Gürcüstanda seksual maariflənmə: məktəblərdə "seks" sözünün səslənməsini kim istəmir?
Gürcüstan seksual maarifləndirmənin milli təhsil planında yer almadığı ölkələr sırasındadır. Şagirdlər insanın reproduktiv sistemi haqqında məlumatı biologiya dərsliklərindən alırlar, amma təhlükəsiz seks, kontraseptiv və seksuallıq haqqında məktəbdə heç kim heç bir söhbət aparmır. Gürcüstan təhsil və elm nazirliyi bəzi dəyişikliklər etməyi planlaşdırır.
Nazirlikdə seksual maarifləndirmə haqqında dəqiq formalaşdırılmış bir təsəvvür yoxdur, halbuki 2018-ci ildən məktəblərdə gender bərabərliyindən tutmuş seksual maariflənməyə qədər müxtəlif mövzulara toxunan “Mən və cəmiyyət” adlı yeni fənn tədris olunacaq. Amma hələ ki, bu fənn üzrə dərsliklər yoxdur. Bununla yanaşı, artıq ideyaya qarşı çıxanlar da var. Gürcüstan məktəbliləri öz biologiyaları haqqında nə bilir və məktəblərdə “seks” sözünün işlənməsinə qarşı çıxan kimdir?
15 yaşlı Nino öz çantasından biologiya dərsliyini çıxarır, vərəqləməyə başlayır və hardasa ortalarda illüstrasiyalarla kişi və qadın cinsi orqanları təsvir olunan fəsildə dayanır. Fəsil “Reproduktiv sistem” adlanır. Vərəqin sağ küncündə “Oxu!” yazılı qeyd var.
“Bu fəsli bizə evdə oxumağa tapşırıblar. Yəqin biologiya müəlliməsi bu mövzuda danışmağın o qədər də xoş olmadığına qərar verib”, – Nino belə düşünür.
Gürcüstan elm və təhsil nazirliyinin rəsmi olaraq təsdiq etdiyi dərsliklərdə seksual maariflənmə sadəcə iki fəsildə yer alır. Bu, 8-ci sinif biologiya dərslikləridir. Onlardan biri 174 səhifədən ibarətdir. Seksual maariflənmə mövzusuna altı səhifə ayrılıb. Ninonun sözlərinə görə, dərslərdə məhz bu mövzunu görməzlikdən gəlib, üstündən ötüb keçiblər.
8-ci sinifdən sonra heç bir dərslikdə seksual maariflənmə haqqında heç nə yoxdur. 9-12-ci siniflər üçün biologiya dərsliklərində seksual maariflənmə məsələsinə sırf bioloji səviyyədə sadəcə çoxalma yönündə toxunulur.
Ninonun 39 yaşlı anası Maka öz uşaqlıq xatirəsini bölüşür:
“Səkkizinci sinifdə sinif yoldaşım hamilə qaldı. Biz, onun rəfiqələri bunun necə baş verdiyini soruşanda o, sevgilisinin şalvarını geyərək, təsadüfən hamilə qaldığını dedi. O vaxt bir çoxlarımız inandıq. Sinif rəhbərimiz şagirdin hamilə qalmasından xəbər tutanda oğlanları qucaqlayaraq gəzən hər bir qızın başına belə şeyin gələcəyinə dair bizi xəbərdar etdi. O vaxt biz seks haqda heç nə bilmirdik və bu mövzuda heç kimdən heç nə soruşmurduq”, – Maka deyir.
Maka qızının insan bədəni, infeksiya və viruslardan və ya arzuolunmaz hamiləlikdən necə qorunmaq lazım olduğu haqda məlumatlı olmasını istəyir. Amma qızı ilə bu mövzuda söhbət heç də həmişə baş tutmur – qızı utanır, söhbətdən qaçır, onsuz da hər şey haqda məlumatlı olduğunu deyir.
“Əgər mənim uşaqlığımda məlumat qıtlığı hiss olunurdusa, indi hər şey tərsinədir, uşaqlar informasiya, həmçinin ən absurd informasiya bolluğundadır. Bu mövzu yeniyetmələri çox maraqlandırır, ona görə də onlar bilikləri naməlum saytlardan deyil, ixtisaslaşmış, etibarlı mənbə və mütəxəssislərdən almalıdır”, – Maka deyir.
Seksual maariflənmə harada və necə baş verir?
