Ekspertlər: Bu gün biz media plüralizmi mühitinin dağıldığı proses əldə edirik" />

Gürcüstan: məşhur müxalifətçi kanal hakimiyyətyönlü ola bilər – bu necə baş verdi

Ekspertlər: Bu gün biz media plüralizmi mühitinin dağıldığı proses əldə edirik

Gürcüstanın ən reytinqli müstəqil kanalı sahibini və menecmentini dəyişib. Bu gündən etibarən kanala yeni baş direktor rəhbərlik edəcək.

Paata Saliya artıq işə başlayıb. Bu gün səhərdən başlayaraq o, teleşirkətin binasındadır və əməkdaşlarla görüşür.

Bu necə baş verdi və bu dəyişiklik ölkə üçün nə deməkdir?

____________________

Strasburqun qərarı

Az qala dörd il “Rustavi 2” ətrafında davam edən çəkişmə dünən, iyulun 18-də hazırkı sahiblər və menecment üçün məğlubiyyətlə başa çatıb. Teleşirkətin artıq yeni sahibi var. Bu, hakimiyyətə yaxınlığı ilə seçilən iş adamı Kibar Xalvaşidir və o, dünən şirkəti öz adına qeydiyyatdan keçirib.

Gürcüstanda media kimə məxsusdur?

Gürcüstanda siyasi böhran. Oliqarxa xaricdən və daxildən zərbələr

Hər şey dünən Tbilisi vaxtı ilə saat 12-də Strasburqdakı İnsan haqları məhkəməsinin Rustavi 2 üzrə qərarını açıqlamasından sonra mümkün oldu. Qərarda deyilirdi ki, Gürcüstanda heç bir məhkəmə instansiyası Rustavi 2-nin ədalətli məhkəmə hüququnu pozmayıb. Eyni zamanda, Strasburq kanala sahiblik hüququ üzrə Rustavi 2-nin iddiasını əsassız hesab edib.

Bununla birgə, Strasburq məhkəməsi 2017-ci ilin martında Gürcüstan Ali Məhkəməsinin qərarının icrasına qoyduğu müvəqqəti dayandırılma mexanizmini də aradan qaldırıb. Həmin qərarla teleşirkətin sahibi Kibar Xalvaşi elan olunub. Başqa sözlə, qadağa aradan qaldırılan kimi məhkəmənin həmin qərarı qanuni qüvvəsinə minib.

Strasburq məhkəməsinin qərarı elan edildikdən sonra hadisələr ildırım sürəti ilə cərəyan etməyə başladı.

Strasburq məhkəməsi nə deyib. İki abzasla

 

Strasburq məhkəməsi Xalvaşinin teleşirkətin qanuni sahibi olub olmaması məsələsini araşdırmayıb. Avropa məhkəməsi araşdırıb ki, sahiblik ötürülən zaman Rustavi 2-nin tərəf kimi ədalət məhkəməsi hüquqları pozulub, ya yox. Strasburqun qərarına görə, bu hüquq pozulmayıb.

 

O ki qaldı teleşirkətin sahibinə, Kibar Xalvaşinin teleşirkətin qanuni sahibi olmasını Strasburq məhkəməsi deyil, 2017-ci ilin martında Gürcüstanın Ali Məhkəməsi müəyyənləşdirib.

Kibar Xalvaşi və Kibar Xalvaşi

Düz bir saatdan sonra yeni köhnə sahib Kibar Xalvaşi bəyanat dərc etdirdi ki, burada Strasburq məhkəməsinin ədaləti bərpa etdiyi qeyd olunur.

Öz bəyanatında Xalvaşi jurnalistlərə vəd verib ki, kanalın redaksiya siyasətinə toxunmayacaq, jurnalistlərin fəaliyyətinə qarışmayacaq və onları kanalda tutduqları vəzifələrindən uzaqlaşdırmağa hazırlaşmır. İndiki mərhələdə Xalvaşinin işdən azad etdiyi yeganə insan kanalın baş direktoru Nika Qvaramiyadır. Onun yerinə iş adamı öz vəkili Paata Saliyanı təyin edib. Bu dəyişiklik artıq Publik reyestr agentliyində qeydə alınıb.

