Azərbaycanın rusiyayönlü hərbi bloka daxil olması ehtimalı haqda söhbətlərin arxasında nə dayanır?" />

Şərh: Rusiya-Azərbaycan münasibətlərində “bal ayı”

Azərbaycanın rusiyayönlü hərbi bloka daxil olması ehtimalı haqda söhbətlərin arxasında nə dayanır?

Azərbaycanda medianın hakimiyyətin sərt nəzarəti altında olduğunu desəm, Amerika açmış olmaram. Demək olar ki, sovet vaxtı olduğu kimi xalq “sətir arası” oxumağa, şifrələnmiş hansısa eyhamların fərqinə varmağa çalışır. Düzdür, keçmiş zamanlardan fərqli olaraq, indi sosial şəbəkələr də var, orada senzura (hələlik) yoxdur, amma onlara etibar da etmirlər.

Onlar nəyə işarə edirlər?

T

əqribən bir ay əvvəl Azərbaycanın populyar saytlarından biri haqqin.az “Azərbaycan üçün beş Putin hərfi: ODKB və” başlığı altında baş məqalə dərc edib və orada Azərbaycanın bu rusiyayönlü hərbi bloka daxil olmasının üstünlükləri sadalanıb.

“ODKB” (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Rusiyanın patronajlığı altında hərbi-siyasi blokdur və Rusiya KİV-i onu “Avrasiya NATO-su” adlandırır.

“Siqnallara” alışmış olan Azərbaycan oxucusu düşüncəyə daldı. Elə bu vaxt Milli Məclisdə bir deputat (fərqi yoxdu məhz hansı, hamısı eyni sifətdədir) ODKB-ə daxil olmaq məsələsinin müzakirəsini təklif etdi və bunu “yeni geopolitik vəziyyətlə” əsaslandırdı.

Deputatın “yeni vəziyyət” deyəndə nəyi nəzərdə tutduğunu sadəcə ehtimal etmək olar, mən düşünürəm ki, yəqin o, Ermənistanda hakimiyyət dəyişikliyini və qonşu ölkədə həmin bu ODKB-nin baş katibinin təqib olunması faktını nəzərdə tutub. Yəni loru dildə desək, mesajın mənası ondan ibarətdir ki, Rusiya öz “forpostunun” (ifadə mənim deyil, Rusiya Dövlət Dumasının keçmiş spikeri Qrızlova aiddir) yeni hakimiyyəti ilə münasibələrini aydınlaşdırdığı müddətdə gəlin, təşəbbüsü ələ keçirək, bəlkə qarışıqlıqda Putinin dəstəyinə nail ola və Qarabağda yenə on-iyirmi kvadrat kilometr irəli düşə bilərik.

Bu gözləntilər sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. İki mövqe özünü göstərdi: bu cür təklifə baxılmasının tərəfdarları Rusiya ilə dostluğun vacibliyinə istinad edir və onun Qarabağ məsələsində Azərbaycana kömək edəcəyinə eyham vururdular. 19-cu əsr Rusiya şairi Nekrasovun məşhur şeirində olduğu kimi: «Вот приедет барин, барин нас рассудит» (“Ağa gələcək, mübahısəmizi həll edəcək”). Əleyhdarlar isə 90-cı illərin əvvəllərini xatırladır və növbəti “imperiya boyunduruğunun” hazırlandığını bildirirdilər.

Tarixi arayış

Çoxları heç bilmir ki, Azərbaycan artıq Ermənistanla eyni hərbi blokun üzvü olub və Azərbaycanı ora məhz Heydər Əliyev daxil etmişdi

B

urada kiçik tarixi arayışa ehtiyac var. Azərbaycanda çoxları heç bilmirlər ki, Azərbaycan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsinin, yəni Ermənistanla eyni hərbi blokun üzvü olub və Azərbaycanı ora məhz “ümummilli lider” – Heydər Əliyev daxil etmişdi. Azərbaycan Rusiyanın rəhbərlik etdiyi bu bloka Qarabağ müharibəsinin ən qızğın çağında, 1993-cü ilin sentyabrında, hətta Belarusdan da əvvəl üzv olmuşdu. Amma o zaman “ağa” bizə heç cür kömək etmədi, tam əksinə, onun susqun razılığı ilə bir ay sonra Zəngilan rayonu işğal olundu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan bu blokda üzvlüklərini uzatmamaq qərarına gəldilər.

ODKB Azərbaycanın nəyinə lazımdır?

Hazırda Azərbaycanın ODKB-ə qayıtması o qədər də güman edilmir. Bunun da çox səbəbi var. Birincisi, AzərbaycanTərəfsiz Dövlətlər Hərəkatının üzvüdür. Hətta sadəcə üzvü deyil, növbəti dörd il ərzində bu hərəkata [hərbi bloklara qoşulmayan 120 ölkənin birləşdiyi beynəlxalq təşkilat] rəhbərlik etməyə hazırlaşan ölkədir. Bununla əlaqədar olaraq gələn il Bakıda 77 dövlət başçısının iştirakı ilə sammit keçiriləcək. Hər şey çoxdan planlaşdırılıb və belə bir irimiqyaslı tədbir ərəfəsində istənilən hərbi bloka, istər ODKB, istər NATO olsun, daxil olması mümkünsüzdür.

