İlkin versiyaya görə, hər iki qız zorla ərə verildikləri üşün özünü asıb " />

Azərbaycanda iki qız intihar edib – cəmiyyət valideynləri günahlandırır

İlkin versiyaya görə, hər iki qız zorla ərə verildikləri üşün özünü asıb

Azərbaycanda bir həftə içində iki 17 yaşlı qız özünə qəsd edib. İlkin versiyaya görə, valideynləri onları zorla ərə vermək istədikləri üçün qızlar özlərini asıblar. Bu intihar hadisələri cəmiyyətdə narahatlıq doğurub və yenidən məcburi erkən evliliklər problemini gündəmə gətirib.

• Məzun gecəsi əvəzinə toy: Azərbaycanda çoxları hesab edir ki, qadın oxumalı deyil

• Gürcüstanda seksual təhsil: məktəblərdə “seks” sözünün səslənməsinə kim etiraz edir?

İki eyni cür intihar

Birinci hadisə iyulun 30-da ölkənin şimalında Əliabad kəndində baş verib. 17 yaşlı Gülnar İsmayılova evlərinin həyətindəki tövlədə özünü asıb.

Avqustun 6-da eyni cür intihar Azərbaycanın cənub-şərqində Əliqasımlı kəndində baş verib. Orada özünü asan Aysun Hacıyevanın da 17 yaşı olub.

Hər iki hadisə ilə bağlı prokurorluq “intihar həddinə çatdırma” maddəsilə cinayət işi qaldırıb. Əgər qızları zorla ərə vermək istədikləri üçün onların özlərinə qəsd etdikləri sübuta yetirilərsə, valideynlərini 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ənənəvi problem, yoxsa problemli ənənə

Azərbaycanda rəsmi evlilik yaşı 18-dir. Amma reallıqda bir çox qızlar (xüsusən də cənub regionunda) 15-17 yaşlarında ərə verilirlər, çox vaxt bu, zorla baş tutur.

Adətən belə nikahlar rəsmən qeydiyyata alınmır, sadəcə toy mərasimi keçirilir.

Erkən və məcburi nikahlar Azərbaycanda patriarxal ənənələrin diqtəsilə mövcud olan çox yayılmış problemdir. Yalnız qadınları yox, kişiləri də əhatə edir – bu haqda JAMnews-un məqaləsindən oxumaq mümkündür.

Qadın problemləri ilə məşğul olan yerli təşkilatlar bu problemlə mübarizə aparsalar da, hələlik bir nəticəsi yoxdur.

Ekspert rəyləri

Birinci intihar cəmiyyətdə böyük rezonans doğurmuşdu, ikincisi isə narahatlığı bir qədər də artırdı.

BMT-nin Qadınlara qarşı Diskriminasiyanın Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov xatırladır ki, bu hadisələr “qadını nikaha məcbur etmək” maddəsinin təsiri altına düşür. Düzdür, bu maddə hələ bircə dəfə də olsun tətbiq edilməyib.

“Cəmiyyətdə mübarizə getməyincə, bu cür problemlər mövcud olacaq”, – Səfərov deyib.

Parlament deputatı Aytən Mustafazadə ümid edir ki, valideynlərin günahı sübut olunacaq, onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər və bu, bütün digər valideynlərə dərs olacaq.

Sosial şəbəkələrdə reaksiya

Sosial şəbəkələrdə bu mövzu qızğın müzakirələrə səbəb olub. 

Şəbəkə istifadəçiləri iki düşərgəyə ayrılıblar.

Birincilər hadisələrdə cəhalət, seksizm və Azərbaycanda uşaq və qadınların hüquqlarının addımbaşı pozulması əlamətlərini görürlər; 

İkincilər hesab edirlər ki, məcburi evlilik özünə qəsd etmək üçün səbəb deyil və bu intiharların səbəbini başqa yerdə axtarmaq lazımdır.

Bəzi şərhlər:

“Bu intiharları gözə soxmaq lazım deyil. Psixikası zəif olan gənclər getdikcə daha çox bu cür neqativin təsiri altına düşür”; 

“Əksinə, gözə soxmaq lazımdır! Bu problemdir, o mövcuddur və onu həll etmək lazımdır, daha ört-basdır etmək yox!”;

“Bu qızlar yəqin hansısa sektaya qoşulublar, onların telefonlarını və kompüterlərini yoxlamaq lazımdır”; 

“Biz 21-ci əsrdə yaşayırıq! Bu nə orta əsrlərdir belə?! Bu cür valideynləri məsuliyyətə cəlb etmək lazımdır”.


More on JAMnews