Qarabağ: müharibə bitməyəcək" />

Status-kvo varmı?

Qarabağ: müharibə bitməyəcək

Təmas xətti boyu qulaqbatıran sakitlik hökm sürür. Artıq 30 ildir ki, Ermənistan və Azərbaycan hərbçilərini ayıran bu bir neçə yüz metrlik sahə bu qarşıdurmanın insani tərəfinə istənilən eyhamı məhv edir. 

Binokldan ancaq düşmən istehkamının yuxarı hissəsini görmək mümkündür. Perimetrdə istənilən ehtiyatsız hərəkət anındaca silahın hədəf obyektinə çevrilir.

Çətin ki, bu yaxınlarda kimsə dincələ bilsin

46 yaşlı polkovnik leytenant Mqer Sarkisyan başqa cür ola biləcəyinə inanmır. Həyatının az qala yarısını səngərlərdə keçirib, müharibədən dərhal sonra burada birinci olaraq ilk taxta istehkamlar quraşdıranlardan biri olub, o vaxt bu məqsədlər üçün Bakıya qədər gedən regionun əsas dəmir yolunun sökülmüş şpalalarını istifadə etdilər. Sonra da torpaq səngərləri betonla bərkitdilər. Bu gün Mqer bütün təmas xətti və ya burada dedikləri kimi, “cəbhə xətti” boyu uzanan 25 kilometr uzunluğunda tora cavabdehdir. 

Bu xətt Dağlıq Qarabağda baş verən müharibədən sonra, 1990-cı illərin birinci yarısında yaranmağa başladı. O vaxt yerli könüllülərdən başqa, döyüşlərdə o vaxta qədər  Sovet İttifaqının tərkibində olan, yeni yaranan iki qonşu ölkərlərin – Ermənistan və Azərbaycanın orduları iştirak edirdi. 

“Elə bir gün gəlsin ki, buradan hamımız evimizə-eşiyimizə dincəlməyə gedək?” – polkovnik leytenant gülümsəyərək deyir və diqqətlə donmuş sifətimə tuşlanan gözlərində: “qızım, yəqin zarafat edirsən”, – sualı oxunur.

Hərbçi yoldaşları güclə özlərini gülməkdən saxlayırlar.

“Bu, heç vaxt olmayacaq!” – həmsöhbətim əminliklə deyir və əlini yelləyərək, hərbi istehkamlarda yolumu davam etmək üçün hansı istiqamətdə getməli olduğumu göstərir. 

Bütün bu münaqişə illəri ərzində polkovnik leytenant Sarkisyan müharibənin nə vaxtsa bitə biləcəyi fikrini belə özündən uzaq tutur.

Səngər diplomatiyası

Son bir neçə həftə ərzində hər iki tərəfdən hərbi mövqelər paytaxtlardan yüksək vəzifəli şəxslərin əməlli-başlı “basqın”ına məruz qalıb. Həm Ermənistanın, həm də Azərbaycanın liderləri səngərlərə səfərləri birgə danışıqlardan üstün tutdular.

Əvvəlcə İlham Əliyev, ondan bir neçə həftə sonra da Serj Sarqsyan hərbi geyimdə cəbhə xəttinə yollanaraq, bir-birlərinin mövqelərini binokldan izlədilər. Beynəlxalq vasitəçilər regionun taleyinə cavabdeh olan iki lideri onların təkliflərini müzakirə etmək məqsədiylə bir masa arxasına oturmaq üçün dilə tuta bilmədi.

1Serj Sarqsyan. Foto Ermənistan prezidentinin rəsmi saytından götürülüb
2
İlham Əliyev. Foto Azərbaycan prezidentinin rəsmi saytından götürülüb

Aprel gərginliyindən sonra ATƏT müşahidəçilərinin missiyasını gücləndirmək ideyası yarandı, bunun da sayəsində insidentlərin sayının və ümumilikdə regionda gərginliyin azalmasına ümid yarana bilər. Bu ideyanın müzakirəsi prezidentlərin son iki görüşü zamanı keçirilib, amma onlar tərəfdən sonda razılıq əldə olunmayıb.

Mövcud olan ATƏT missiyasının müşahidəçilərinin sayını artırmaq, onlara istənilən vaxt münaqişə zonasında istənilən nöqtəyə getmək imkanı vermək, həm də onlara tərəflərin nümayəndələri xahişlə müraciət etdiyi halda insidentlərin araşdırılmasını aparmaq təklif olunurdu.

