Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmasa da jurnalistlər 3 May Dünya Mətbuat Azadlığı Günü ilə bağlı şüar plakat qaldırıb, şüar səsləndiriblər.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Proses zamanı sadəcə vəkil Şəhla Hümbətovanın jurnalist Şəmşad Ağanın müdafiəçisi qismində tanınması üçün etdiyi müraciət qəbul olunub. Daha sonra hakim iclasın təxirə salındığını elan edib.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilməli olan iclas jurnalistlərin vəkillərinin bir neçəsinin gecikməsi səbəbindən təxirə salınıb. Vəkillər 15 dəqiqəyə iclas zalında olacaqlarını bildirsələr də hakim bunu nəzərə almayıb.
Bu zaman təqsirləndirilən jurnalistlər qarşıdan gələn 3 May Dünya Mətbuat Azadlığı Gününə vurğu edərək etiraz aksiyası keçirdiklərini bildiriblər. Onlar aşağıdakı şüarları səsləndiriblər:
“Azadlıq mətbuatın şah damarıdır!”
“Meydanda da yan-yana, zindanda da yan-yana!”
“Sözə qandal vurulmur!”
“Jurnalistika cinayət deyil!”
“Azad söz bizimdir, məhbəsə sığmaz!”
“İnternet azaddır, söz bloklanıb!”
Aksiya zamanı qadın jurnalistlər plakatlar qaldırıblar. Onlardan bəzilərini qeyd edirik: