TBC-bankın qurucusunun sözlərinə görə, prokurorluğa bu barədə məlum idi, lakin o, reaksiya vermədi" />

Gürcüstanın ən iri bankının təsisçisi DİN başçısının ona hədə-qorxu gəldiyini deyir

TBC-bankın qurucusunun sözlərinə görə, prokurorluğa bu barədə məlum idi, lakin o, reaksiya vermədi

Badri Caparidze və Mamuka Xazaradze. Foto: Mziya Saqanelidze, Azadlıq Radiosu

Gürcüstanın əsas maliyyə institutlarından biri olan TBC-bankın qurucusu Mamuka Xazaradze bildirib ki, ölkənin daxili işlər naziri Giorgi Qvaxariya ona hədə-qorxu gəlib.

Xazaradze məlumat verib ki, hədə-qorxu onun aldığı məktubda əksini tapıb.

•Nəyə görə İvanişvili TBC-bankla mübarizə aparır?

Bütün bunlar barədə Xazaradze Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin iclasındakı çıxışında məlumat verib. O, 2008-ci ildə baş vermiş səs-küylü tranzaksiyanın bütün təfərrüatları barədə deputatlara danışıb.

Artıq bir neçə aydır ki, Gürcüstanın ən iri bankı ətrafında qalmaqal davam edir.

 

Baş Prokurorluq TBC-bankın Müşahidə Şurasının sədri Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin adlarının hallandığı 11 il əvvəlki tranzaksiyanın təfərrüatlarını araşdırır.

 

Prokurorluğun fikrincə, həmin əmıliyyatda 17 milyon dollar məbləğində pulun yuyulması əlamətləri mövcuddur. Sonradan işə Milli Bank da qoşulub və TBC-bankın səhmdarlarından Xazaradze və Caparidzenin tutduqları vəzifələrdən uzaqlaşdırılmalarını tələb edib, bunun üçün iki ay vaxt verib.

 

Fevralın 21-də Mamuka Xazaradze TBC-bankın Müşahidə Şurasının sədri vəzifəsini tərk edib. Maraqlıdır ki, müxalifətin və iqtisadi məsələlər üzrə ekspertlərin fikrincə, baş verənlərin siyasi pərdəarxası mövcuddur.

 

Daha dəqiq desək, burada söhbət keçmiş baş nazir və Gürcüstanın qeyri-formal rəhbəri Bidzina İvanişvili ilə Mamuka Xazaradzenin şəxsi qarşıdurmasından gedir. TBC-banka qarşı rezonans doğurmuş işdən əvvəl İvanişvilinin Xazaradzeyə qarşı əlamətdar bəyanatları səslənmişdi. 

 

Gürcüstanın 1 nömrəli bankiri deyir ki, Qvaxariyanın məktubunu 2018-ci ilin noyabrında – prezident seçkilərinin ikinci turunun ərəfəsində alıb. DİN rəhbəri ona müəyyən tapşırıqlar verərək bunlar yerinə yetirilməzsə “nüfuzunun darmadağın ediləcəyi” ilə hədə-qorxu gəlib.

Xazaradze deyir:

«Prezident seçkilərinin ikinci turu ərəfəsində mən yüksək vəzifəli məmurların birindən məktub aldım və o, mənə hədə-qorxu gələrək bildirir ki, həm ölkə daxilində, həm də beynəlxalq arenada nüfuzumu darmadağın edəcək. Bu məktub məndədir. Çox təəccübləndim ki, hədə-qorxu kağızda yazılıb, mənə sözlə ünvanlanmayıb. Məktubda tələblər var ki, bunları biz, aydın məsələdir ki, yerinə yetirmədik. Sonra baş verənləri isə bilirsiniz», — Xazaradze bildirib.

Bununla birlikdə, Xazaradze məktubu dərc etməkdən boyun qaçırır.

«Məktubu daxili işlər naziri Giorgi Qvaxariya imzalayıb. Mən əlimdə məktublarla jurmalistlərin qarşısında qaçacaq vəziyyətə düşmək istəmirəm. Bu məktubda bizdən tələb olunanları yerinə yetirmədiyimiz üçün meydana gələn hədə-qorxular var», — Xazaradze bildirib.

Xazaradzenin sözlərinə görə, istənilən qanuna tabe vətəndaş kimi, o, bütün məlumatları müvafiq orqanlara təqdim edib. Onun sözlərinə əsasən, dindirilmə vaxtı prokurorluğu baş verənlərlə tanış edib, hərçənd, dindirilmədə iştirak edən üç prokuror bununla maraqlanmayıb:

«Qəribə olan odur ki, mən bunu dindirilməmin protokolunda bildirmişəm, lakin bundan sonra da həmin işə başlanmayıb. Hakim və üç prokuror mənə bir sual da vermədilər. Dedim ki, təzyiq altındayam, hədə-qorxu dolu məktub almışam, lakin heç kim nəinki sual vermədi, iş də qaldırmadı, əksinə, yanvarın 9-da qorxunc bir bəyanatla çıxış etdilər ki, bu, bizim investorlara 90 milyon zərər vurub… Dindirilmənin protokolu ilə tanış ola bilərsiniz. Əgər həmin protokolin üstündə “məxfi” dərkənarı yoxdursa, prokurorluq bu protokolu niyə dərc etmir?!» — Xazaradze parlamentdə bəyan edib.

Xazaradzenin bəyanatına artıq Gürcüstan Baş Prokurorluğu reaksiya verib. Onun nümayəndələri bildiriblər ki, TBC-bankın qurucusu Mamuka Xazaradze dindiriləcək və ünvanına daxil olmuş hədə-qorxularla bağlı ittihamlarını sübuta yetirsə, buna hüquqi qiymət veriləcək.

_______

•TBC – Gürcüstanın aparıcı banklarından biridir və 2 milyona yaxın müştəriyə xidmət göstərir. O, 1992-ci ildə qurulub. Bu, aktivlərinin həcminə görə Gürcüstann birinci bankı və depozitlər seqmentində bazarın lideridir. TBC-bank və onun törəmə qurumlarında 7 minə yaxın insan işləyir.


More on JAMnews