Ötən görüşlər və müzakirələr zamanı heç kim bu cür təklifdən imtina etmirdi. Amma bu təklif uzun illər sürən danışıqlar prosesi fonunda irəli sürülmüşdü, hansı ki hər hansı bir irəliləyiş gətirməmişdi və ümumiyyətlə özü özünü tükətmişdi. İşğal olunmuş ərazilərin azad edilməsi və ya azərbaycanlı qaçqınların qaytarılması məsələsi həll olunmamış qalırdı, eynən Dağlıq Qarabağ Respublikasının dövlətçiliyinin tanınması ilə bağlı təklif kimi. Buna görə də müşahidəçilərin missiyasının artırılması ilə bağlı təklif zamanı belə bir sual yarandı: regiona müşahidəçilər missiyası gələndən sonra nə baş verəcək? Sülh prosesində bu növbəti addımın necə olması ilə bağlı məsələdə tərəflər növbəti dəfə də razılığa gələ bilmədilər.

İki ölkə liderləri səngərlərə baş çəkdikləri vaxt, onların nazirləri diplomatik müharibənin fəal mərhələsində idilər. ATƏT-ə üzv ölkələrin Hamburqdakı növbəti görüşündə azərbaycanlı nazir erməni tərəfini Qarabağı Bakının birbaşa nəzarəti altına qaytarılmasına deyil, status-kvonun saxlanmasına yönələn danışıq prosesini qəsdən uzatmaqda ittiham etdi.  Elmar Məmmədyarov əminliklə prosesin davamını necə gördüyünü bildirdi: Ermənistan ordusu Qarabağdan çıxarılır, nəqliyyat infrastrukturu bərpa olunur, qaçqınların qaytarılması prosesinə başlanılır, eyni zamanda regiona təhlükəsizliklə bağlı zəmanətlər verilir.

Onun erməni həmkarı isə ünvanına səsləndirilən ittihamı “tarakan ayaqlı yalan” adlandırdı. Edvard Nalbandyanın sözlərinə görə, Azərbaycan münaqişənin dinc yolla nizamlanması mənzərəsini ancaq bir məqsədlə təsvir edir – əhalini və beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, müharibə ehtiyatda qalan yeganə vasitədir.

O dedi ki, nə qarabağlıların, nə də Ermənistan sakinlərinin Bakıya etibarı yoxdur, çünki hətta son gərginlik zamanı erməni əsgərləri və yerşli yaşlı sakinlərə işgəncələrin verilməsi, əl-ayaqlarının kəsilməsi halları olub. Azərbaycan tərəfindən buna görə məsuliyyət daşıyan olmadı.

Bu cür açıq mübahisədən sonra nazirlər aprel qarşıdurmasında nöqtə qoymadan evlərinə qayıtdılar.

“Niyə siz bütün bunları bitirmədiz?” və ya heç kimə lazım olmayan status-kvo

Cəbhə xəttindəki səngərlərdən artıq Qarabağ gənclərinin üçüncü nəsli keçir. Hər bir yerli gənc oğlan iki il ərzində hərbi xidmətdə olmalıdır, burada buna münasibət çox ciddidir. Onların əksəriyyəti üçün səngərlərdə xidmət – onların həyat qanunlarını öyrəndiyi əsas, bəzən də yeganə institut olur.  

Çoxları üçün aprel gərginliyi birinci əsl döyüş dövrü oldu. Bir neçə saata mövqelərə yüzlərlə yerli kişi gəldi. Hər birinə də silah və hərbi geyim verdilər.

“Ata oğlu ilə çiyin-çiyinə dayanmışdı”, – polkovnik leytenant Sarkisyan danışır.

O deyir ki, bu cür qələbəlik mövqelərdə qarışıqlığa səbəb olmadı, çünki hər biri “nə etməli olduğunu və əmrin haradan gəldiyini” dəqiq bilirdi.

Bu cür döyüş əhval-ruhiyyəsi haqqında gəlmələrə böyük qürurla danışırlar. Amma bu hekayənin o biri üze də var.

“Niyə bütün bunları vaxtında bitirmədiz?! Bunu bizə necə saxlaya bildiz! – bacımın oğlu qışqıra-qışqıra mənə və bacıma deyirdi”, – yerevanlı tədqiqatçı mənə doğma Qarabağ diyarında aprel hadisələrindən bir qədər sonra baş verənləri danışır.

“Bu da həmin müharibənin o biri üzü idi. Ona deməyə sözümüz də yoxuydu: müharibənin ilk satlarında onun üç dostu həlak oldu”.

