Hakimiyyət media siyasətini dəyişir. Çoxları dejavü yaşayır" />

Gürcüstanda media kimə məxsusdur?

Hakimiyyət media siyasətini dəyişir. Çoxları dejavü yaşayır

Material ilk dəfə 2017-ci ilin yanvarında dərc edilib. JAMnews Gürcüstanda media mühiti haqda yenilənmiş məlumatları sizə təqdim edir. Materialda “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının 2019-cu ilin aprelin 2-də dərc olunmuş tədqiqat nəticələrindən istifadə edilib.

Gürcüstan parlamentinə ara seçkilər ərəfəsində “Rustavi-2” telekanalı yeni qalmaqalın mərkəzinə gəlib. Teleşirkət hissələrinin doqquz faizinə sahib olan şəxs qalan sahibkarlar və direktorun əməlləri nəticəsində ona dəyən zərərin ödənməsini tələb edir. Teleşirkət rəhbərliyi bunu növbəti siyasi hücum adlandırır.

Son illərdə Gürcüstanda medialandşaft necə dəyişib və Gürcüstan telekanallarına kim nəzarət edir?

8 oktyabr 2016-cı ildə baş tutan parlament seçkilərində cəmi üç partiya 5 faizlik baryeri keçərək, parlamentə daxil ola bilib – hakim “Gürcü arzusu”, “Milli hərəkat” və “Vətənpərvərlər alyansı”. Hər üç partiya bir-birindən fərqlənir, amma onların bir ümumi cəhəti də var –  hər biri telekanal sahibidir, bu da seçkilərə ciddi təsir göstərib, ekspertlər belə düşünür.

Parlamentin bu günkü konfiqurasiyası onu göstərir ki, sosial şəbəkə və internet resurslarının sayının artmasına baxmayaraq, Gürcüstanda məhz televiziya ictimai fikri formalaşdırmaqda davam edir və siyasi qarşıdurmada ən əsas silah olaraq qalır.

2012-ci ildə hakimiyyət dəyişəndən sonra cəmiyyətin əsas və ən mühüm gözləntisi ondan ibarət idi ki, “Gürcü arzusu” medianı dövlət təzyiqindən azad edəcək.

Saakaşvilinin hakimiyyəti illərində üç mərkəzi  telekanal – “İmedi”, “Rustavi-2” və İctimai Televiziya hakimiyyətin sifarişini yerinə yetirir və onun tam nəzarəti altında idi.

“Gürcü arzusu” hakimiyyətə gələndən sonra vəziyyət dərhal yaxşılaşdı. Gürcüstan auditoriyası medianın tamamilə nəzarət altından çıxmasını olmasa da, ən azı fikir və nöqteyi-nəzərlərin müxtəlifliyini müşahidə edə bildi.

Hakimiyyətin müxalif “Rustavi-2” telekanalına ciddi problemlər yaratmasına baxmayaraq, o həmişə öz yayımını davam etdirib. Müxalifətin səsini başqa telekanallarda da eşitmək olurdu. “Gürcü arzusu”nun əsas nailiyyəti kimi medianın plüralizmi göstərilirdi.

Amma göründüyü kimi, bu sevinc özünü doğrultmadı. Hələ 2015-ci ildə başlayan proseslər bu gün artıq öz yekun formasını alır.

Görünən odur ki, hakimiyyət media siyasətini dəyişir və Gürcüstan yeni media reallığına daxil olur. Ötən ilin sonunda məlum oldu ki, üç iri kanal bir qanadın altında birləşəcək, İctimai televiziyanın direktoru vəzifəsinə isə hakimiyyətə loyallığı ilə tanınan menecer təyin olunur. Bu cür tədbirlər hakimiyyətin televiziya məkanında nəzarətini xeyli gücləndirəcək. Dəyişikliklər artıq bu kanalların redaksiya siyasətində özünü göstərir.

Bütün bunlara o da əlavə olunur ki, yaxın gələcəkdə Ali Məhkəmənin hökmünü gözləyən müxalif “Rustavi-2” televiziya kanalının taleyi də naməlum qalır.

Aşağıda Gürcüstanda televiziya məkanının bu gün necə bölünməsi barədə qısa məlumat verilir:

“Teleimedi” Holdinqi

“Teleimedi” Holdinqinə üç teleşirkət daxildir – “İmedi”, “Maestro” və GDS.