Seksual maariflənmə insan seksuallığı, anatomiyası, reproduktiv sağlamlıq, təhlükəsiz seks, kontrasepsiya vasitələri, cinsi və başqa yollarla keçən xəstəliklər və s. haqda fəndir.
Bir çox Avropa ölkələrində bu, mütləq fəndir. Bu fənin tədris olunduğu dövlət məktəblərində erkən nikahlar, hamiləliklər, abortlar, cinsi yolla keçən xəstəliklərin sayı kəskin şəkildə azalıb, gənclər qorunmadan baş vermiş seksin nəticələri haqqında anlayış əldə edirlər. Bu yöndə ən inkişaf etmiş ölkə İsveçdir, burada seksual maariflənmə fənni hələ 1950-ci ildən icbari fənn olub.
Niderlandda insan biologiyası və seksual maariflənmə haqqında uşaqlara hələ bağçadan danışırlar. Bu ölkədə dünya üzrə yeniyetmə hamiləliyi göstəriciləri ən aşağı səviyyədədir.
Amerika məktəblərində seksual təhsil iki əsas istiqamət üzrə keçilir. Birincisi – absistent [Abstinence Only Until Marriage (AOUM)] və ya nikaha qədər seksdən uzaq olma üzərində qurulmuş, ikincisi tam, kompleksli seksual maarifləndirmədir, bu zaman şagirdlərə evlənənə qədər seksual münasibətlərdən uzaq olmaq məsləhət görülür, eyni zamanda da kontrapseptivlər haqda geniş məlumat verilir.
Abstinence Only Until Marriage yəni nikahdan əvvəl seksual münasibətlərdən uzaq olma proqramı fonunda bir sıra araşdırmalar sübut etdi ki, amerikalı yeniyetmələri təhlükəsiz seks, reproduksiya haqda məlumatlılıqda avropalı həmyaşıdlarından qat-qat geri qalır. Amma Amerikanın mühafizəkar hissəsi indiki sistemi dəstəkləyir, tibb sahəsi mütəxəssislərinin mənfi qiymətlərinə baxmayaraq, 2016-cı ildə Donlad Tramp administrasiyası bu proqrama bir milyon dollar ayırıb.
Dünya praktikası və konkret rəqəmlərin əksini sübut etməsinə baxmayaraq, Gürcüstanda seksual maarifləndirmənin əleyhinə çıxanların əsas arqumenti ondan ibarətdir ki, maarifləndirmə erkən seksual həyata başlamağa sövq edir.
- 2015-ci ildə Gürcüstanda 1449 yetkinlik yaşına çatmamış qız uşaq dünyaya gətirib, 183 qız ailə qurmaq naminə məktəbi atıb. Onların ən balacasının 13 yaşı var.
- 2016-cı ildə Gürcüstanda rəsmi olaraq 30 min abort qeydə alınıb. 2008-ci ildə bu göstərici 22 min idi.
- Zöhrəvi xəstəliklərə yoluxma hallarının sayı artır. HİV-ə yoluxmuş və xəstələrin dinamikası analojidir: 2008-ci ildən 2016-cı ilə qədər yoluxanların sayı 1851-dən 5877 nəfərə qalxıb.
- Gürcüstanda bu günə qədər də qızlar bakirəliyin bərpası əməliyyatları etdirir. Bu prosedur himenoplastika adlanır, Tbilisidə ən azı dörd klinikada bu cür əməliyyatlar edilir. Gürcüstan milli xəstəliklər və sağlamlığa nəzarət mərkəzinin məlumatına görə, rəsmi statistika himenoplastika göstəricisinin o qədər də yüksək olmadığını göstərir, amma xüsusilə son üç ildə artım tendensiyası müşahidə olunur. 2015-ci ildə 18, 2016-cı ildə 20, 2017-ci ilin altı ay ərzində isə 22 bu cür əməliyyat keçirilib.
“Həyəcan siqnalları”
Seksual maarifləndirmə fənni Gürcüstanda hələ icbari fənn sayılmır, amma bu ssenariyə kiçik bir eyham belə Gürcüstan ictimaiyyətində böyük ajiotaja səbəb olub.
Hələ 2015-ci ildə belə bir məlumat yayıldı ki, Gürcüstan elm və təhsil nazirliyi 2016-2017-ci tədris ilində “Mən və cəmiyyət” adlı yeni fənn tətbiq etmək niyyətindədir.
