Onlar əmindirlər: onlara kişi kollaqalardan daha çox etibar edirlər. Özlərini yanğınsöndürənlərlə və polislərlə müqayisə edirlər" />

Qadın-fotoqraflar özlərindən və öz peşələrindən danışır

Onlar əmindirlər: onlara kişi kollaqalardan daha çox etibar edirlər. Özlərini yanğınsöndürənlərlə və polislərlə müqayisə edirlər

Nazik Armenakyan. Foto: Davit Hakobyan

Son on ildə Ermənistan mediasında işləyən qadın fotoqraflar artıq bu bazara çıxmaqla stereotipləri sındırdılar. Amma tək bu yox. Peşəkar qadın fotojurnalistlər sosial problemi qaldırır və işıqlandırır, bununla da sənədli fotoların inkişafını stimullaşdırırdılar.

“Biz gerçək həyatımızda tabu olan problemləri, uzun müddət gizlədilən mövzuları üzə çıxarmağa çalışırıq. Buna görə də bizə tez-tez deyirlər ki, çirkabı götürüb, onu təmizə çıxarırıq”, – sənədli foto ustası Nazik Armenakyan deyir. O, media sahəsinə 2000-ci illərin əvvəllərində gələn ilk qadın fotoqraflardan biridir”.

Xərçəngdən sonra həyat – Ermənistandan əhvalat

Sülh və müharibə arasında

Türkiyə – uşaqlara qarşı cinsi zorakılıq

2002-ci ildə “Armenpress” informasiya agentliyində işə başladığını xatırlayır. O vaxtlar qadın fotoqraflar yoxuydu:

“Bu sahənin veteranları mənə şübhəylə baxırdılar, gözlərindən bircə sual oxunurdu: işləyə biləcəksən ki? Birinci il çox ağır oldu: həm təcrübə toplamaq, həm də hər gün sübut etmək lazımıydı ki, qadın da foto sənəti ilə məşğul ola bilər”, – Nazik xatırlayır.

Etiraf edir ki, hətta ailəsində də həyat yoldaşı şübhə edir, hər dəfə yadına salırdı ki, qadın üçün çox ağır bir peşə seçib.

“Bu sənətlə məşğul olmaq üçün atamdan dəstək aldım. O, mənim daxili potensialımı görən, bacaracağıma inanan yeganə adam oldu, ailəmi də inandıra bildi, yardım etdi, dəstəklədi”, – iki oğul anası danışır.

2008-ci ildən sənədli jurnalistika ilə məşğul olan Anuş Babacanyan qeyd edir ki, çəkilişlərə gedəndə, xüsusən bölgələrdə və Dağlıq Qarabağda sakinlərin onun gəlişindən narahat olduqlarını hiss edir.

“Aprel müharibəsi zamanı Dağlıq Qarabağa gedəndə (həmin günlər orada vəziyyət çox təhlükəliydi) insanların sifətindən bir sual oxunurdu: “Bura məgər sənin yerindir?” Ya da məni ciddiyə almayıb, xəbər ala bilərdilər: Ərin, uşaqların yoxdur? Qayıt evinə. Ailəli olduğumu biləndən sonra da deyirdilər: “Onda niyə gəlmisən bura?” İnsanlar sadəcə unudur ki, bu, bizim işimizdir”, – iki övlad anası Anuş deyir.

O, fotojurnalistin işini yanğınsöndürənlərin, polislərin işi  ilə müqayisə edir və əlavə edir:

“Bu insanlar həyatlarını təhlükəyə ataraq işləyir, onların arasında da çox sayda qadın var. Düşünürəm ki, bizə qarşı da bu cür münasibət sərgilənə bilər”.

Bəzi qadın fotoqraflar qeyd edirlər ki, KİV-də işə düzəlmək xüsusiylə çətindir, çünki redaktorlar kişilərə üstünlük verir.

Üç uşaq anası olan fotoqraf Anait Ayrapetyan deyir: xüsusiylə də xəbər saytlarında kişilərə üstünlük verilir:

“İşə götürən deyir ki, kişi fotoqrafı götürmək istəyir, bu isə o deməkdir ki, qadın istənilən vaxt onun zəngi ilə işə gələ bilməz. Unutmayın ki, gözlənilməz hadisələr baş verə bilər. Erməni qadınları üçün reallıq daha ağırdır: ev, ailə, övladlar, iş…Amma bu problem tək Ermənistana aid deyil. Bütün dünyada fotoqraflar daha çox kişilərdir.

Son zamanlar dünya mətbuatı dayanmadan yazır ki, redaktorları qadın fotoqrafları işə götürməyə çağırır ki, dünya fotojurnalistikasında balans qorunsun. Bizim fotolarımız səslərimizdir. Fotoqraflardan biri   saytını yaradıb, burada da ancaq qadınların işlərini yerləşdirir. Yəni bu da redaktorlara özünəməxsus çağırışdır”.

Panorama.am sayıtının fotoqrafı Lilian Qalstyan son 10 ili müqayisə edərkən yazır ki, bu sahədəki stereotiplər əsasən sındırılıb:

“Bir neçə il əvvəl bunu operatorların acıqlı baxışları və münasibətlərindən hiss etmək olardı. Onlar bizi itələyir, durmağa və kadr tutmağa yer vermirdilər. İndi isə onlar özləri bizə yer tutur, etiraz aksiyaları və polislə qarşıdurma zamanı isə bizi qorumağa çalışırlar”.

