Siyasi və ya dini altmənası olan işlərin böyük hissəsi tez məhv edilir" />

İncəsənət, yoxsa sosial etiraz – Gürcüstan strit-artı haqda

Siyasi və ya dini altmənası olan işlərin böyük hissəsi tez məhv edilir

Artıq bir neçə ildir ki, Tbilisidə və digər şəhərlərdə boz darıxdırıcı divarlar və ya digər gözə dəyməyən yerlər birdən-birə əlvan rənglərə boyanır, incəsənət və… diqqət obyektinə çevrilir. Küçələrdə qraffiti və ya stensil üslubunda işlər çoxalır. Onlar müxtəlifdir – gülməli, ironik, etirazçı və ya adi əlvan rəsmlər və yazılar.

Strit-art – küçə incəsənəti və ya başqa sözlə desək, urbanistik artom Gürcüstanda getdikcə populyarlaşır. Rəssamlarla elə küçədəcə heç bir vasitəçisiz ünsiyyət qurmaq mümkündür, onlar da publika ilə çox rahat davranır. Eyni zamanda yenicə yaranmış sənət nümunəsilə bağlı onların reaksiyasını görmək və ya fikrini öyrənmək də mümkündür.

JAMnews gürcüstanlı küçə rəssamlarının nə demək istədiyini aydınlaşdırmağa çalışıb.

Yazın ilk həftəsinin gecələrindən birində Qaqoş sakitcə stensil üçün boyalarını və materiallarını toplayıb, Tbilisinin Ketevan Tsamebuli prospektinə yollanıb. Rəsm çəkmək üçün seçdiyi divar məhz orada yerləşirdi. Tələsirdi, odur ki, dostları da kömək edirdi. Elə həmin gecə çəkməyə başlayıb.

Martın 8-də sübh tezdən yoldan ötənləri belə bir rəsm qarşılayıb – maşınlarla dolu yolun ortasında çat əmələ gəlib, çatların arasından isə bənövşələr boylanır, ağ-qara qammada çəkilmiş uşaq isə əlini ona doğru uzadıb.

Uşaq bənövşələrə “yetmək” üçün toz udmalı, günəşin və küləyin altında əziyyət çəkməli olur. Rəssam bununla Tbilisi sakinlərinə bir qədər kəskin formada baharın onların gündəlik həyatına girdiyini göstərmək istəyib.

Qaqoş – Giorgi Qaqoşidze Gürcüstanın əsasən strit-art sahəsində çalışan rəssamlarından biridir.

“Mən Facebook-da şərh yazmaqdansa, bu və ya digər hadisələrə bu formada öz hisslərimi və münasibətimi ifadə etməyə üstünlük verirəm. Mənim divarlarım küçələrdədir, sosial şəbəkələrdə yox… Mən onların üzərində öz etirazımı bildirirəm”, – Qaqoş deyir və Mazniaşvili küçəsindəki divara doğru yönəlir. Orada onun əsəri var: pencəkli çəhrayı donuz itləri gəzdirir.

“Həmişə Oruelin yaradıcılığına rəğbətim olub. Onun çox güclü alleqoriyaları var. Praktiki olaraq istənilən idarəetmənin başında donuz olur, onları isə iitlər qoruyur”, – rəssam deyir.

İşçilərin hüquqları, korrupsiya, seçkilər, işğal olunmuş ərazilər, məhkəmə, ekologiya – Qaqoşun əsərləri bütün aktual problemlərlə, cari sosial və ya siyasi proseslərlə səsləşir. O, sosial küçə rəssamıdır. Strit-art isə onun üçün yalnız incəsənət deyil, həm də vətəndaş mövqeyini ifadə etmək imkanıdır.

Əslində elə gürcüstanlı küçə rəssamlarının böyük hissəsi üçün bu üslub bir növ etiraz platformasıdır və onlar üçün auditoriyanın onların elədiklərinə  reaksiyası önəmlidir.

Amma hamısı üçün yox. Onlardan bəziləri strit-artı sadəcə baxımsız məkanı gözəlləşdirmək imkanı kimi nəzərdən keçirir. Digərləri yalnız strit-art janrında işi nəzərdən belə keçirmir, çünki hesab edirlər ki, müasir incəsənətdə özünü ifadə imkanı istənilən çərçivələrdən, yer və forma məhdudiyyətlərindən azad olmalıdır.

Gürcüstan kəndində, münaqişə zonasında yaşayan rəssam qadın haqda film

Tbilisidə müasir Çin. Milli Muzeydə çinli rəssamların işlərindən ibarət sərgi keçirilir

“Hər şey nə cürsə bir-biri ilə bağlıdır”

“Strit-artın ləzzəti tamamilə azad olmasındadır”, – əsərlərinə Tbilisi, Kutaisi və diər şəhərlərdə rast gəlmək mümkün olan rəssam Qameza deyir.

“Nə yazmaq, nə çəkmək yalnız sənin ideyandan asılıdır. Strit-artın əsas gözəlliyi bundadır… Hər şey nə cürsə əlaqəlidir”.

