SOCAR-ın yataqlarında qəzalar niyə durmadan təkrarlanır?" />

Neft ölkəsinin kasıb neftçiləri

SOCAR-ın yataqlarında qəzalar niyə durmadan təkrarlanır?

Dənizdə itkin düşən neftçilərdən beşinin yaşadığı Ələt qəsəbəsinə çatanda artıq qaş qaralmışdı. Görkəmindən kasıblıq yağan nimdaş evlər axşamın qaranlığında və soyuğunda daha da ümidsiz görünürdü. Elə bu evlərin qarşısında toplaşan insanlar da ümidsizlik içindəydilər. Səhər tezdən faciə xəbərini aldıqdan bəri çarəsizcə qapılarına gələcək meyitləri gözləyirdilər, amma buna da ümidləri az idi. Ötən il neft platformasında baş verən yanğından sonra “başmaqçı” olmuşdular artıq. Bilirdilər ki, faciənin ilk saatlarında dənizdən meyitləri tapıldısa, tapıldı, əks halda məzar daşına da həsrət qalacaqlar.

Faciə

Rəsmi məlumata görə, ötən cümə axşamı Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin (SOCAR tərkibindəki struktur) 3 saylı Neft Yığım Məntəqəsindəki estakadanın bir hissəsini dənizə uçurub. SOCAR-dan verilən məlumata görə, estakadanın həmin hissəsi ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı dənizə düşüb.

Onlardan birinin – İlham Qafarovun meyiti elə həmin gün – dekabrın 15-də tapılıb, qalanları hələ də itkin düşmüş sayılır.

Lent.az-ın verdiyi məlumata görə, İlham Qafarovun qardaşı Davud da dənizçidir və onlar birgə işləyirlər. Xoşbəxtlikdən Davud Qafarov həmin estakadada olmadığı üçün sağ qalıb.

Gecə yarısı Davud Qafarov qardaşına zəng vurub. Deyib, ehtiyatlı ol, çovğundur. İlham da ona “sən də özündən muğayat ol”, deyib. Ardınca da əlavə edib: “Dayandığımız yer yelləncək kimi yellənir, bilmirik neyləyək”.

Qardaşıyla danışandan sonra həyat yoldaşı Rəsmiyyəyə zəng edib. Hal-əhval tutub. Qızı Xumarı soruşub, nəvələrini xəbər alıb. Sonra da deyib ki, dəhşət külək əsir. Zarafata salıb onu da deyib ki, kəlmeyi-şəhadəti oxuyub oturublar.

Xilasetmə əməliyyatı

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerinə qəzadan bir sutka sonra gedib.

16 dekabr 2016-cı il tarixində ölkə prezidenti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft Yığım Məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, SOCAR və digər dövlət strukturlarından ibarət xüsusi Qərargah yaradılıb. Qərargahdan verilən məlumata görə, hazırda ümumilikdə 44 gəmi və üzən vasitə, 6 vertolyot, 700 nəfərdən artıq xilasedici cəlb olunmaqla intensiv axtarış-xilasetmə işləri davam etdirilir. Eyni zamanda axtarış tədbirləri sahilboyu ərazilərdə də həyata keçirilir.

Aparılan axtarışlara rəğmən dekabrın 19-a qədər dənizə düşən on nəfərdən ancaq birinin meyiti tapılaraq sahilə çıxarılıb.

Adını açıqlamaqdan çəkinənlər

“20 yaşından neft daşlarında [neft buruqlarının estakadalara birləşdiyi, neftçilər qəsəbəsinin payalar üzərində inşa edildiyi dəniz yatağı – red.]. işləmişəm. Sovetin vaxtında neftçilərin güzəranı həqiqətən çox yaxşı idi. Maaşımız yüksək idi. Təhlükəli hava şəraitində işçilər təhliyə edilirdi, işə ara verilirdi. Ancaq fasiləsiz işləməli olan məntəqələrdə iş davam edirdi. Onlar da qəza şəraitinə tam hazır vəziyyətdə işləyirdilər. Şlyubkalar, jiletlər, növbətçi gəmilər… hər şey qəza olarsa insanların xilası üçün hazır olurdu. Üstəlik estakadaların durumuna ciddi nəzarət olunurdu. Təmir-bərpa işləri vaxtlı-vaxtında aparılırdı. İndi isə estakadalar tamam sıradan çıxıb, heç onların üzərində işin davam etməsi özü özlüyündə doğru deyil. Digər təhlükəsizlik tədbirlərinə də indi ciddi yanaşmırlar”, – təqaüddə olan neftçi deyir.

İndi onun oğlu da Xəzər dənizindən neft çıxarır. Elə adını da oğlunu işindən eləməsinlər deyə gizli saxlayır.

“Mənə nə var ki, işlədiyimi işləmişəm, indi də cüzi pensiya ilə bir təhər başımı girləyirəm. Amma oğlumu işdən çıxararlar deyə qorxuram. O qədər adamı haqsız yerə işdən çıxarırlar ki. Əlbəttə, deyə bilərsiz, bu qədər təhlükəlidisə, oğlumun orda işləməyinə necə razı oluram. İş orasındadı ki, bir parça çörəyə möhtac qoyublar insanları. Orda hər gün canı təhlükədə olsa da, heç olmasa evinə çörək gətirə bilir. İşdən çıxsa necə olacaq, daha yaxşısını demirəm, ümumiyyətlə başqa bir iş tapa biləcəkmi?!” – keçmiş neftçi sual edir.

