Türkiyə - uşaqlara qarşı cinsi zorakılıq
Rəqəmlərdən başlayaq.
Yeddi il ərzində – 2010-cu ildən 2017-ci ilə qədər Türkiyədə uşaqlara qarşı seksual zorakılıqla bağlı 134 min 960 cinayət işinə baxılıb.
Sadə hesablama ilə belə çıxır ki, hər gün təqribən 45 uşaq seksual zorakılığa məruz qalır. Bura ərə verilən azyaşlı qızlar da daxildir (qanunla evliliyə 18 yaşından icazə verilir).
Və bu, yalnız Ədliyyə Nazirliyinin araşdırılmış hallarla bağlı təqdim etdiyi rəsmi statistikadır.
Problemin getdikcə kəskinləşməsindən sarsılmış cəmiyyət tədbirlər görülməsini tələb edir və 2018-ci ildə hökumət məsələ ilə ciddi məşğul olmağa başlayıb. Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi ilə bağlı layihə artıq parlamentə təqdim olunub. Uşaqlara və qadınlara qarşı seksual zorakılığa görə cəza xeyli sərtləşdiriləcək. Dəyişikliklərdə nə nəzərdə tutulduğu haqda bir qədər sonra. Hələlik isə problemin özü haqda.
Zorakılıq epidemiyası?
H
azırda Türkiyə uşaq qətli ilə bağlı növbəti məhkəmə araşdırmasının yekununu gözləyir.
Qars vilayətinin Kağızman bölgəsində sentyabr ayında yoxa çıxan, 7 gün sürən axtarışlardan sonra isə meyiti tapılan 9 yaşlı Sedanur Güzelin qətlində günahlandırılan üç şəxs hazırda mühakimə olunur.
İstintaq nəticəsində qonşuluqda yaşayan bu üç şəxsin Sedanuru əvvəlcə cinsi istismara məruz qoyub, sonra amansızlıqla qətlə yetirdiyi bəlli olub.
Dekabrın 21-də dövlət ittihamçısı müttəhimlərin qəsdən adam öldürmə suçundan ağırlaşdırılmış ömürlük (cəzanın dəyişdirilməsi haqqı olmamaqla – red.), azyaşlını cinsi istismar suçundan isə 24 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib
E
yni zamanda Tokat vilayətinin Turhal bölgəsində yoxa çıxan 3 yaşlı Evrim Atışın da taleyi hələ bəlli deyil. İyul ayından bəri axtarılan körpənin valideynləri tərəfindən öldürüldüyü ehtimal olunur.
Hazırda qızcığazın atası həbsdə, anası isə azadlıqda, amma istintaq altındadır. İstintaqın gəldiyi ilkin qənaətə görə, onlar uşağa qarşı zorakılıq edərək, ehtiyatsızlıqdan ölümünə səbəb olmuş və günahlarını ört-basdır etmək üçün meyitini gizlətmiş ola bilərlər
E
vrim yoxa çıxandan bir ay əvvəl, iyun ayında isə ölkənin müxtəlif bölgələrində ard-arda üç uşaq qətlə yetirilib. Ağrı vilayətində 3 yaşlı Leyla Aydemir, Ankarada 8 yaşlı Eylül Yağlıkara, Hatay vilayətində 6 yaşlı Ufuk Tatar.
Bu uşaqların heç biri cinsi istismara uğramasa da, qohumlar arasında mövcud olan ədavət nəticəsində amansızlıqla qətlə yetiriliblər.
Türkiyə dövləti uşaqları qoruya bilmir
Uşaq haqları ilə məşğul olan yerli QHT nümayəndələri belə hesab edir.
Sosioloq Əmrah Kırımsoy son 7-8 ildə ölkədə 100 mindən çox uşağın yoxa çıxdığını xatırladaraq, gələcək üçün hazırkı səmərəsiz siyasətin kökündən dəyişdirilməsini vacib sayır:
“Bu, inanılmaz bir rəqəmdir və əgər belə bir rəqəm varsa, niyə bu bizim prioritet məsələmiz deyil?”
Əslində Ədalət Nazirliyi ilə Ailə və Sosial Siyasət Nazirliyinin birlikdə hazırladığı 2014-2019-cu illəri əhatə edən Uşaq Qoruma Xidmətləri Koordinasiyası üzrə Strateji Sənəd mövcuddur. Sənəddə uşaqların müdafiəsi istiqamətində profilaktik sistemə dair bir sıra tədbirlər sadalanır.
[pullquote align=”right”] 7-8 ildə ölkədə 100 mindən çox uşağın yoxa çıxdığını [/pullquote]
Amma Qadın Qətllərini Dayandıracağıq Platformasının sədri doktor Gülsüm Kav nazirliklərin vəzifə bölgüsünü əks etdirən bu sənədin gündəmə gəlməməsini tənqid edir:
“Bu sənəd 2014-2019-cu illər arasında uşaqların həyatı ilə bağlı bütün nazirliklərin necə işbirliyi içində çalışmalı olduğunu çox dəqiq ifadə edir. Bu sənədin heç anılmamasını qınayıram. Düşünürəm ki, bu sənəddə göstərildiyi kimi işləsəydilər, problemlərin yarıdan çoxu indiyə qədər çözülə bilərdi”.
Ölüm hökmü, yoxsa uşaqların müdafiəsi üçün daha çox tədbir?
