4 il əvvəl Natanebi kəndinin əhalisinin 70 faizindən çoxu “Gürcü arzusu”na səs verdi. Bu kənd bu gün necə yaşayır?" />

milyarderin yaşadığı kənd

4 il əvvəl Natanebi kəndinin əhalisinin 70 faizindən çoxu “Gürcü arzusu”na səs verdi. Bu kənd bu gün necə yaşayır?

milyarderin yaşadığı kənd

2012-ci il parlament seçkilərində “Gürcü arzusu koalisiyası Natanebi kəndində seçicilərin 72 faiz səsini topladı. Bu, Gürcüstanda ən yüksək göstəricilərdən biri idi.

Dörd il sonra, yeni parlament seçkilərinə üç həftə qalmış biz Natanebiyə yollandıq.

 ***

Quriyanın inzibati mərkəzi Ozurqetidir. 7 min ev təsərrüfatı olan Natanebiyə gəlib çıxmaq üçün şəhərdən düz 20 kilometr yol getmək lazımdır.

Kəndin mərkəzində səki qazılıb. Ətrafı toz-duman bürüyüb, hər yerdən buğ çıxır – yol tikirlər.

“Seçki qabağı belədir, yoxsa kimdir bizi yadına salan, – Natanebinin mərkəzində inək qovan orta yaşlı kişi sözünə bu iraddan başlayır. Jurnalist olduğumu deyirəm.

Yerli sakinlər yolu bir təhər keçirlər. Rəngi solmuş piyada zolağı çoxdan keçid işarəsi funksiyasını itirib – yolda bir-iki maşını güclə görmək olar, ona görə də kim hardan istəyir oradan da keçir.

Kəndin mərkəzi müharibədən sonrakı dövrü xatırladır. Binalar yarıdağılmış vəziyyətdədir – on illərdir ki, heç kim onların təmiriylə məşğul olmayıb.

 

 

 

 

 

 

“Bu, keçmiş kolxoz administrasiyası binasıdır. Əvvəllər burada həyat qaynayırdı. Kommunistlərin vaxtında quriyalılar kef edirdilər, – pəncərəsiz köhnə binanı göstərən Natanebi sakini Dali Koridze danışır. – Rusiyaya mandarin, çay aparırdılar, iş varıydı. Kənd indiki çox şəhərlərdən yaxşıydı. Natanebi beləydi.

Natanebi sovet dövründə həqiqətən də Ozurqeti rayonunun ən varlı kəndlərindən biri idi. Yerli sakinlər xatırlayırlar, ki, çay fabrikindən başqa, burada sitrusların qablaşdırılması zavodu, həm də əvvəllər burada istehsal olunan saxsı qabların qurudulması müəssisəsi fəaliyyət göstərirdi.

İndi paslanmış darvazadan görünən ot və alaq basmış həyətlər və yaşıllığın içində itib-batan, zamanla qaralmış, əyilmiş taxta evlər kədər və melanxoliya oyadır. Sahibləri şəhərdədir. Bəziləri təmizlik köçüb, digərləri iş və ya hansısa qazanc  dalınca bir müddətlik gediblər. 

 

 

 

 

Kəndin qırağındakı evlər sürüşmədən zərər çəkib. Yerli sakinlər deyir ki, hətta zəif yağış yağanda belə kəndi su basır.

Natanebidə atılmış evlər çoxdur. Burada iş yoxdur. İnsanlar ancaq mandarinin hesabına birtəhər dolana bilirlər, bir az da fındıq var. Bağ, meyvə ağacları.

“Bu kənddə başqa imkanlar yoxdur. Lazım olsa, dərmana iki lari pul borc almaq da mümkün deyil. Bostanda yığdığımız pomidorla aptekdə  hesablaşmalı deyilik ki… – 53 yaşlı Qizo Toidze deyir və öz hekayəsini danışır:

«Bir az inkassator işlədim, bilirsiz məni nəyə görə işdən  çıxardılar? İşıq pulunu ödəməyən, körpə uşaqlı ailənin işığını söndürmədiyimə görə. İnsanlar çox yoxsuldu».

Kəndin mərkəzində, keşmiş musiqi məktəbi binasının fasadında hələ prezident seçkilərindən qalan plakat asılıb – “Giorgi Marqvelaşvili, 41-ci. Bu rəqəm kəndin başqa yerlərində də gözə çarpır.