Neftçilərin əmək haqqı baza hissəsindən və işin ağırlığına görə üzərinə edilən əlavədən ibarətdir. Ən yaxşı halda ümumi məbləğ 1000 manatı ($700) aşmır.

Tarix

Bu, Xəzər dənizində neft sektorunda baş verən ilk faciə deyil. Hamısında can itkisi olmasa da, hər il ən azı 2-3 qəza qeydə alınır. İnsan tələfatı ilə nəticələnmiş ən son qəza isə düz bir il 10 gün əvvəl, ötən il dekabrın 4-də yaşanmışdı. “Günəşli” neft yatağının 10-cu özülündə baş vermiş partlama və yanğın nəticəsində 63 nəfər dənizə düşmüşdü, onlardan 32 nəfəri xilas edilmiş, 12 nəfərinin meyiti tapılmışdı. Qalan 19 nəfər isə indiyə qədər itkin sayılır.

Azərbaycan prezidentinin sərəncamına əsasən, bu faciə nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə büdcədən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

“Günəşli” faciəsində itkin düşənlərdən biri Xalid İbrahimovun həyat yoldaşı Kifayət İbrahimova hesab edir ki, onun əzizi və digər həyatını itirən neftçilər təbii fəlakətlə yanaşı, həm də məsuliyyətsizliyin qurbanı olublar:

“Biz başa düşürük, bu dənizdi, orda işləmək həmişə təhlükə deməkdi. Bəs təhlükəsizlik tədbirləri güclü olubmu? Bizim başımıza gələndə dedik ki, sizdən çox xahiş edirik, biz yanmışıq, bizdən sonrakı neftçi ailələri yanmasın. Onlar üçün bir şərait yaradın. Onsuz da bizdə bir hadisə olmamış tədbir görülmür. Amma yenə neçə evə od düşdü”.

Səbəblər

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirir ki, “cəzasızlıq sindromu cinayətlərin inkişafına gətirib çıxarır”. Hüquq müdafiəçisinin açıqladığı məlumata görə, 2011-ci ildən son hadisəyə qədər neft sənayesində 8 qəza baş verib və bu qəzalarda 43 nəfər həyatını itirib (onların bir qismi hələ də itkin hesab olunsa da).

Təşkilatın məlumatına görə, ümumilikdə 2010-2015-ci illər ərzində ölkənin neft sektorunda 108 nəfər həlak olub ki, onların da 94 nəfəri ARDNŞ işçisidir.

Mirvari Qəhrəmanlı hesab edir ki, SOCAR öz əməkdaşlarına münasibətdə Əmək Məcəlləsinin bir sıra tələblərini pozur.

“Son olaraq uçan estakada 1970-ci illərdə tikilib, istismar müddəti 30 ildir və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, orada işçilərin olduğu yeni tikilmiş budka yerləşirdi. Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək? Bu estakada bu vaxtadək niyə demontaj olunmayıb?” – deyə hüquq müdafiəçisi sual edir.

O bildirir ki, qəzalar bundan sonra da təkrarlana bilər, çünki ARDNŞ-in demək olar ki, bütün estakadalarının istismar müddəti bitib: “Hava nəqliyyatı ilə dənizin üzərindən uçanda görürsən ki, dənizdə çoxsaylı istifadəsiz qalmış, çürümüş (bunu Neft Daşlarında daha çox müşahidə edərsiniz) çoxlu metal var. Köhnə estakadaların utilizasiyası, demontajı həyata keçirilməlidir. Bütün dünyada olduğu kimi platforma üsuluna keçmək lazımdı”.

Ən şanslı ailə

Dənizin udduğu on neftçidən beşi Ələt qəsəbəsi sakinidir (Bakıdan bir saatlıq məsafədə yerləşir), həm də yaxın qonşudur. İkisi hətta qardaşdır – Güloğlan və Azay Zülfüqarovlar. 51 yaşlı Zülfüqarın 8, ondan bir neçə yaş kiçik olan Azayın isə iki övladı atasız qaldı.

İki qardaşını itirmiş Çingiz gözlərini dənizə doğru dikib, siqareti əsəbi halda sümürür. Kəlmələri zor-güc ard-arda düzür. İndən belə iki qardaşının başsız qalmış ailəsi ona əmanətdir axı.

“Güloğlan 25 ildi dənizdəydi, Azay isə 15 il. Güloğlanın 8 övladından ancaq böyüyü evlənib, qalanları azyaşlıdı, sonuncusu, 13 yaşlı qızı isə həm də əlildi. Atasının maaşının yarısı onun müalicəsinə gedirdi, indi o uşağın halı necə olacaq, heç bilmirəm. Azayın heç evi də yox idi. Ata evində qalırdı. Ev tikdirib içinə də yığışammadı. İki subay bacım var, onlar da ata evində qalır. Hamı da gözünü onun maaşına dikmişdi. Ayı borc-xərc – birtəhər yola verirdi. İki tifili qaldı. Birinin 3, birinin iki yaşı var”, – Çingiz deyir və əlavə edir – “Heç olmasa meyitləri tapılaydı, məzarları olaydı…”

Dilə gətirməsələr də, indi onlar üçün beş ailənin ən şanslısı Qafarovlardı. Axı İlham Qafarovun məzarı olacaq!

99

 


More on JAMnews