2012-ci ildə “Gürcü arzusu” hakimiyyətə gələndən sonra ən vacib dəyişikliklər “İmedi” teleşirkətində baş verib. “Teleimedi” öz yaradıcısı, iş adamı Badri Patarkatsişvilinin ailəsinə qaytarılıb, bir neçə il əvvəl televiziya həmin ailənin əlindən şübhəli və dumanlı proseslər nəticəsində alınmışdı, Mixail Saakaşvili onu hakimiyyətə qarşı loyal insanlara vermişdi.

Yeni şəraitdə “İmedi” teleşirkəti anındaca redaksiya siyasətini dəyişdi. Saakaşvili hakimiyyətini təbliğ edən televiziya son 4 il ərzində ”Gürcü arzusu”nu tamamilə dəstəkləyən televiziyaya çevrildi. 4 il ərzində burada reytinqli siyasi tok-şoular bağlanır, teleşirkətdə gedən proseslərə dövlətin qarışması barədə danışan populyar jurnalistlər işdən çıxarılırdı.

Mediamonitorinq göstərir ki, 2016-cı ildən hakim partiya və hökumətə qarşı pozitiv münasibət daha aşkar xarakter alır. Seçkilər yaxınlaşdıqca “İmedi”nin siyasi tok-şoularında əsas vaxt getdikcə daha çox “Gürcü arzusu”nun üzvlərinə verilirdi.

“İmedi”nin hekayəsi bununla bitmir. 8 oktyabr 2016-cı il tarixində, parlament seçkilərindən  sonra  hakimiyyət media məkanının yeni bölgüsünə başlayır, bu dəfə də birinci olaraq dəyişikliklərə “İmedi” məruz qalır.

Ötən ilin sonunda rəsmi xəbər yayıldı ki, “İmedi”ə Bidzina İvanişvilinin ailəsinə məxsus GDS televiziyası və “Maestro” teleşirkəti ilə birləşir. Bu üç telekanal bir nəfərə məxsus olacaq, onların arasında İvanişviliyə məxsus GDS televiziyasının olması da sahibin kimliyinə açıq-aşkar işarə edir.

Bu gün “İmedi” hakimiyyətin əsas informasiya dayağıdır. Ancaq bu kanal hələ də hakimiyyətin əsas baş ağrısı olaraq qalan müxalif “Rustavi-2” ilə rəqabət apara bilər.

“Maestro” teleşirkəti

Mixail Saakaşvilinin hakimiyyəti illərində “Maestro” hakimiyyətin nəzarəti altında olmayan yeganə nisbətən iri televiziya kanalı idi.

Saakaşvili hakimiyyəti mediaya təzyiqdə ittiham olunduğu zaman onun nümayəndələri Gürcüstanda müxalifət medianın mövcudluğunun nümunəsi kimi “Maestro”nu misal gətirirdilər.

Dramatik dəyişikliklər “Gürcü arzusu”nun hakimiyyətə gəlməsi ilə üst-üstə düşür. Telekanal sahibləri arasında məhkəmə  çəkişmələri ilə yanaşı, onun rəhbərləri dəyişir, verilişlər bağlanır, siyasi təsirdən və redaksiya azadlığına sui-qəsddən danışan aparıcılar, jurnalistlər və prodüserlər kütləvi şəkildə kanalı tərk edirdi. Maaşların verilməsi gecikirdi.

“Maestro” ilə bağlı epopeyanın əsas personajlarından biri Giorgi Ruxadze oldu. Patarkatsişvilinin ailəsinə yaxın olan bu iş adamı publikada az-az görünsə də, hakimiyyətin etimadını qazanmış bir şəxs kimi tanınan bu adamın adı media məkanında baş verən demək olar ki, bütün səs-küylü dəyişikliklərdə hallanır.

“İmedi” kimi “Maestro”nun da redaksiya siyasəti kökündən dəyişdi. Seçkilərə qədər hakim partiya “Maestro”nun efirində ancaq pozitiv kontekstdə göstərilib. Tok-şoularda əsasən “Gürcü arzusu”nun nümayəndələri iştirak edib, aparıcılar da çəkinmədən öz pozitiv qiymətlərini veriblər.

8 oktyabr 2016-cı il seçkilərindən sonra telekanaldakı siyasi şoular bağlandı, informasiya buraxılışlarının sayı azaldı. Dekabrın axırlarında isə məlum oldu ki, telekanalı iqtidar yönlü “İmedi” teleşirkəti alır.

Holdinq daxilində “Maestro” əsasən xəbərlərə köklənib.