Öz bəyanatında Xalvaşi qeyd edir ki, Rustavi 2-nin qurucuları və ilk sahibləri David Dvali və Carci Akimlidze ilə əməkdaşlıq etməyə hazırdır. Sonuncular eyni zamanda şikayətlənirlər ki, Saakaşvili qanunsuz olaraq və zorla onları teleşirkətə sahib olmaqdan imtinaya məcbur edib. Publik reyestrdə oxuyuruq ki, hazırda Rustavi 2 teleşirkətinin səhmlərinin 60 faizi Kibar Xalvaşiyə, 40 faizi isə Kibar Xalvaşinin yeganə sahibi olduğu “Panorama” MMC-yə aiddir.

Kibar Xalvaşi Rustavi 2 teleşirkətinin 2004-2005-ci ilərdə sahibi olub. Həmin vaxt o, eks-prezident Saakaşviliyə və müdafiə naziri İrakli Okruaşviliyə yaxın iş adamı idi. O vaxt onun teleşirkəti əldə etməsi ilə bağlı təfərrüatlar kifayət qədər dumanlıdır, belə ki, teleşirkətin qurucuları və ilk sahibləri David Dvali və Carci Akimlidze bu gün bəyan edirlər ki, Saakaşvili şantaj yolu ilə onları televiziyanı Xalvaşiyə verməyə məcbur edib.

Rustavi 2-də bu gün Xalvaşinin iki illik idarəçiliyini xatırlayan insanlar çalışır. Onlar deyir ki, iş adamı şəxsən və kobud şəkildə jurnalistlərin fəaliyyətinə qarışır və onları hakimiyyətə sərf etməyən məlumatları efirə verməməyə məcbur edirdi.

Yeni direktor

Dünən axşam, təxminən 20:00-da Rustavi 2-nin tamaşaçıları birbaşa efirdə teleşirkətin binasına yeni baş direktor Paata Saliyanın gəlişinin kadrlarını izləyirdilər.

O, Nika Qvaramiyanın qəbul otağına daxil oldu və kanalın menecmenti ilə görüş tələb etdi. Qvaramiya bildirdi ki, onunla əməkdaşlıq etməyə hazırlaşmır.

«Katibdən xahiş edəcəyəm ki, sizə qəhvə də düzəltməsin. İndi kiminlə istəsəniz görüşə bilərsiniz, lakin bu kabinetə sizi buraxa bilmərəm, çünki bura hələlik mənim şəxsi məkanımdır», — Qvaramiya Saliyaya deyib.

Saliya nyus-rumda toplaşmış jurnalistlərlə görüşdü və onlar direktordan kanalın redaksiya siyasətinin müstəqilliyinə zəmanət verməsini tələb etdilər. Həmçinin ondan hakimiyyəti kəskin tənqid edən jurnalistlərin qalması tələb olundu.

Jurnalistlərin sözlərinə görə, onlar Saliyadan bu zəmanələri almayıblar. Saliya Rustavi 2-nin binasında bir saatdan bir qədər artıq olub və bildirib ki, işə ertəsi gün – iyulun 19-da başlayacaq.

Jurnalistlər və Rustavi 2-nin kollektivinin digər üzvləri dünən birgə bəyanatla çıxış ediblər və burada qeyd olunur ki, Strasburq məhkəməsinin qərarı onlar üçün gözlənilməz olub. Onlar deyirlər ki, Kibar Xalvaşinin gəlişi ilə redaksiya siyasətinin dəyişilməsi qaçılmaz olacaq.

«O, sonuncu tikəni də uddu»

Strasburq nəhkəməsinin qərarının elan edilməsini Rustavi 2-də xüsusi olaraq gözləyirdilər. Bir neçə gün qalmış kanalda əhalini iyulun 18-də saat 12:00-da Strasburq məhkəməsinin qərarı çıxarılan vaxt teleşirkətin həyətində toplaşmağa dəvət edən kliplər yayımlanırdı. Doğrudan da, iyulun 18-də səhər tezdən kanalın həyətində bir neçə yüz insan toplanmışdı. Elə buradaca iri ekran quraşdırılmışdı ki, toplaşanlar xəbərlərin 12 buraxılışını izləyə bilsinlər. Jurnalistlər Rustavi 2-nin loqosu olan xüsusi maykalar geymişdilər. 