 

 

Bizimlə söhbət zamanı Natanebi sakinləri deyirlər ki, 2012-ci ildə gürcü siyasətində Bidzina İvanişvili peyda olanda onlarda dəyişikliklərə ümid yarandı. 

“Ev-ev gəzib, insanları “Gürcü arzusuna səs verməyə çağırırdım, deyirdim ki, Bidzina bizə kömək edəcək. İndi də mənə gülürlər, deyirlər – hanı indi sənin Bidzinan, heç olmasa sənin əyişmiş evini düzəltsin, – 60 yaşlı Dali Koridze deyir.

 Natanebidən olan milyarder

İlk baxışdan Natanebi Quriyanın digər kəndlərindən heç nə ilə fərqlənmir. Amma onu başqalarından fərqləndirən bir cəhət var – məhz burada, bir neçə il əvvəl dəniz sahilində tikilən iqamətgahda ölkənin ən varlı adamı, keçmiş baş nazir və bu günkü qeyri-formal lider Bidzina İvanişvili vaxtının böyük hissəsini keçirir.

İvanişvili Natanebi kəndində qeydiyyatdadır və 2012-ci il seçkilərində o məhz yerli seçki məntəqəsində səs verib.

 

 

Milyarderlə qonşuluq barədə yerlilər yumorla danışır: “Belə qonşu kimə lazım deyil! Pulum qurtaran kimi, onun qapısını döyürəm, o da həmin dəqiqə əlini cibinə atır, – Kukuri Malazonia gülə-gülə deyir.

“Natanebidə belə böyük konsert zalı var, pisdir ki? Turistlər gələcək, pul xərcləyəcəklər… – bu zaman mən İvanişvilinin 200 milyonluq layihəsini, təxminən 10 min tamaşaçı tutan və ilk tədbirin keçirilməsinə hazır olan Black Sea Arenanı nəzərdə tuturam – iyulun 30-da burada Kristina Aqilera çıxış edəcək.

“Pis deyil, əksinə – amma konsertlər, mahnılar və rəqslər Mişanın vaxtında da az olmayıb. Bizə bundan nə? Bidzinanı iş və normal həyat şəraiti vəd etdiyi üçün seçdilər. Kənddə su olmayanda, konsertlik halımız var?! – Kukuri Malozonia cavab verir. 

 

 

 

 

 Əsas problem sudur

Dörd il əvvəl Natanebi sakinləri seçkilərdə iştirak edən siyasətçilərdən onların ən vacib və ağır problemləri olan su təminatı problemini həll etməklərini xahiş edirdilər.

Kənddə su qrafiklə – kiməsə üç gündən bir, digərlərinə bundan da az verilir. Bəzi rayonlarda isə su ümumiyyətlə yoxdur.

Son seçkilərdən dörd gün keçəndən sonra Natanebi sakinlərinin arzusu dəyişməz olaraq qalır  – su.

“Əlbəttə ki, Bidzinanın pul paylamayacağını bilirdim, amma su ilə bağlı problemin həllində də heç cür kömək etməyəcəyini  düşünmürdüm.

“Hamımız Bidzinanın yanında olduq, Ozurqetiyə mitinqlərə getdik, bizim adamımız olduğunu düşünürdük, bəs nəticədə qazandığımız nə oldu? – kənd birjasında toplaşan sakinlər danışır.

Kənddə su çatışmazlığının səbəbi su quyularının kifayət sayda olmamasıdır.

Ozurqeti bələdiyyəsinin Natanebidəki qamqebelinin (administrasiya rəhbərinin) nümayəndəsi İliya Tavadze deyir ki, su problemi artıq bu il həll olunacaq.

“Hirdogeoloji rəyi gözləmək lazımdır, onda da harada və neçə su quyusunun qazılmalı olduğu məlum olacaq, – o deyir və izah edir ki, problem “Saakaşvili hökuməti ilə bağlıdır.

“Əvvəlki hakimiyyətin dövründə 30 su quyusu qazılıb, yararlı isə bunlardan səkkizi oldu – onlarda indi su var.

“Bu dörd il ərzində siz yeni quyular əlavə etdiz? – qamqebeli nümayəndəsindən xəbər alırlar.