Qameza Tbilisinin Çorox küçəsindəki ən irimiqyaslı işlərindən birini nümayiş etdirir. əsərdə Pirosmani üslübunda və eyni zamanda “Simpson” cizgi filminin qəhrəmanını xatırladan balıqçı su dolu ləyəndə dayanıb və əlində üçgözlü balıq tutub. Onun arxasında yadplanetli kosmik gəmi Gürcüstan parlamentini “qoşquya” alıb.

— Parlamenti aparırlar, yoxsa gətiriblər?

— Aparırlar. Bax bununla – aparmaqları yaxşıdır, yoxsa pis? Bax buna sənqərar verməlisən.

Qameza əsərlərinin “açmasını” verməkdənsə, digərlərinin orada nəsə görməyinə və ya… görməməyinə üstünlük verir. Buna görə də, bu işin ərsəyə gəlməsinə səbəb olan ideyasını bölüşmək istəmir.

“Prosesin özü nəticədir”, – spontanlıq tərəfdarı olan, müsahibə zamanı da əli boyalara uzanan Qameza deyir. Həmin Çorox küçəsində köhnə pilləkanı olan bina var. Tezliklə orada siçan balasının başı görünür. Daha dəqiqi isə, tamamlanandan sonra bizim görəcəyimiz məxluqun başı. Və ya görməyəcəyimiz.

 

“Bütün istiqamətlərin ideya ifadəsində bərabər imkanlara malikdir. Hər şey ideyadan, düşüncədən asılıdır. Mən öz mesajlarım üçün gah stensil, gah telefon zəngi seçə, gah da performans yarada bilərəm”, – Mariam Natroşvili deyir.

Onun işlərinin böyük hissəsinin küçələrdə olmasına baxmayaraq, Mariam özünü küçə rəssamı hesab etmir.

Onun əsərlərində çox vaxt müxtəlif yazılara rast gəlmək olur. Məsələn, o, Pekin küçəsində yenilənmiş velosiped yolunda peyda olmuş məşhur “Sabah” installyasiyasının və “Havada qurğuşun” qraffitisinin müəllifidir. Mariam Dutu Cinçaradze ilə birlikdə işləyir.

 

 

“Rəssamları ümumilikdə nə idarə edir – bilmirəm. Axı mən elədiyimi sadəcə əylənmək üçün edirəm”, – Mariam deyir.

Küçədən incəsənətə və geri

Strit-art təsviri incəsənətin janrı kimi 1960-cı illərdə yaranıb. İndiyə qədər  ən üsyançı cərəyan hesab olunur. Bəzi çevrələrdə hətta mübahisələr də davam edir – ümumiyyətlə bu, sənətdirmi, yoxsa vandalizmdir, çünki çox vaxt əsərlər sanksiyalaşdırılmamış yerlərdə yaradılır.

“Ən başından strit-art marjinal qrupların (getto, əyalət sakinləri, qaradərililər və s. – yəni əhalinin təsviri incəsənətə və elitar qalereyalara yolu bağlı olan hissəsi) özlərini ifadəsi ilə assosiasiya olunur”, – sənətşünas Xatuna Xabuliani deyir.

“Postmodernizm müxtəlif forma və tendensiyaları bərabərləşdirərək, onları eyni dəyərli anlamlara çevirib”.

Mövzular tükənmir, baxmayaraq ki, strit-art çox vaxt sosial və siyasi etirazları təqdim edir. onun populyarlığının artırılmasında Jan-Mişel Baskia kimi məşhur rəssam böyük rol oynayıb – o, 1980-ci illərdə Nyu-York küçələrinə öz təkrarolunmaz “imzasını” ilk atanlardan biri olub.

Bundan başqa “strit-art kralı” adlandırılan Kit Xarinqq də var – onun kəskin sosial və siyasi mesajları bu günə qədər incəsənət nümunələri olaraq qalır və onlara Nyu-York küçələrində də rast gəlmək mümkündür.

Nüfuzlu Benksinin ən əsrarəngiz əsərləri klassika kimi tanınıb. Onun sosial və siyasi mesajlarını indi artıqbütün dünya gözləyir.

Benksinin və digər müasir rəssamların nümunələri sizin özünüzə aidiyyatı olan məsələlərə ictimai reaksiya doğurmaq miqyaslarını və imkanlarını yaxşı nümayiş etdirir.

Gürcüstan cəmiyyəti rəssamların ismarıclarını necə qəbul edir, strit-art hansı nəticələri verə bilər?

Gürcüstan strit-artında qorxu və senzura

Tina Çertova üçün strit-art etiraz bildirmək üçün platformalardan biridir, amma bir şərtlə: bu etiraz aqressiv olmamalıdır, heyvan haqlarını qorumalı və qadın haqlarını genişləndirməlidir. müxtəlif sosial mövzularla yanaşı, Tina iki il əvvəl yeni layihə də hazırlayıb – sevgi və LGBT birliyi nümayəndələri haqda.