Yeni fənin əsas məqsədi kimi vətəndaş sayıqlığın artırılması göstərilirdi. Gözlənilirdi ki, dərslərdə məişət zorakılığı, gender məsələləri, tolerantlıq, sağlam həyat tərzi qaydaları, şəxsi gigiyenadan bəhs ediləcək.
Fənin standartı müəyyən olunub, dərslik yazmaq üçün müsabiqə elan olundu. Amma layihə dayandı, bu cür fənin tədrisinə qarşı əvvəlcə ruhanilər, daha sonra da təhsil nazirliyinə etiraz məktubu yazan Gürcüstan ictimaiyyətinin məşhur nümayəndələri çıxış etdi.
Məşhur rejissorlar, müğənnilər, bəstəkarlar, idmançılar, alimlər və biznesmenlər tərəfindən imzalanan məktub “Həyəcan siqnalları” adlanır və bu sözlərlə başlayırdı:
“Təhsil Nazirliyi Avropa Birliyinin tapşırığı ilə bizim uşaqlara qarşı iri miqyaslı hücum planlaşdırır. Yeni “Mən və cəmiyyət” və “Mənim Gürcüstanım” icbari fənlərinin əsas məqsədi bir tərəfdən 7-13 yaşlı ibtidai sinif şagirdlərinin o yaş üçün qorxunc biliklərlə şüurlarının zəhərlənməsi, digər tərəfdən milli-dini dünyagörüşünün qəbul edilməzliyinin yeridilməsi, əsrlərlə formalaşan həyat tərzinin məhv edilməsidir”.
Cavab olaraq o vaxtkı təhsil naziri Tamar Sanikidze ictimaiyyətin yanlış anladığını və dərsliklərin son versiyasının ümumiyyətlə olmadığını bəyan etdi. Sanikidze dedi: “Biz patriarxlıqla məsləhətləşmələri davam etdiririk”.
Sanikidzenin nazir postundakı sələfi Aleksandr Cecelava da bir neçə dəfə “Mən və cəmiyyət” adlı dərsliyə görə açıqlama verməli olub. Məhz bu dərsliyin qəbuluna qarşı etiraz aksiyalarından birindən sonra Cecevala “fənnin ruhanilərlə razılaşdırıldığını” bildirib. “Dərs proqramında bizim cəmiyyət üçün yol verilməyən heç nə olmayacaq”, – deyə Aleksandr Cecevala bildirib.
Nəticədə etirazlardan sonra “Mən və cəmiyyət” dərsliyinin standartı nazirliyin veb səhifəsində yerləşdirilən ilkin versiyasından “gender” və “azlıq” kimi sözlər tam olaraq çıxarılıb.
“Bəlkə də kilsənin başqa təsir variantları da varıydı – mən bilmirəm”, – parlamentin təhsil, elm və mədəniyyət komitəsinin sədr müavini, “Gürcü arzusu” fraksiyasının üzvü Ququli Maqradze JAMnews-a bildirib. – “Hansısa həddi keçməməklə bağlı müəyyən qorxular var… Amma dövlət siyasəti də ona görə dövlət siyasətidir ki, konkret şəxslər və ya etirazları nəzərə alsın”.
Həmçinin ombudsmenin hesabatında da Gürcüstan cəmiyyətində seksual maariflənmə mövzusunda müəyyən qorxuların olduğu yer alıb.
Erkən nikahlara həsr olunan hesabatda qeyri-hökumət təşkilatları nümayəndələri seksual maarifləndirməyə həsr olunmuş kiçik layihədə hansı problemlərlə qarşılaşdıqları və hazırlıq dövründə onları necə aşdıqlarından danışır. Bu tip layihələrə nəinki kilsə, həm də məktəb rəhbərliyi, şagirdlərin valideynləri də qarşı çıxır. Xüsusən də əyalətlərdə:
“Bizim layihə “Gənclərin estetik həyatı” adlanırdı. Bu layihədə reproduktoloq, ginekoloq və psixoloqlar iştirak edirdi. Biz böyük siniflərdə xüsusi klip nümayiş etdirmək istəyirdik və sinif rəhbərləri və məktəb direktorlarından icazə aldıq. Onlar etiraz etmirdi. Amma bu layihədə uşaqlarının iştirak etməyini istəməyən bir çox valideyn qarşı çıxdı”.
