seçki dairəsindən majoritar seçkilərdə iştirak edəcək. Bu mandat 2016-cı ildə parlamentə majoritar seçkilərdə qələbə qazanan Salome Zurabişvili Gürcüstanın prezidenti seçiləndən sonra boşalıb.
Qaribaşvilinin qısa dosyesi
İrakli Qaribaşvili son üç il ərzində praktiki olaraq geniş kütlə qarşısında görünməyib.
2015-ci il dekabrın 23-də o, baş nazir vəzifəsində 2 il işləyəndən sonra qəfil istefaya gedib. Bir sıra jurnalistin ondan baş nazir kimi imzalanmış yeni il açıqçası alması da bunun gözlənilməz addım olduğunu bir daha təsdiyləyir.
Qaribaşvilinin istefası haqda əhali onun qabaqcadan yazılmış 5 dəqiqəlik tele-müraciətindən xəbər tutub. Həmin çıxışında Qaribaşvili “tarixi nəticələr” haqda danışsa da, istefasının səbəbini açıqlamayıb.
•Nəhəng ağaclar – milyarderin son həvəsi
“İstənilən vəzifə müvəqqətidir, mənim əzizlərim. Yalnız Yaradan və Vətən daimidir. Buna görə də bu gün mən baş nazir vəzifəsini tərk etmək qərarı vermişəm”, – o bildirib.
Daha sonra İvanişvili etiraf edib ki, istefa qərarı şəxsən onunla məsləhətləşmədən sonra qəbul olunub.
Qaribaşvili 2013-cü ildə baş nazir vəzifəsində Bidzina İvanişvilini əvəz edib. Buna qədər bir il ərzində o, daxili işlər naziri vəzifəsində çalışıb.
Qaribaşvili siyasətə 2011-ci ildə İvanişvili ilə birlikdə gəlib. Buna qədər o, 8 il müddətində milyarderin yanında işləyib.
Qaribaşvili az qala yeganə yüksək vəzifəli məmurdur ki, istefasından sonra da İvanişvilinin ona müsbət münasibəti dəyişməyib (keçmiş baş nazir Kvirikaşvili və keçmiş prezident Marqvelaşvilidən fərqli olaraq. İvanişvili onları hələ də kəskin tənqid edir).
“Gürcü arzusunun” böhranı
Son bir ay ərzində iqtidar partiyası sıralarında böhran yaşandığı aşkardır və Qaribaşvilinin siyasət meydanına qayıtması müşahidəçilər tərəfindən böhranın növbəti sübutu kimi dəyərləndirilir.
Son iki həftə ərzində parlament çoxluğunu “Gürcü arzusu” partiyasından olan 7 deputat tərk edib. Daha bir neçə deputat partiya sıralarını tərk etməyə hazır olduğunu bildirib.
•Mamuka Xazaradze: daxili işlər naziri təhdid dolu məktub göndərib
•Hakimlərin müddətsiz təyinatı ilə bağlı məsələ və çoxluq arasında parçalanma
“Gürcü arzusunun” tərkibində parçalanmanın səbəbi parlament çoxluğunun adları şübhəli məsələlərdə hallanan 10 hakimin qeyri-məhdud müddətə Ali Məhkəməyə təyin etmək cəhdi ilə bağlıdır. “Gürcü arzusundan” olan deputatların bir qismi bu plana qarşı çıxıb. Onlar hakim partiyanı tərk etməli olublar.
Paralel olaraq 2019-cu ildə “Gürcü arzusu” ölkənin ən iri bankı olan TBC-bank ətrafında yaranan daha bir qalmaqalın mərkəzinə gəlib. Bu məsələ yeni çalarlar almağa başlayıb – TBC-nin banisi Mamuka Xazaradze Gürcüstanın daxili işlər nazirini ona təhdid dolu məktub göndərməkdə günahlandırıb.