GDS teleşirkəti

“Maestro”dan sonra “İmedi” 2017-ci ilin əvvəlində GDS teleşirkətini də aldı. Bu ictimai-siyasi profilli teleşirkət Bidzina İvanişvilinin ailəsinə məxsus idi.

Açıq reyestdə göstərilən sənəddə deyilir ki, payın dəyəri və ödəniş qaydasını tərəflər payın ötürülməsindən sonra yeddi ay müddətində müəyyən edəcəklər, amma “İmedi”nin GDS-i İvanişvili ailəsindən neçəyə aldığı indiyə qədər də məlum deyil. Bu gün teleşirkət əyləncə kanalı kimi fəaliyyət göstərir.

“Rustavi-2” teleşirkəti

“Rustavi-2” Saakaşvili hakimiyyətinin 2012-ci il seçkilərindəki məğlubiyyətindən sonra özündə saxlaya bildiyi yeganə telekanal oldu.

İllər ərzində “Rustavi-2” Gürcüstanın ən populyar və reytinqli kanalı olaraq qalır və “İmedi” kimi ölkənin hər yerində yayımlanır. Buna görə də teleşirkətə sahib olmaq uğrunda mübarizə ölüm-dirim mübarizəsinə çevrilib.

Bu telekanala sahibliyin tarixi uzun və dumanlıdır, çünki bir neçə il ərzində kanal bir neçə dəfə sahibini dəyişib.

2012-ci ildə hakimiyyət dəyişəndən sonra “Rustavi-2”nin sahibləri arasında uzun sürən və sonu bilinməyən məhkəmə çəkişmələri başladı. Bu gün “Rustavi-2”nin uğrunda onun təsisçiləri və ilk sahibləri David Dvali və  Carci Akimidze, həm də telekanalın 2004-2006-cı illərdə sahibi olan Kibar Xalvaşi mübarizə aparır.

2015-ci ildə bu prosesin kəskin mərhələsi başladı. O vaxt məhkəmə “Rusitavi-2”nin əmlakına həbs qoydu. Buna paralel olaraq məhkəmə prosesləri də gedirdi. 2015-ci ilin sonunda şəhər məhkəməsi Kibar Xalvaşinin teleşirkət üzərindəki sahibliyini təsdiqlədi, daha sonra Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı təsdiqlədi.

Hakimiyyət bu prosesi “şəxslər arasında fərdi mübahisə” kimi qələmə verməyə çalışır, halbuki nə yerli, nə də beynəlxalq müşahidəçilər şübhə etmir ki, “şəxslər”in arxasında duran reytinqli müxalif telekanalın mövcudluğundan narahat olan hakimiyyətdir.

Sonda Strasburq İnsan Haqları Məhkəməsi yekun qərar çıxarana qədər Ali Məhkəmənin hökmünün icrasını müvəqqəti olaraq dayandırmaq qərarı verdi.

2019-cu il mayın 6-da “Rustavi-2” telekanalının baş direktoru Nika Qvamariya xüsusi brifinqdə bəyan edib ki, hakimiyyət telekanala yeni hücuma başlayıb.

Onun sözlərinə görə, “Rustavi-2” teleşirkət hissələrinin 9 faizinin sahibi Nino Nicaradzenin digər sahibkarlara – şəxsən Qvamariyaya və teleşirkətin satış evinə qarşı qaldırdığı iddia ilə üz-üzə qalıb. Nino Nicaradze 26 milyon lari (9,5 milyon dollara yaxın) məbləğində pul tələb edir.

Qvamariyanın sözlərinə görə, məqsədin “Rustavi-2” kanalının redaksiya siyasətinin dəyişdirilməsinə nail olmaqdan ibarət olduğu ona aydındır və buna görə də iddia redaksiya siyasətinin qarantı olan şəxslə bağlıdır.

Bu gün telekanalın rəsmi sahibləri Saakaşvilinin yaxın dostları – biznesmen Qiya və Levan Karamanişvililərdir.

Nika Qvamariya açıq şəkildə etiraf edir ki, “Rustavi-2” müxalif kanaldır. Bu gün “Rustavi-2” hakimiyyəti kəskin tənqidi ilə seçilən müxalif Milli Hərəkat Partiyasının əsas informasiya dayağıdır.

