Muzeydə 40-a yaxın avanqard iş təqdim olunub " />

Müasir Çin Tbilisidə. Milli muzey çinli artistlərin sərgisini qəbul edir

Muzeydə 40-a yaxın avanqard iş təqdim olunub

“Bürclər” – Tbilisidə, Gürcüstanın Milli Muzeyində açılan, müasir çinli rəssamların işlərini birləşdirən ekspozisiya belə adlanır. Sərginin rəsmi açılışı iyunun 23-də baş tutacaq və sentyabrın 11-nə qədər davam edəcək.  

Dimitri Şevardnadze adına milli qalereyada 40-a yaxın avanqard iş təqdim olunub. Çinlə və müasir incəsənətlə maraqlananlar üçün bu, həmin ölkənin mədəniyyətinin yenilikləri ilə tanış olmaq üçün gözəl imkandır.  

20-yə yaxın çinli artistin işləri təqdim olunacaq.

Onların hər biri öz sənəti ilə bu günkü Çinin siyasi, sosial və mədəni reallıqlarını əks etdirir və ən əsası da özü onlara təsir edir. Onların işləri problemlərin həll üçün müxtəlif yolların axtarışıdır.

Onların arasında ən çox populyarlıq qazanan Ay Veyvey (Ai Weiwei) bu gün vətənindəki təqiblərə görə Avropada yaşayan rəssam və siyasi fəaldır.

2011-ci ildə Çin hakimiyyəti Veyveyi aeroportda həbs edəndə, bütün dünyada onun genişmiqyaslı müdafiəsi tədbirləri keçirildi: “The Times” jurnalı həmin günlərdə rəssamı dəstəkləmək üçün məşhur insanların məqalələrini dərc edirdi. Onlar Çin hakimiyyətinə müraciət edərək, rəssamın təqibini dayandırmağı tələb edirdilər.  Bu kampaniyada ilk çıxış edənlər dünya səviyyəli ustalar – rəssam Demyen Herst və heykəltəraş Aniş Kapur oldu.

Bukker mükafatı laureatı, yazıçı Salman Ruşdi  “The New York Times”da Veyvey haqqında məqalə dərc etdi. Veyveyə dəstək aksiyası Nyu-York, Stokholm, London, Paris, Boston, Berlin, Afina və başqa şəhərləri birləşdirdi. Çin hökuməti bu “hücum”un qarşısında tab gətirə bilmədi və bir neçə ay sonra Veyveyi azad etdi.   

Bu gün Ay Veyveyin işlərilə dünyanın aparıcı muzeyləri maraqlanır. Sentyabrın 11-nə qədər isə onu Tbilisi sakinləri və Gürcüstan paytaxtının qonaqları görə bilər.

Milli qalereyada Ay Veyveyin 2015-ci ildə yaratdığı “Toyuq fincanı” işi təqdim olunacaq. Bu layihədə o, varlı çinlilərin çini qablara olan sevgisini, bir çini fincana görə milyonlarla pul verməyə hazır olmalarını tənqid edir.  

Lyu Veyin (Liu Wei) işləri düz xətlərlə, riyazi üsulla urbanistik ətrafdan bəhs edir. Milli qalereyada onun “G bənövşəyi hava” işini görmək olar.

“Bürclər” sərgisini Gürcüstanın Milli Qalereyası ilə birlikdə yeddi il əvvəl Gürcüstan vətəndaşlığını qəbul edən gənc fransız kolleksioneri Con Dodeland təqdim edir. Sərginin tərəfdaşı Gürcüstanın Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi, media tərəfdaşları isə “BIO International” şirkəti və onun direktoru Olqa Babluanidir.

“Bu unikal sərgi Qafqaz regionunda ilk dəfədir ki, keçirilir. Tbilisidə bu günlərdə aparıcı ölkələrin sakinlərinin gördüyünü görə biləcəklər, – fransız kolleksioneri Con Dodeland deyir. – Gürcüstan perspektivli ölkədir. İpək yolu Çinlə Gürcüstan arasında real körpüdür. Sərgi çinli ustaların azad sözüdür”.

Olqa Babluaninin sözlərinə görə, sərginin siyasi yükü də var: “Dodeland Çin-Gürcüstan münasibətlərinin vacibliyini yaxşı anlayır. Məlumdur ki, İpək yolunun möhkəmləndirilməsi Çin hakimiyyətinin prioritetlərindən biridir”.  

Van Quanqli (Wang Guangle), 090820, 2009. Con Dodelandın kolleksiyası

Ay Veyvey (Ai Weiwei), “Toyuq fincanı”, 2015. Con Dodelandın kolleksiyası

Lyu Vey (Liu Wei) , “G bənövşəyi hava”, 2008. Con Dodelandın kolleksiyası 


Sərgi sentyabrın 11-nə qədər davam edəcək


More on JAMnews