Sənədli foto ustalarından fərqli olaraq, Lilian Qalstyan hər gün xəbər çəkir. O, hadisələrin episentrində olmağı xoşlayır:

“Nə çəkəcəyimi seçmirəm: baş verənləri çəkirəm. Yağışın və qarın altında, etiraz aksiyalarını, piketləri, nümayişçilərlə polis arasında qarşıdurmaları. Sən xəbəri seçmirsən: təhlükə var, yoxdur – fərq etmir. Sən sadəcə çəkirsən. Amma bir şey də var: qarşıdurma zamanı kişilər necə qorunacaqlarını daha yaxşı bilirlər. Qadınlara belə anlarda həddən artıq emosional olmaları mane olur”.

vv

Qadın fotoqraflar əmindir ki, onlara kişilərdən daha çox etibar edirlər.

“Düşünürəm ki, biz qadınlar üçün ilk növbədə insani münasibətlərin vacib olduğu foto sahəsində işləmək daha asandır. Sən də bu münasibətləri idarə etməklə işinə başlayırsan. İnsanlar bizə daha çox inanır, nəinki kişi fotoqraflara. Bundan başqa, ancaq qadının lentə ala biləcəyi sahələr var, məsələn, ailə zorakılığı, LGBT icmalarının problemləri”, – Nazik Armenakyan izah edir.

Sənədli foto ustası Pirüza Xalapyan qeyd edir ki, kişilər bir anın fotosunu çəkməyi üstün tuturlar:

“Onların qlamur fotolardan daha çox xoşları gəlir. Onların işləri daha çox üz qabığı üçün gözəl şəkillər, məşhur adamların fotolarıdır. Onlar işlərinə daha səthi yanaşırlar. Onlardan fərqli olaraq, mən işimə başlamazdan əvvəl yezidlərin kəndinə gedib, saatlarla yezid uşaqları ilə söhbət edə bilərəm”, – Pirüza deyir.

2012-ci ildə Nazirk Armenakyan, Anait Ayrapetyan, Anuş Babacanyan və Pirüza Xalapyan birləşərək,  Ermənistanın “4+” sənədli foto mərkəzini yaratdılar.

“Məqsədimiz yalnız yaxşı fotolar çəkmək deyil. Biz Ermənistanda sənədli fotonun inkişafını stimullaşdırmağa çalışırıq. Bazarı inkişaf etdirmək üçün kurslar, master-klasslar, sərgilər təşkil edirik”, – Nazik Armenakyan deyir.

Qadın fotoqrafları əmindir ki, öz işləri ilə cəmiyyətin müxtəlif təbəqələrinə daxil ola bilir və çox sayda sosial-iqtisadi problemləri qaldırırlar. Ən gözlənilməz yerlərə gedib çıxır, obyektivin köməyi ilə insanların emosiyalarını, duyğularını filtrdən keçirir və onları cəmiyyətə göstərirlər.

“Başqa ana Ermənistan” adlı sərgimiz də təsadüfən keçirilmədi. Hamımız bilirik ki, bizim gözəl qeyri-adi olan ölkəmiz – ana Ermənistanımız var. Biz isə bu Ermənistanın o biri, işıqlandırılmamış problem və qayğılarla dolu üzünü göstərdik.

Mən uzun müddət LGBT icması ilə yaşamışam. Onların özləri də deyirdilər ki, kişi olsaydım, məni bu qədər yaxına buraxmazdılar, daxili dünyalarını mənə açmazdılar və mənimlə ünsiyyət qurmazdılar. Əslində kimə və niyə inanmaq kimi bir problem mövcuddur. İnsanlar başa düşdülər ki, mən ora sensasiya xatirinə getməmişəm”.

Fotoqraf uzun müddət bir mövzu ilə işləməyi üstünlük sayır:

“Əsas iş münasibətlərin qurulmasıdır. Biz günlərlə kamera vasitəsiylə insan həyatlarını izləyir, onların qayğı və problemləri ilə yaşayır, onları başa düşməyə və bütün bunları fotolarda göstərməyə çalışırıq”.

Ailə zorakılığı mövzusunda fotoların müəllifi Anaid Aratunyan qeyd edir ki, qadınlar işlərində daha inadkardırlar, hətta pulsuz işə belə daha çox vaxt sərf edirlər:

“Bir qadın kimi ailə zorakılığı probleminə elə həmin müstəvidən baxmağa başladım. Mənə maraqlı idi ki, doğmalarım və rəfiqələrim belə bir problemlə üzləşiblərmi. Kişi fotoqraflarından heç biri bu mövzuya toxunmayıb. Düşünürəm ki, onlara daha çətin olardı. Mənə qadın kimi qadınlarla danışmaq daha asan idi, onlar mənə etibar edirdilər”.

Qadın fotoqraflar qürurla deyirlər ki, öz şəkilləri ilə Ermənistana dünyada populyarlıq gətirdilər.

“Son bir il ərzində biz çox yaxşı işləmişik. Şəkillərimiz New York Times , WashingtonPost-da dərc olunub. Biz beynəlxalq agentlər və redaktorla işləyirik ki, bu da bizim üçün böyük təcrübə oldu”, – Anait Ayrapetyan deyir.


More on JAMnews