“Təşkilatımız “Uşaqlar üçün reproduktiv sağlamlıq məlumatı” adlı layihə hazırlayıb. Biz onu məktəblərdə qızlar üçün ayrı, oğlanlar üçün ayrı həyata keçirirdik. Məktəblərdən birinin direktoru qəti şəkildə buna qarşı çıxdı”.
Gürcüstan ombudsmeni öz hesabatında erkən nikahları “kəskin problem” adlandırır. Onun fikrincə, bu, gənclərin yetərincə təhsil almaması və məlumatlı olmamasının nəticəsidir. Ombudsmen çıxış yollarından biri kimi məktəb proqramına lazımi dərslərin salınmasını görür: “Məktəblərdə lazımi mütəxəssis, həmçinin ruhanilərin iştirakı ilə reproduktiv sağlamlıq və seksual maariflənmə dərsləri/seminarlarının keçirilməsi təmin olunmalıdır”, – hesabatın rəy bölümündə bildirilir.
İctimai narazılığa baxmayaraq, yeni fənin məktəb proqramına salınma ideyasından hələ tam vaz keçilməyib. Artıq nazir tərəfindən təsdiq olunmuş yeni 2018-2024-cü il təhsil planına 3-cü sinifdən 6-cı sinfə qədər tədris olunması nəzərdə tutulan yeni “Mən və cəmiyyət” fənni daxil olunub.
Ququli Maqradze deyir ki, “parlamentin təhsil, elm və mədəniyyət komitəsi özü-özlüyündə proqressivdir və təşəbbüsü dəstəkləyir”. Maqradze hesab edir ki, seksual maariflənmə yükünü “öz növbəsində bu mövzuda öz biliklərini yeniləməli olan validenynlər deyil, məhz məktəb öz üzərinə götürməlidir”.
“Məktəb qıl körpüsündən keçməlidir. Bəlkə də [seksual maariflənməni] ayrıca bir fənn kimi keçmək lazım deyil, amma onu müxtəlif əlavələrlə başqa fənlərə inteqrasiya etmək lazımdır”, – Maqradze deyir. – “Əgər ayrıca bir fənn kimi tədris olunması qərarı qəbul olunsa, onda bu ixtisas üzrə müəllimləri də hazırlamaq lazımdır. Uşaqlar bu pedaqoqlara güvənməlidir, bu pedaqoqlar uşaqlarla yaxşı münasibət yaratmalıdır ki, onlar lazımi mövzularda açıq danışa bilsinlər. Bu, yetərincə ciddi bir problemdir”.
İnformasiya vakuumu
“Biz, qızlar bizi maraqlandıran məlumatları internetdən tapırıq. Oğlanların nə etdiyini bilmirəm”, – 14 yaşlı Anna deyir. (qızın adı dəyişdirilib, anasının xahişi ilə onun soyadı və oxuduğu məktəbin adı məqalədə göstərilmir).
“Əvvəllər sinif yoldaşlarım biz, qızlardan aybaşının nə demək olduğunu, nə qədər tez-tez olduğunu soruşurdu. Bəziləri, adətən bacıları olan oğlanlar bilirdi.”, – Nino deyir.
Ombudsmenin hesabatından deyilir ki, gürcüstanlı yeniyetmələrin HİV infeksiyalılar, başqa zöhrəvi xəstəliklər, kotpraseptiv, aybaşı ilə bağlı bir çox sual maraqlandırır. Yeniyetmələr üçün informasiya vakuumunu Gürcüstanın internet seqmenti də doldurmur. İngilis dilli Brook.org.uk kimi etibarlı, çoxşaxəli, seksual maariflənmə haqqında hər bir suala cavab verə biləcək gürcü dilli mənbə yoxdur.
Mariam Çaçiya 14 yaşlı qız anasıdır, bu səbəbdən də təhsil prosesiylə dərindən maraqlanır. Onun sözlərinə görə, Gürcüstanda hələ də “seks” sözünə tabu aradan qalxmayıb.
“Bu sözü böyüklər belə işlətməyə utanır. Yeniyetmələrə isə biliklər lazımdır və mənim fikrimcə bu mövzuda tədris 6-7-ci siniflərdən başlamalıdır”, – Mariam Çaçiya belə hesab edir. – “Uşaq bilməlidir ki, seks təkcə çoxalma vasitəsi deyil, həm də partnyorla emosional və fiziki əlaqənin çox vacib tərkib hissələrindən biridir”.