DİN-in bəyanatına əsasən, saxlanılanlar insanların şəxsi həyatını əks etdirən gizli kamera görüntülərini saxlayır, sosial şəbəkə və mobil applikasiyalar vasitəsilə yayırmışlar " />

Gürcüstanda gizli kamera görüntülərini yaymağa görə 16 nəfər saxlanılıb

DİN-in bəyanatına əsasən, saxlanılanlar insanların şəxsi həyatını əks etdirən gizli kamera görüntülərini saxlayır, sosial şəbəkə və mobil applikasiyalar vasitəsilə yayırmışlar

İnsanların şəxsi həyatını əks etdirən video görüntüləri saxlamaqda və yaymaqda ittiham edilən 16 nəfər saxlanılıb. DİN-in bəyanatına əsasən, saxlanılanlar görüntüləri sosial şəbəkələr və ya mobil applikasiyalar vasitəsilə yayırmış.

Söhbət son günlər internetdə yayılan və iqtidarda olan “Gürcü arzusu” partiyasını təmsil edən deputat Eka Beseliyanın şəxsi həyatını əks etdirdiyi ehtimal olunan video görüntülərdən gedir. Gizli çəkilişlərin yayılması Beseliyanın Gürcüstan Ali Məhkəməsi ilə bağlı öz partiyadaşları ilə arasında yaranan ziddiyyətlə eyni vaxta təsadüf edib.

10 hakimin işi. Söhbət hansı siyahıdan gedir?

DİN ölkə vətəndaşlarına xəbərdarlıq edir ki, qanunsuz çəkilişlərin, insanların şəxsi həyatı ilə bağlı məlumatların saxlanması və yayılması cinayət məsuliyyəti yaradır və 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qanunvericiliyə əsasən, görüntülərin istənilən yolla yayılması, hətta təkrar paylaşım və mobil applikasiyalar vasitəsilə saxlanması da cinayət məsuliyyəti yaradır.

DİN vətəndaşları bu cür qanunsuz əməllərdən uzaq olmağa və bu cür görüntülərin istənilən formada yayılmasını dayandırmağa çağırıb.

“Əks təqdirdə hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulan tədbirləri görməyə məcbur olacaq”, – DİN-in Mərkəzi Kriminal Polis Departamentinin direktoru Vladimir Bortsvadze deyib.

Həbs olunan 16 nəfər arasında müxalif yönlü Milli Hərəkatın bir neçə fəalı və müğənni Giorgi Qasviani də var.

Saxlanılanlardan birinin vəkili hesab edir ki, onun müvəkkilinin hərəkətlərində cinayət tərkibi yoxdur.

“Müdafiəm altında olan Nana Jorjadzeni dünən Batumidə öz evində həbs ediblər. O, iş yoldaşından “qalmaqallı informasiya” alıb və bundan sonra həbs olunub”, – vəkil deyir.

Eka Beseliya və həmfikirləri, o cümlədən də müxalifət nümayəndələri hesab edirlər ki, DİN ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışır və video görüntüləri ilk olaraq şəbəkəyə “atanları” tapmaq əvəzinə “tətikçiləri” saxlayıb.


More on JAMnews