26 may "Gürcü xristian dövləti" şüarı altında: Müstəqillik Gününün mahiyyəti necə dəyişir
Gürcüstanda Müstəqillik Günü

26 may Gürcüstanda milli bayram olan Müstəqillik Günü qeyd olunur. Bu il hakimiyyət bu tarixə açıq dini vurğu verib: əvvəlki illərdə Gürcüstan və Avropa İttifaqı bayraqlarının asıldığı parlament binasında bu dəfə mərhum patriarx II İliyanın təsviri və dini məzmunlu şüarlar yerləşdirilib: “Gürcü xristian dövləti” və “Gürcüstanın xristianlaşdırılmasının 1700 illiyi”.
Bu “yenilik” cəmiyyətin bir hissəsində sual yaradıb: niyə 26 mayın rəsmi mesajı dövlətçilikdən dini kimliyə yönəlib? Dövlət bununla digər dini konfessiyalara mənsub vətəndaşlarına nə demək istəyir?
Niyə məhz 26 may?
1918-ci il mayın 26-da Tiflisdə (indiki Tbilisi), keçmiş Qafqaz canişininin iqamətgahında Gürcüstan Milli Şurası ölkənin Müstəqillik Aktını qəbul edib. Saat 17:10-da Gürcüstan Demokratik Respublikasının yarandığı elan olunub.
Birinci Gürcüstan Respublikası 1028 gün mövcud olub. 1921-ci ildə Gürcüstan növbəti 70 il üçün Sovet Rusiyası tərəfindən işğal edilib.
Həmin 70 il ərzində 26 may və Birinci Respublika haqqında danışmaq qadağan idi.
1991-ci il aprelin 9-da Zviad Qamsaxurdiyanın rəhbərlik etdiyi Gürcüstan Ali Soveti məhz 1918-ci il 26 may tarixli Akt əsasında müstəqilliyin bərpasını elan edib. Buna görə də 26 may sadəcə tarixi gün deyil. Bu, bugünkü Gürcüstan dövlətinin siyasi və hüquqi başlanğıcıdır.
Nə dəyişib
Parlament binasındakı banneri tənqid edənlərin fikrincə, bu, sadəcə bayram tərtibatı deyil, onun mahiyyətinin dəyişdirilməsidir: vətəndaşlıq və respublika ideyasına əsaslanan hadisənin dini-identiklik diskursuna keçirilməsidir.
Yazıçı Laşa Buqadze “Formula” telekanalının efirində parlamentin fasadında patriarxın portretinin yerləşdirilməsini və Avropa İttifaqı simvollarının yoxa çıxmasını hakim “Gürcü Arzusu” partiyasının “ümumi davranış və ritorikasının bir hissəsi” kimi qiymətləndirib.
Buqadzenin sözlərinə görə, bu, hakimiyyətin tarix, din və ənənələrlə manipulyasiya etdiyi, özünü tarixin yeganə qanuni varisi kimi təqdim etdiyi siyasi məntiqə uyğundur:
“Avtoritarlar, diktatorlar, populistlər məhz tarix, din və ənənələrlə bağlı mövzularla manipulyasiya edirlər”, – o deyir.
Buqadzenin qiymətləndirməsinə görə, indiki hakimiyyətin mesajı ondan ibarətdir ki, tarixin, inancın və milli kimliyin həqiqi davamçısı məhz odur:
“Bütün avtoritarlar və diktatorlar kimi, onlar da tarixlə manipulyasiya edir və bildirirlər ki, mərhum II İliyanın davamçıları və 1700 illik xristian tarixinin varisləri məhz onlardır”.
Din siyasi dil kimi
26 mayın qeyd olunmasına yeni yanaşmanın əleyhdarlarının fikrincə, problem xristianlığın Gürcüstan tarixində mühüm yer tutmasında deyil. Bu, tarixi faktdır, siyasi mübahisə predmeti deyil. Problem başqadır: 26 may kilsə təqvimindəki tarix deyil. Bu, müstəqil respublikanın doğum günüdür.