2014-cü ildə uşaqlara qarşı cinsi istismar və qətl halları pik həddinə çatdığı zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan edam cəzasının qaytarılması ətrafında müzakirə başlatdı.
Ölüm hökmü geri qaytarılmasa da, bu müzakirələrin nəticəsində son illərdə uşaqların qətl edilməsi zamanı müttəhimlərə əsasən ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Uşaqlara qarşı cinsi istismar və zorakılıq halları isə 20 il həbs cəzası ilə cəzalandırılır.
[pullquote align=”right”] Uşaqlara qarşı cinsi istismar və zorakılıq halları isə 20 il həbs cəzası ilə cəzalandırılır [/pullquote]
Uşaqlar Sahəsində Çalışan Vəkillər Birliyi üzvü, vəkil Gazal Bayram Koluma isə cəzaların ağırlaşdırılmasından daha çox uşaqların istismar və şiddətdən qorunmasına ehtiyac olduğunu və buna məsul olan dövlət qurumlarının öz vəzifələrini lazımınca yerinə yetirə bilmədiyini bildirir:
“Qanunvericilik nöqteyi-nəzərdən baxdıqda bizdə bu sahədə bir çox ölkədən daha ciddi cəza sisteminin olduğunu görürük. Vəziyyət isə dəyişmir. Əsl vacib olan mövcud qanunların işləkliyini təmin etməkdir”
Hər il 27 min azyaşlı qız ərə verilir
Türkiyədə pedofiliya halları yalnız kriminal xronikada tendensiya təşkil etmir.
Təkcə rəsmi qeydiyyatdan keçən rəqəmlərə görə, ölkədə ildə orta hesabla 27 min uşaq evləndirilir.
Ümumilikdə isə, azyaşlılara qarşı istismar halları ilə bağlı başladılan istintaqların 45 faizi həbs qərarı olmadan sonlandırılır.
İnsan Haqları Dərnəyinin İstanbul şöbəsinin ən son hesabatına əsasən, Türkiyə pedofiliya hallarına görə Dünyada 3-cü yerdə dayanır.
Hətta 2007-2014-cü illərdə Türkiyə Respublikasının prezidenti olmuş Abdullah Gülün həyat yoldaşı da azyaşlı gəlinlərdəndir. Sabiq birinci xanım 15 yaşı tamam olan kimi evləndirilib. Həmin vaxt Abdullah Gülün 30 yaşı olub
Dini icmalar və pedofiliya
Türkiyədə təhsil ocaqlarına aid yataqxanalarda da uşaqların cinsi istismara məruz qalması halları çox yayılıb. Həm də ən ucuz qiymətə xidmət göstərən, əsasən, dini təriqətlərə, camaatlıqlara aid olan yataqxanalarda.
2017-ci ilin sonundan 2018-ci ilin əvvəlinə qədər cəmi dörd ay ərzində tərbiyə işləri ilə məşğul olan dini icmalarda azyaşlılara qarşı seksual zorakılıq faktları ilə bağlı üç cinayət işi qaldırılıb.
Zərərçəkənlər arasında 9 yaşlı oğlan da var.
Hadisələrin baş veriyi bu yataqxanalar “Süleymançılar” camaatlığına məxsusdur.
Müxalif partiyalardan illərdir gələn etirazlara baxmayaraq, camaatlığa qarşı heç bir ciddi tədbir görülməyib. “Süleymançılar”ın yalnız istismarda adı hallanan işçiləri məsuliyyətə cəlb olunub
Son illərdə Türkiyə gündəmini ən çox məşğul edən azyaşlı istismarı halı isə, “Ənsar vəqfi” adlanan dini qurumun yataqxanasında baş verib.
İddiaya görə, 2012-2015-ci illərdə bu vəqfə aid məktəblərdə işləyən Məhərrəm Böyüktürk adlı bir müəllim 45 azyaşlı oğlan uşağına qarşı cinsi zorakılıq törədib. Hadisə bəzi şagirdlərin baş verənləri ailələrinə danışması ilə aydınlaşıb, nəticədə cinayətkar 508 il 3 ay həbs cəzası ilə cəzalandırılıb
Bu olayın ən qalmaqallı hissəsi isə o dövrdə ailə və sosial siyasət naziri olan Səma Ramazanoğlunun “bir hadisəyə görə vəqfi qaralaya bilmərik” açıqlaması olmuşdu. Nazirin bu çıxışı ölkə gündəminə yerləşmiş, müxalifətin sərt reaksiyasına yol açmışdı
Bütün reaksiyalara baxmayaraq, dini vəqf hələ də fəaliyyətini davam edir.
Hökumət hansı tədbirləri görür?
Novabrın 20-də Ədalət Nazirliyi uşaqların və qadınların cinsi toxunulmazlığına qarşı cinayətlərə dair təlimat yayıb.
7 maddəlik bu təlimatda prokurorluqdan onlara şikayət daxil olduğu zaman dərhal istintaqa başlanılması tələb olunur.
Bundan başqa yaxın zamanda cinayət məcəlləsinə dəyişikliklərin edilməsi də gözlənilir. Hökumətin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsinə əsasən, uşaqlara qarşı cinsi istismara görə cəzanın 20 ildən 40 ilə yüksəldilməsi və təcavüzkarın kimyəvi üsulla xədim edilməsi də nəzərdə tutulub.