“Bu təxribatdır… İnsanlar arasında sevgini gööstərmək istəyirəm. Cins önəmli deyil, hamını eyni dərəcədə sevirik”, – Tina deyir. – “Bu layihə çərçivəsində beş divar üzərində rəsmlər çəkmək nəzərdə tutulurdu”.

Amma bu işlər üçün Tbilisidə bircə divar zor-güc tapılıb. Səbəb mövzudadı.

Tbilisi meriyası, Rəssamlıq Akademiyası, kafe və restoranlar, qonşu qarajı – Tina divar axtarışı ilə mümkün olan hər yerə müraciət edib. Xatırlayır ki, əsərlər əvvəlcə hamının xoşuna gəlib, amma söhbətin nədən getdiyini anlayanda birbaşa və ya dolayı qolla əməkdaşlıqdan imtina ediblər. Tina alternativ yol axtarmalı olub – layihənin həyata keçirilməsi üçün o, hərəkət edən divarlar sifariş verib.

Əgər layihənin həyata keçirilməsində Tina Çertovaya dolayısı ilə mane olurdularsa, gənc rəssam Sandro Paçuaşvilinin “Tbilisi küçəsinin incəsənət festivalı” çərçivəsində hazırladığı əsərini siyasi səbəblər üzündən “korrektə” ediblər.

“14 yaş, 13 yara, 0 qatil” – bu yazı və qraffiti ilə müəllif Tbilisinin 51 saylı məktəbinin şagirdinin qətli ilə bağlı səs-küylü cinayət işinin istintaqına etirazını bildirib. Növbəti gün yazı divardan silinib.

Bu yazıya görə onu müxtəlif siyasi qruplarla əlaqələndirməyə başlayıblar, buna görə də bu yazını silməli olublar – Küçə İncəsənəti Federasiyanın media təşkilatçısı və prezidenti Vasil Şuradze bildirib.

Tbilisi merinin müavini və şəhər mədəniyyət xidmətinin rəhbəri Sofio Xuntsariya JAMnews-la söhbətində bildirib ki, Paçuaşvilinin əsəri ilə bağlı məsələyə meriyanın heç bir aidiyyatı yoxdur, çünki meriya məzmun mənasına qarışmır – istər strit-art və ya digər mədəni tədbir olsun.

Qaqoşun sözlərinə görə, onun iki yüzə yaxın əsərinin demək olar ki, 90 faizi artıq mövcud deyil – siyasi, dini və sadəcə naməlum səbəblərdən siliblər. Bir qayda olaraq tamamlanandan sonra səhəri gün artıq hökumətə qarşı olan əsərlər yoxa çıxır. Məsələn, Qaqoşun Dövlət Dəftərxanasının divarında çəkdiyi korrupsiya, seçkilərdə “karusel”, məhkəmə haqda qraffitinin də taleyi eyni olub.

Əsərlərinin kim tərəfindən və niyə “təqib olunduğunu” Mariam Natroşvili çox yaxşı bilir. Onu patriarxlığın darvazasında “25 000 000 000” yazısı peyda olandan sonra polisə qeyri-rəsmi dindirməyə çağırıblar.    

2015-ci ildə bu yazı ilə Mariam Natroşvili və Qvantsa Cinkariani patriarxlığa külli miqdarda vəsaitin ayrılmasına bu yolla etiraz ediblər. Polis idarəsində fəallara şifahi xəbərdarlıq edilib və onları belə addımlar atmamağa çağırıblar.

Gürcüstanın küçə rəssamları qısa mövcudluqları dövründə əsasən qorxu və nəzarət hissi doğurublar. Küçə rəssamları auditoriyanın xüsusi reaksiyasına nümunələri xatırlayanda, adətən sosial şəbəkələrdə yazılan pozitiv şərhlər haqda danışırlar.

Niyə kəskin mövzular ətrafında müzakirələr sosial şəbəkələrdən yan ötməyib və ya niyə küçə incəsənəti daha irimiqyaslı reaksiya doğurmur? Sənətşünas Xatuna Xabulianinin fikrincə, Gürcüstanda yalnız strit-arta yox, ümumumilikdə incəsənətə münasibətdə bu hal məhduddur – incəsənət “ciddi təsir göstərmir, fəal intellektual proseslər doğurmur”.

“Bizdə həqiqətən də effektiv olan etiraz forması özünü göstərməyib. Bununla yanaşı bizdə cəmiyyət kifayət qədər laqeyddir. Ola bilər ona görə ki, öz problemlərinin içində boğulub”, – Xabuliani deyib.

Cəmiyyətin qeyri-yetkin olması ilə yanaşı incəsənət və strit-art özü də əsasən cəmiyyətin təfəkkürünə təsir  edəcək səviyyəyə yüksəlməyib. Rəssamların özlərinin sözlərinə görə Gürcüstanda strit-artın nadir istisna ilə konseptuallığı və dərinliyi çatışmır.


More on JAMnews