Jurnalistlər az qala beş saat Nikol Paşinyanı mətbuat konfransından buraxmırdılar – o, bütün suallara cavab verəcəyini vəd etmişdi" />

Ermənistanın baş naziri böyük siyasət, azərbaycanlılarla birbaşa söhbət, iməcilik və öz ailəsi haqqında

Jurnalistlər az qala beş saat Nikol Paşinyanı mətbuat konfransından buraxmırdılar – o, bütün suallara cavab verəcəyini vəd etmişdi

Ermənistan baş nazirinin mətbuat konfransı az qala 5 saat davam edib. Nikol Paşinyan bütün suallara cavab verəcəyinə söz vermişdi, lakin imkan tapmadı – artıq getmək lazım idi.

Mətbuat konfransının lap əvvəlində baş nazir jurnalistlərə sual verməyə çəkinməməyi və birdən onun bu suallara cavab verə bilməyəcəyindən qorxmamağı məsləhət görüb. Nəticədə, o, Qarabağ üzrə danışıqlar prosesi haqqında danışaraq bildirib ki, yalnız Ermənistan əhalisinin deyil, Azərbaycan əhalisinin də sülhə hazırlanmasını istəyərdi.

Paşinyandan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəmə prosesi və ümumilikdə, məhkəmə sisteminin müstəqilliyi haqqında, korrupsiya ilə başladığı mübarizənin nəticələri və İran qazı barəsində soruşublar.

Mətbuat konfransında Paşinyan həmçinin ailəsinin necə yaşamasından danışıb, həyat yoldaşının fəaliyyəti barədə suallara cavab verib. Baş nazir ölkə əhalisini öz şəxsi təşəbbüsü ilə keçiriləcək “inqilabi iməciliyə” qoşulmağa dəvət etməyi də unutmayıb.

Azərbaycanda səs-küylü əfv: məşhur ictimai fəallar və müxalifətçilər azad edildi

 İran qazı

Nikol Paşinyanın mətbuat konfransı İran qazının Ermənistan vasitəsilə, ələlxüsus Gürcüstana tranziti haqqında sualla başladı.

Fevralın sonunda Paşinyan rəsmi səfərlə İranda olub. İran qazının Ermənistan vasitəsilə tranziti məsələsi Tehrandakı danışıqlarda gündəliyin əsas bəndlərindən biri olub.

Mətbuat konfransında Paşinyan deyib ki, hələ İran səfərinə qədər o, bu məsələ ilə bağlı Rusiya rəhbərliyi, həmçinin Gürcüstan hökumətinin başçısı və Türkmənistan prezidenti ilə danışıqlar aparıb.

“Anlamaq istəyirdim ki, Gürcüstan, Türkmənistan və Rusiya bu cür layihələrdə nə qədər maraqlıdırlar. Həmin danışıqların yekunu olaraq nəticəyə gəldim ki, bu məsələ İrandakı danışıqlarda əsas məsələlərdən biri olmalıdır. Danışıqlar davam edir və biz bütün mümkün istiqamətlər üzrə İranla da, Rusiya ilə də, Avropa İttifaqı ilə də, ABŞ ilə də, digər mümkün tərəfdaşlarla əməkdaşlığımızı inkişaf etdirməliyik”.

İran-Ermənistan qaz kəməri gözlənilməz hallar üçün Ermənistanın enerji təhlükəsizliyini təmin edir. Alınan İran qazının müqabilində, barter müqaviləsinə əsasən, erməni tərəfi İrana elektrik enerjisi ötürəcək.

Son on il ərzində Ermənistan-İran qaz kəməri öz imkanlarının təxminən üçdə biri həcmində istifadə olunurdu. Lakin danışıqlardan sonra açıq şəkildə elan edilir ki, qaz kəmərinin modernləşdirilməsindən sonra o, Ermənistana lazım olan bütün həcmi (illik təxminən iki milyard kub metr qaz) ötürə biləcək. Bu, Yerevana imkan yaradacaq ki, özünün energetika sistemini diversifikasiya edə bilsin. Hazırda ölkə, demək olar ki, bütün zəruri qaz həcmini Rusiyadan alır.

Qarabağ tənzimlənməsi üzrə danışıqlar

Jurnalistləri Qarabağ tənzimlənməsi üzrə danışıqların bundan sonra necə davam edəcəyi haqqında məsələ maraqlandırırdı. Nikol Paşinyan hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar masası arxasına qayıtmasının zəruriliyini elan edib və Azərbaycan tərəfi bununla razı deyil. Bundan savayı, vasitəçilər, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda verdikləri bəyanatda birtərəfli qaydada danışıqların formatının dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar.

Jurnalistlər Paşinyanın yeni yanaşmasının dövlət başçıları arasında dialoqu dalana salıb-salmaması barədə sual veriblər. Baş nazir bununla bağlı deyib:

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi çərçivəsində yeni təşəbbüsləri dialoqa çağırışdır, etiraz deyil… Biz faktlar əsasında dostlarımızla müzakirələri davam etdirəcəyik. O yerdə ki, tərəfdaşlarımızın fikrincə, mövqeyimiz həddən artıq sərt hesab oluna bilər, biz mövqeyimizi yumşalda bilərik, lakin tərəfdaşlarımızdan da bunu gözləyirik. Əks halda, bu, artıq danışıqlar olmayacaq”.

Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlərlə nəzərdə tutulub.