Qeyri-hökumət sektoru və Gürcüstanın xarici tərəfdaşları belə fikirdədirlər ki, “Rustavi-2”nin müxalif kanal kimi mövcudluğu ölkənin demokratik inkişafı üçün ən vacib amildir, buna görə də yuxarı beynəlxalq tribunalardan tələsik addımlar atmamağı tövsiyə edirlər.

“Vətənpərvərlər alyansı” ilə bağlı olan kanallar

Anti-qərb ritorikası ilə məşhur olan, parlamentdə 6 deputatdan ibarət fraksiya yaradan “Vətənpərvərlər alyansı” ilə iki kanalı bağlayırlar  – “Obyektiv” və “İberiya”. “Obyektiv”in redaksiya siyasəti partiyanın maraqlarına tam uyğundur – seçki kampaniyası zamanı aparıcılar açıq şəkildə “Vətənpərvərlər alyansı”na səs verməyə çağırırdılar. “Obyektiv”in demək olar ki, bütün verilişlərində bu partiyanın nümayəndələri iştirak edir və aparıcılardan kompliment dinləyirdilər.

“Vətənpərvərlər alyansı”nın liderlərinin tərifi ilə yanaşı bu kanalda Qərbin tənqidi və Rusiyanın narrativi eşidilir.

“Vətənpərvərlər alyansı” ilə “İberiya” teleşirkətini də əlaqələndirirlər.

Teleşirkət sahiblərinin sözlərinə görə, hakimiyyət siyasi motivlərlə süni şəkildə onların başqa biznesinə (həm də teleşirkətin əsas sponsoru olan) problemlər yaradaraq kanalın bağlanmasına səbəb olub. Maddi cəhətdən teleşirkətin sərfəli olmadığı və subsidiyalar hesabına fəaliyyət göstərdiyi faktdır. Yayımı dayandırıldığı üçün bir neçə aydan sonra “İberiya”nın avtorizasiyası da dayandırılıb.

“Vətənpərvərlər alyansı” hakimiyyətə loyallığı ilə seçilən  müxalifətdir. Müvafiq olaraq, partiya ilə bağlı olan telekanallar hakimiyyətə narahatlıq yaratmır.

İctimai kanal

Bu günkü qütbləşmə mühitində uzun illər boyu, hətta hüquqi statusu dəyişəndən sonra da dövlət kanalı kimi qəbul edilən İctimai kanala xüsusi yer verilir.

Saakaşvilinin dövründə, 2012-ci ilə qədər kanal hökumət xəttinin yayıcısı olub, “İmedi” və “Rustavi-2” ilə birlikdə hakimiyyət tərəfindən idarə olunub.

Amma 2012-ci ildən sonra da kanalın vəziyyəti o qədər də yaxşı olmayıb. Direktor Giorgi Barataşvilinin ətrafında dumanlı proseslər gedib. İctimai Kanalın Müşahidəçilər Şurası iki dəfə Giorgri Barataşvilini tutduğu vəzifədən azad edib, o isə iki dəfə məhkəmə yolu ilə öz iş yerinə qayıda bilib. Vəzifədə qalmaq uğrunda bu inadkar mübarizəyə baxmayaraq, 2016-cı il seçkilərindən sonra Barataşvili niyəsə ərizə yazıb, direktor vəzifəsini tərk etmək qərarına gəlir.

Yeni direktoru şura şəffaf olmayan meyarlar əsasında seçdi. Bu, İvanişvilinin “Doqquzuncu kanal” və GDS telekanallarında yüksək vəzifələrdə işləyən menecer Vasil Maqlaperidze oldu. Vətəndaş cəmiyyəti isə Maqlaperidzenin siyasi qərəzsizliyini və İctimai kanalın Müşahidəçilər Şurasının qərarının özünü böyük sual altına qoyur.

Maraqlıdır ki, 2019-cu ilin aprelində Gürcüstanın İctimai Yayımçısının Acar televiziyasının Hamilik Şurası səs çoxluğu ilə televiziya direktorunu vaxtından əvvəl vəzifəsindən azad edib.

Şuranın beş üzvündən dördü Natiya Kapanadzeyə etimadsızlıq elan edərək, onun vaxtından əvvəl vəzifədən azad edilməsinin lehinə səs verib. Media ekspertlərinin fikrincə, bu addım Gürcüstanın İctimai Yayımçısının Acar televiziyasının balanslı və müstəqil redaksiya siyasəti ilə əlaqədardır. Kapanadze bu qərarla bağlı məhkəmədə iddia qaldırıb.

Facebook Comments

More on JAMnews