“Tezliklə əlavə edəcəyik. 4 yeni quyu. Hərəsinin də qiyməti 30 min laridir, – o cavab verir.

 Sürüşmədən zərər çəkən evlər

Kənddə evləri bu il baş verən sürüşmə nəticəsində zərər çəkən çoxlu sayda adamla tanış olduq. Kənd sürüşmə təhlükəsi olan zona hesab olunur.

Dali Koridze deyir ki, vaxtında evini bərkitməsəydi, “bütün həyatının əməyi başına uçacaqdı.

“Amortizasiya olunmuş divarlar çat-çatdır. Qamqeobaya (administrasiyaya) əlbəttə ki, müraciət etdim, amma nə xeyri? O, daha çox öz piarı ilə məşğuldur, mənim vəziyyətim onu maraqlandırmır. Nə arzumuz, nə də ümidimiz qalıb.

Ozurqeti bələdiyyəsində bildirirlər ki, gələn ildən qəzalı, yaşayış üçün yararsız olan evlərdə yaşayan ailələrin hər birinə  təzə ev almaq üçün 25 min lari təklif olunacaq.

 Ancaq Bidzinanın yanında iş tapmaq

İşsizlik üzündən daha çox gənc Natanebini tərk edir. Məktəb, uşaq bağçası və bələdiyyə xidmətləri – bununla da iş yerləri bitir. Əlbəttə, birdən bəxtin gətirib, Bidzina İvanişvilinin təsərrüfatında işə düzəlməsən.    Onun iqamətgahında yerli sakinlər ya tikinti işləri ilə məşğul olur ya da bağa  – oliqarxın müxtəlif yerlərdən qazıb çıxarıb, öz iqamətgahında əkdiyi çox iilik ağaclara qulluq edirlər; ya da İvanişvilinin iqamətgahında çoxlu sayda olan heyvanlara qulluq edirlər.

“Uşağımın yeməyə çörəyi olmadığı vaxt buradan iki yüz metr aralıda zürafənin padşah kimi yaşadığını düşünəndə qan beynimə vurur, – Natanebi sakini Liana Mqeladze deyir.

 Yaddaşlarda qalan

Kənd birjasında toplaşanlardan seçki kampaniyası zamanı hansı vədlərin yerinə yetirildiyini, hansıların yerinə yetirilmədiyini xəbər alıram.

Onlar da cavab verirlər ki, dünən yediklərini yaddan çıxarsalar da, həmin o vədləri çox yaxşı xatırlayırlar.

“Gürcü arzusunun sayəsində insanlarda qorxu hissi yoxa çıxıb, heç kim elə-belə həbs olunacağından qorxmur.

“Bəli, insanlar qorxmur, həm də vauçer, əkin üçün materiallar və toxum payladılar, bunu da unutmaq olmaz.

Yerinə yetirilməyən vədlər siyahısı isə daha böyükdür.

“Pensiya 100 dollar olacaq. 

“Ailənin azı bir üzvü işlə təmin olunacaq.

“İpoteka götürənlərə kömək edəcəklər.

 “Faizsiz ssuda, – həmsöhbətlərim bir-birinin sözünü kəsə-kəsə sadalayır.

Onların əksər hissəsi artıq hakimiyyətə olan ümidlərini itiriblər, elə müxalifətə də, qarşıdan gələn seçkilərdə  “düzgün qərarın həyatlarını dəyişəcəyinə də inanmırlar.

67 yaşlı təqaüdçü Nazi Tsersvadze deyir ki, kommunistlərdən sonra heç kim Quriya ilə məşğul olan olmayıb.

“Kənddə su çatışmazlığı olanda mən hansı hakimiyyətdən razı olmalıyam ki? Onları ancaq isti yerləri və pul  maraqlandırır. İş o yerə çatıb ki, artıq heç kimə inanmıram, – o deyir. 

“Onlardan kimə və nəylərinə inanım? Qoy heç olmasa deputatlarımız bir az arıqlasın, yoxsa artıq televiziya kadrlarına da sığışmırlar – nə kişisi, nə də qadını. Onlardan başqa heç nə istəmirik də…

 

 

 

 

 

 

 

 

Dərc olunub 13.07.2016


More on JAMnews