İkincisi, ODKB elə Müstəqil Dövlətlər Birliyi kimi daha çox siyasi meyitə, məzmunu olmayan yarlığa bənzəyir. O yerə çatıb ki, az əvvələ qədər Rusiyanın ən yaxın müttəfiqi olan Belarus da prezidenti Lukaşenkonun dili ilə ODKB-nin sırf hərbi blok kimi gələcək fəaliyyətini perspektivsiz adlandırdı. ODKB-nin əsasını qoyanlardan biri Ermənistan isə rahatca NATO ilə fərdi əməkdaşlıq planını (IPAP), Avropa İttifaqı ilə geniş əməkdaşlıq sazişini (hələ də qəti qərar verə bilməyən Azərbaycandan fərqli olaraq) imzalayır, bu da azmış kimi həmin ODKB-nin rəhbəri, general Xaçaturovu həbs etməyə cəhd göstərir (düzdür, Moskvanın reaksiyasından sonra buraxmalı olsa da).

ODKB elə Müstəqil Dövlətlər Birliyi kimi daha çox siyasi meyitə, məzmunu olmayan yarlığa bənzəyir

ODKB hansı üstünlükləri verir? Quruma daxil olmaq tərəfdarları bildirirlər ki, Azərbaycan bu yolla Rusiya silahını güzəştli qiymətlərlə ala bilər.

İlk sual – bəs Rusiya bundan nə qazanır?

Azərbaycan onsuz da Rusiyadan silah alır, ölkə prezidentinin sentyabrın 1-də Soçidə rusiyalı həmkarı ilə görüşdə bildirdiyi kimi artıq 5 milyard dollarlıq almışıq da. Üstəlik bədxahların dediyinə görə, bu silahlar köhnədir və bizə xeyli şişirdilmiş qiymətlə satılıb. Yəni bu bir növ loyallıq jesti, reveransdır. Eyni silahı Belarusdan və ya İsraildən də almaq olar, birinci halda çox daha ucuz, ikinci halda isə çox daha müasir.

Qərb hərbi alyanslarının regionda olmayacağına dair zəmanət? Axı “Xəzər Konstitusiyası” imzalanıb, dəniz və ya su hövzəsi artıq Rusiya gəmilərinin sərəncamına verilib. Əgər Qərb Cənubi Qafqazda mövcud olmaq istəsə, bunun üçün Gürcüstan var, yeri gəlmişkən, heç onu da hələ NATO-da bağırlarına basmırlar. Türkiyə ilə də Rusiya hazırda bal ayı yaşayır, Suriyada tam qarşılıqlı anlayış içindədirlər.

İkinci sual – Azərbaycanın qazancı nədir?

Hipotetik xarici təcavüzdən müdafiə? Yəni İran? Əsas təcavüzkar bizimlə eyni blokda, evin yuxarı başındadırsa, xarici təcavüzkardan niyə qorunuruq? ODKB-nin bütün tarixi boyu qurumun hərbi əməliyyatlara daxil olduğu hal baş verməyib. Üstəlik təşkilatın ayrı-ayrı üzvlərinin müdafiə tələb etmək haqqı olsa da. Elə məsələn, Ermənistan Qarabağ müharibəsi zamanı anklavı Artsvaşen Azərbaycan tərəfindən ələ keçiriləndə müdafiə tələb edə bilərdi.

Üçüncü sual – niyə məhz ODKB? Məgər Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı hər hansı maneə var? Və yaxud da Belarus, Tacikistan, Qazaxıstanla? Heç bir problem yoxdur. Problem yalnız Ermənistanladır, o da heç cür ODKB-ə daxil olmaq qərarı verə bilmir.

“Bal ayı”

Azərbaycan və Rusiya arasında münasibətlər münasibətlər SSRİ dağılandan bəri ən yüksək səviyyədədir

R

usiya ilə münasibətlərə gəlincə, bu münasibətlər SSRİ dağılandan bəri ən yüksək zirvəsindədir. Və bu, hakimiyyətin köhnə tənqidçisi kimi mənim İlham Əliyev və Vladimir Putinə təşəkkür edəcəyim bir məqamdır. Mehriban qonşu münasibətlərini yalnız alqışlamaq olar, üstəlik bizimki lap “maraq zəminində sevgidir”

2017-ci ildə iki ölkə arasında mal dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) marşrutu üzrə yükdaşıma yüz dəfə artıb: əgər ötən il yükdaşıma yalnız 1700 ton təşkil edirdisə, bu ilin yeddi ayı ərzində yükdaşımanın həcmi 170 min tona yüksəlib. Rusiyalılar Azərbaycana gələn əcnəbi turistlər siyahısında birinci sıranı tutur (31 faiz). Azərbaycan məktəblərində rus sektorları mövcuddur və oradakı vakant yerlər üstündə ciddi rəqabət gedir. Bütün təhsil səviyyələrini – orta, ali, aspirantura və doktoranturanı rus dilində tamamlamaq imkanı var.

Mənim baxışım: Rusiya ilə ikitərəfli dost münasibətlərinin inkişafını yalnız alqışlamaq olar. Amma Rusiyanın bizim problemlərimizi, ilk növbədə də Qarabağ məsələsini həll edəcəyinə ümid etmək sadəlövhlük, əbləhlik, hətta təhlükəlidir.


More on JAMnews