Bir çox yerşli sakinlər kimi bu gənc üçün də aprel hadisələri uzun illərdən sonra müharibənin real təhdid olması barədə xatırlatma oldu. 20 ilə yaxın nisbi sülh şəraitində Qarabağ artıq bərpa olundu və daha çox de-fakto da olsa funksional, öz büdcəsinin heç olmasa 40 faizini təmin etmək imkanı olan və yerli hakimiyyətin qollarında islahatları davam etdirmək niyyətində olan dövlətə bənzəməyə başladı.  İnsanların nəinki yaşamaq üçün pulu var, onlar həyatlarını yenidən qurdular, biznesin inkişaf etdirilməsi, xaricdə təhsil almağın vacibliyi və ümumiyyətlə hərbi vəziyyətə qayıtdıqları halda düşünə bilməyəcəkləri bir çox başqa şeylər barədə fikirləşməyə başladılar.

Səngər həyatı yerli yaşamın normasına çevrilsə də, Qarabağın dinc şəraitdə inkişafına imkan yaradırdı. Yerli sakinlər üçün müharibə hardasa orada, mövqelərdə gedir, yerdə qalanlar isə yaşamağa və inkişaf etməyə davam edirdi.

Bunun ən parlaq nüminəsi yerli iri fermerlə bağlı əhvalat oldu, real hərbi qarşıdurmanın başlanmasını sonuna qədər dərk edə bilməyən fermer hərbi rəhbərliyi dilə tutmağa başladı ki, tankların tarlaların içindən keçməsinə icazə verməsinlər. O hələ də sülh şəraitindəki Qarabağda yaşayırdı, apreldə isə həmin yer gözlənilmədən müharibə meydanına çevrildi.

Amma həll olunmamış problemlə də burada yaşamaq istəyənlər azdır. İndiki Qarabağ sakinləri kimi, söhbət etdiyim Ağdam qaçqını, Sankt-Peterburqda Azərbaycan əsilli adlı-sanlı akademik üçün də status-kvo yolverilməzdir: 

“Bu, neçə ildir ki, belə davam edir, böyüyən nəsil artıq evə qayıtmağı xahiş yox, tələb edir”, – Bakı rəhbərliyinin davranışının səbəbini o mənə belə izah edir.

Qarabağdan olan minlərlə qaçqın kimi o da evinin xarabalıqlarını ancaq Google Maps vasitəsiylə izləyə bilirlər. Bu vəziyyətlə də barışmağa hazırlaşmır.

Qış uzunluğunda fasilə

Aprel qarşıdurmasından sonrakı bir il ərzində hər iki tərəfdən yerli ölçülərə görə, böyük miqyaslı tikinti işləri gedirdi. Köhnə səngərlərə yeniləri əlavə olunurdu, yollar daha yaxşı qorunmağa başlandı, xüsusi izləmə texnikası gətirildi. Bütün bunlar zamanı gələndə qarşıya qoyulan vəzifəni minimal itkilərlə yerinə yetirmək üçün edilirdi. 

Ancaq soyuqlar düşəndən sonra mövqelərdən ağır texnikanı çıxarmağa başladılar. Amma onları da bir anın içində çıxmağa mümkün olduğu bazalara apardılar. Atışmalar barədə gündəlik xəbərlərin sayı da əməlli-başlı azaldı. Belə alındı ki, qış soyuğu ən effektiv sülhməramlı rolunda çıxış etdi, bununla belə, yerli hərbçilər hesab edir ki, vəziyyət yaz başlayandan sonra dəyişə bilər.

Səngərin qırağında, alçaq tavanlı tikilinin içində iki yaruslu çarpayı durur. Divarlardan birinə qarşıdurma zamanı həlak olan qəhrəmanların siyahıları vurulub. Üzbəüz divardan Azərbaycan ordusunda müxtəlif rütbəli hərbçilərin nişanları asılıb.

Yuxarı yarusdan qara yorğanın altından 18 yaşlı oğlanın gülümsəyən yuxuli sifəti görünür, oğlan mən gələndən bir az əvvəl gecə növbətçiliyindən qayıdıb.

“Oralarda nə baş verdiyini bilirsən?” – mənalı şəkildə barmağımı tavana tuşlayaraq, ən yuxarı rəhbərliyə işarə edirəm.

Təbəssümünü gizlətmədən, başını yelləyir, sonra da əlini uzadıb özündən rütbəcə böyük olanın əlindən peçenye götürür.

Bu oğlanlarn heç birinin mobil telefonu və televizoru yoxdur, buna görə də siyasi bəyanatlar və diplomatik çəkişmələrdən xəbərləri yoxdur.

Ciddi nəsə başlasa isə yəqin ki, bundan xəbər tutan birincilərdən olacaqlar. Axı başlasa da birinci bu səngərlərdən başlayacaq.

 

 

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

Dərc olunub: 27.12.2016


More on JAMnews