Teleşirkətin həyəti Gürcüstanın və Avropa İttifaqının bayraqları ilə bəzədilmişdi. Elə həmin bayraqlar gün ərzində telekanalın efirində loqo ilə birlikdə nümayiş etdirilirdi.

Səhərdən başlayaraq kanalda qeyri-hökumət təşkilatlarının, siyasətçilərin, cəmiyyətə tanış olan şəxslərin və adi vətəndaşların şərhləri yayımlanırdı və onlar bildirirdilər ki, ölkəni qeyri-formal liderin idarə etdiyi və digər mərkəzi kanalları özünə tabe etdirdiyi fonda Rustavi 2-nin tənqidi redaksiya siyasətinin qorunub saxlanılması əhəmiyyətlidir.

Heç kim şübhə etmirdi ki, Strasburq kanalın xeyrinə qərar verəcək. Bəzi əməkdaşlar işə uşaqları ilə birgə gəlmişdilər ki, uzun çəkmiş məhkəmə prosesinin bitməsini qeyd etsinlər.

Əhval ondan sonra korlandı ki, monitorda ədliyyə naziri Teya Tsulukiani göründü və o, xüsusi brifinqdə bildirdi ki, Rustavi 2 ilə dövlət arasında mübahisəni Strasburq məhkəməsi dövlətin xeyrinə həll edib.

«Bundan sonra biz ölkədə nələrin baş verdiyini bilməyəcəyik. O /Bidzina İvanişvili / sonuncu tikəni də uddu və bizim hamımızı böyük sürətlə Rusiyaya tərəf aparır. Artıq belə ölkədə yaşamaq istəmirəm», — bunu Rustavi 2-nin həyətində jurnalistlərə göz yaşlarını güclə saxlayan qadın deyib.

İvanişvili və “Rustavi-2”

Gürcüstanda internetləşdirmənin sürətlə getməsinə baxmayaraq, bir çox ailələr, xüsusən də kəndlərdə yaşayanlar üçün kompüter hələ də bahalı əyləncə olaraq qalır, çünki əhalinin 20 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı şəraitdə yaşayır. Buna görə də televiziya bu günə qədər əhalinin əksəriyyəti üçün əsas informasiya mənbəyidir. NDI-ın apreldə apardığı tədqiqat nəticələrinə əsasən, əhalinin 72 faizi deyir ki, informasiyanı televiziya mənbələrindən alır.

Müvafiq olaraq siyasi müşahidəçilər razılaşırlar ki, ölkənin ən reytinqli telekanalında informasiya siyasətinin dəyişməsi 2020-ci il parlament seçkilərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Bunun əksinin söylənməsinə baxmayaraq, heç kim yeni sahiblərin kanalın redaksiya siyasətini dəyişməyə çalışacağından şübhə etmir.

Kanalın artıq keçmiş sahibləri Karamanişvili qardaşları və Nikoloz Nakopiya Saakaşviliyə yaxın biznesmenlər və onun komandasının üzvləridir. Heç kim şübhə etmir ki, bu adların arxasında Mixail Saakaşvili dayanmışdı. Hətta ölkədən kənarda olsa da, bu kanalın siyasətini əsasən o müəyyən edirdi və mütəmadi olaraq çox qəribə şərhlərlə efirdə görünürdü.

“Gürcü arzusu” hakimiyyətdə olduğu müddətdə bu müxalif kanal siyasi tok-şouları və ya korrupsiya, nepotizm, məhkəmə sistemindəki problemlər, ölkəni qeyri-formal idarə edən şəxs və sairə haqda kəskin süjetləri ilə hakimiyyətə böyük narahatlıq yaradırdı.

Bidzina İvanişvili öz müsahibələrində mütəmadi olaraq “Rustavi-2”-nin “yalan maşını” və “milli hərəkatçıların partiya televiziyası” olduğunu bildirib. Jurnalistlər hesablayıblar ki, ötən ilin payısında prezident seçkilərindən bir neçə gün əvvəl jurnalistlərə verdyiyi ən son müsahibələrinin birində İvanişvili iki saat yarım ərzində 40 dəfə “Rustavi-2”-nin adını çəkib.