Buna görə də “Gürcü xristian dövləti” şüarı çoxları tərəfindən ənənələrə hörmət kimi yox, Müstəqillik Gününün mahiyyətinin vətəndaş-siyasi məkandan dini-identiklik məkanına keçirilməsi kimi qəbul olunur.
Ssenarist Keti Devdariani bu prosesi din üzərindən “parazitlik” adlandırır:
“Bu, din üzərindən parazitlikdir, çünki təbliğat həmişə emosional komponentə söykənir. Buna görə də onlar ya kimliyimizin müxtəlif tərkib hissələri, o cümlədən din üzərindən parazitlik edir, ya da emosiyalara, qorxuya, nifrətə, sevgiyə, ressentimentə təsir göstərirlər”.
Onun sözlərinə görə, “mənaların tam dəyişdirilməsi… sekulyar dövlətin simvolik demontajı” baş verir.
Devdariani hesab edir ki, Gürcüstan teokratik dövlətə çevrilə bilməyəcək, lakin hakimiyyət siyasi legitimlik üçün dini simvolikadan istifadə edir.
Laşa Buqadzenin sözlərinə görə, 26 may 70 il ərzində qadağan olunmuş “azadlıq tarixidir”:
“26 mayı bolşeviklər və qırmızı Rusiya qadağan etmişdi. Rusiya siyasəti, istər ağ, istər qırmızı, istərsə də putinçi olsun, bu azadlıq tarixini həzm edə bilmir və onu özü üçün qəbuledilməz sayır”.
Məhz buna görə, onun fikrincə, 26 mayın mahiyyəti ilə bağlı mübahisə sadəcə bannerlər və ya dizayn məsələsi deyil. Bu, Müstəqillik Günündə cəmiyyətin nəyi xatırlamalı olduğu barədə mübahisədir.
Sekulyar dövlət və çoxdinli cəmiyyət
Gürcüstan Konstitusiyaya görə sekulyar dövlətdir. Əhalinin əksəriyyəti pravoslav olsa belə, dövlət hər hansı dinin siyasi davamı hesab olunmur.
Gürcüstan eyni zamanda çoxdinli ölkədir. 2014-cü il əhalinin siyahıyaalınmasına görə, ölkədə 398 677 müsəlman yaşayırdı ki, bu da əhalinin təxminən 11 faizini təşkil edir. Bundan başqa, katoliklər, Erməni Apostol Kilsəsinin üzvləri, yəhudilər, digər dini qruplar və özünü heç bir dinə aid etməyən vətəndaşlar da var.
Müstəqillik Gününün rəsmi şüarı kimi “Gürcü xristian dövləti” ifadəsinin seçilməsi bu baxımdan da problemli görünür.
Azərbaycan icmasının nümayəndəsi və “Vətəndaş Bərabərliyi Platforması”nın təsisçisi Samirə İsmayılova deyir ki, müsəlman və Gürcüstan vətəndaşı kimi onun üçün 26 mayla bağlı indiki mesajlar “təhqiredici” və “qəzəbləndirici” görünür:
“Bu şüar təhlükəli zəmin yaradır, Gürcüstan vətəndaşlarını çeşidləyir. Milli kimlik elə formalaşdırılır ki, Gürcüstanda yaşayan digər etnoslar və dini qruplar sadəcə görünməz olur. Bu, təkcə mənəvi baxımdan ağrılı deyil, həm də cəmiyyət üçün zərərlidir”.
Bununla belə, o əlavə edir ki, “Gürcü Arzusu”nun belə yanaşması onu təəccübləndirməyib:
“Onsuz da bizə daim qonaq kimi baxırlar. Mən müsəlman azərbaycanlı olaraq özümü bu ölkədə hansısa əlavə element hesab etmirəm. Mən düşünmürəm ki, burada kimsə dominantdır, mən isə ikinci dərəcəliyəm”.
Samirə İsmayılova hesab etmir ki, bu məsələ ilə bağlı Xalq Müdafiəçisi Aparatından (Ombudsman) hər hansı reaksiya gələcək.
“Təəssüf ki, bu gün ölkədə artıq bu dəyərlərin müdafiəsi ilə məşğul olan dövlət institutu qalmayıb”, – o deyir.
Gürcüstanda Müstəqillik Günü