Məhz bu müsahibəsində İvanişvili dildən-dillə düşən bir ifadədən istifadə edib: 

“Əgər bu gün “Rustavi-2”-ni söndürsık  görərik ki, ölkədə yalnız dirçəliş və yüksəliş gedir” , – o bəyan edib.

O zaman İvanişvili qeyd edirdi ki, “Rustavi-2” cəmiyyətin bir hissəsini girov saxlayır və aldadır, amma tezliklə buna son qoyulacaq.

“Rustavi-2-nin imkanı olmayacaq, mən bunu sizə vəd edirəm, televiziyaya fərqli düşüncəni buraxmamaq, əhalinin böyük hissəsini qapadıb, girov saxlamaq”, – İvanişvili deyib. O zaman teleşirkət bu sözləri təhdid kimi qəbul etmişdi.

«Biz bu gün plüralist media mühitinin sürətli məhvi prosesini əldə edirik»

Gürcüstanın 15 qeyri-hökumət təşkilatı bildirir ki, Strasburq məhkəməsinin “Rustavi-2” haqda qərarı elan olunandan sonra ölkədə “həssas gürcü demokratiyasını təhdid edən və plüralist media mühiti üçün ciddi təhlükə doğuran” reallıq yaranıb.

Bəyanatda “Rustavi-2”-nin Gürcüstanın media mühitində oynadığı mühüm rol haqda danışılır.

Qeyri-hökumət təşkilatlarının dəyərləndirməsinə görə, bu gün jurnalistlərin redaksiya müstəqilliyini saxlamaq və onların əmək maraqlarını qorumaq vacibdir.

Müraciəti imzalayan təşkilatlar bu prosesdə hakimiyyətin maraqlı olduğunu vurğulayırlar:

“Şübhəsizdir ki, “Rustavi-2” sahibinin dəyişməsi hakimiyyətin maraqlarına uyğun idi, onlar bu haqda dəfələrlə açıq bildiriblər. Vacibdir ki, Gürcüstan media mühitində sahibkarlar/menecment dəyişərkən yaşanan oturuşmuş təcrübə davam etməsin. Məlumdur ki, bu zaman dəyişiklik yayımçının hakimiyyətə qarşı tənqidi redaksiya siyasətində öz əksini tapır”.

Media ekspertləri də qeyd edirlər ki, “Rustavi-2” ətrafında yaranan vəziyyət Grcüstanın media mühitinə və demokratik inkişafa mənfi təsir göstərəcək. 

“Bugün biz plüralist media mühitinin sürətlə dağılması prosesini və ola bilər ki, sürətlənmiş tempdə, çox yaxın zamanda biz ölkədə birtərəfli media mühiti əldə edəcəyik və burada eyni informasiyanı eşidəcək, eyni məzmunlu və kontekstli tok-şoular görəcəyik”, media eksperti Z.Koridze deyib.

O, Strasburq məhkəməsinin qərarına şübhə etmir, amma deyir ki, onun üçün bütün bu hekayənin ən qəzəbləndirici tərəfi qərarın məhz Avropa İnstitutu tərəfindən qəbul edilməsidir.

Koridzenion sözlərinə görə, indiyə qədər qərb və qərb strukturları Gürcüstan cəmiyyətində hakimiyyətin təkbaşına qərarlarına təsir edə bilən müəyyən mənada müdafiə mexanizmi rolunu oynayırdı.

“Artıq bizim bu dayağımız yoxdur. Avropa reallaığında nə isə keyfiyyət baxımından dəyişib. Kontekstdən çıxıb, dar hüquqi məcrada qapanıb və  formal olaraq doğru ola bilən qərara gəlib çatıb. Həmin hakimlər ola bilər ki, qəbul etdikləri bu qərardan narahat deyillər, amma onlar Avropa İttifaqına narahatlıq doğururlar. Beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə göstərməliyik ki, biz, Gürcüstan vətəndaşları müstəqillik istəyirik. Əgər biz müstəqillikdən imtina etsək, onlar bizim əvəzimizə mübrizə aparmayacaqlar”, – o deyib.


More on JAMnews