 Paşinyan Azərbaycan xalqı ilə danışmağa hazırdır

Ermənistanın baş naziri həmçinin Azərbaycan xalqının sülhə hazırlanmasında iştirak etməyə hazır olduğunu bildirib:

“Düşünmürəm ki, hər bir prezident yalnız öz cəmiyyətini sülhə hazırlamalıdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin sülhə hazırlanmasında iştirak etməliyəm və əksinə. Mənim üçün maraqlıdır, Azərbaycan prezidentinin Ermənistan və Artsax xalqlarına deyəcək sözü varmı? Mənim Azərbaycan xalqına deyəcək sözüm var və mən belə bir imkana şad olardım. Lakin bu yanaşma birtərəfli ola bilməz. Konstruktiv atmosfer zəruridir”.

Paşinyan eyni zamanda sosial şəbəkələrin erməni və azərbaycanlı istifadəçilərini söyüş söyməyi dayandırmağa çağırıb:

“Gəlin, heç olmasa, sosial şəbəkələrdə anlayaq ki, bizim bir-birimizə təhqirlərdən başqa deyəcəyimiz nəsə varmı? İnsanlar söyüşməyərək müzakirə etməyə başlasaydılar, şad olardım. Yaxşı, söyüşdünüz, bəs sonra? Mən demirəm ki, nəvazişli ifadələr işlətsinlər, amma müzakirə üçün mövzular ola bilər axı. Bu, söhbət üçün meydançadır. Əgər biz dövlət başçıları, nazirlər, bəzən jurnalistlər səviyyəsində danışa biliriksə, bunu daha geniş formatda da etmək mümkündür. Mən fikirlərimi səsləndirirəm. Bu, mənim Ermənistan, Artsax və Azərbaycan istifadəçilərinə mesajımdır”.

 Robert Koçaryanın məhkəmə prosesi və “1 mart” işi

Ermənistanın baş naziri həmçinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın 1 mart 2008-ci il hadisələri üzrə işlə bağlı məhkəmə prosesini şərh edib.

Keçmiş prezident özü bildirir ki, bu, Paşinyan tərəfindən syasi qəsddir. Jurnalistlər bu mövzudan yan keçə bilməzdilər.

Məsələnin müqəddiməsi belədir: 2008-ci ilin mart ayının 1-də – Robert Koçaryanın prezidentlik müddətinin son günlərində çoxminlik nümayişin dağıdılması əmr edilib. O vaxt prezident seçkilərinin nəticələrindən narazı qalmış minlərlə insan küçələrə çıxmışdı. Onlar hesab edirdilər ki, seçkilərdə iştirak etmiş Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan qalib gəlib. MSK digər namizədi – Serj Sarkisyanı qalib elan etmişdi. Nümayiş dağıdılarkən döyüş silahı tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu.

O vaxt müxalif siyasətçi Paşinyan prezidentliyə namizəd Ter-Petrosyanın maraqlarını təmsil edirdi. 1 mart hadisələrindən sonra o, kütləvi iğtişaşların təşkilində ittiham olundu və gizli fəaliyyətə keçmək məcburiyyətində qaldı. Sonradan Paşinyan könüllü olaraq prokurorluğa gəldi və həbs edildi, 7 il müdəttinə məhkum edildi. Amnistiya üzrə 1 il 11 aydan sonra azad olundu.

Mətbuat konfransında baş nazir bildirib ki, Koçaryana qarşı məhkəmə işi onun sələfinə qarşı qəsdi deyil:

“Belə bir əhval-ruhiyyə olsaydı, hər şeyi daha tez və konkret həll etmək olardı. Bunun üçün imkan və vaxt var idi. Xahiş edirəm ki, heç kim hər hansı hərəkəti öz təsəvvürləri və hissiyyatı prizmasından nəzərdən keçirməsin. Mən bu işi ətraflı şərh etmək istəmirəm ki, bu, məhkəmə prosesinə təzyiq kimi dəyərləndirilməsin”.

 KİV-ə dəstək fondu

Baş nazir konfransın gedişində bəzi media vasitələrinin onların tutduqları ofislərdən çıxarılması məsələsinə də toxunub. Bir çox media orqanları məqalələr dərc edirdilər ki, bu, Nikol Paşinyanın tənqidə görə qisasıdır.

“Gəlin, ənənəvi məntiq çərçivələrindən azad olaq. Mən heç kimdən qisas almıram və buna hazırlaşmıram. Xüsusilə də, nəzərə alsaq ki, özüm də bir vaxtlar sizdən biri olmuşam”, – baş nazir deyib.

O, keçmiş həmkarlarını əmin edib ki, yeni hakimiyyət qanunun kobud pozulması halları olmazsa, mediaya qarşı addımlar atmayacaq. Dünyada yalançı xəbərlərlə bağlı qlobal problem var. Bu problem, Paşinyanın fikrincə, söz azadlığının demokratiyanın ən ali dəyərlərindən biri elan edildiyi, senzuranın və medianın izlənməsinin olmadığı ölkələr üçün çox aktualdır.

Paşinyan hökumətin mediaya dəstək fondu yaratmaq niyyətinin olması haqqında məlumat verib. Fondun məqsədi söz azadlığının təmin edilməsi, həmçinin medianın maddi müstəqilliyinin qorunması olacaq. Fondun özünün tam müstəqilliyi üçünsə hökumət özəl vəsaitlərin cəlb edilməsini nəzərdə tutur.

“Fond dövlət büdcəsi hesabına fəaliyyət göstərməyəcək ki, dövlət tərəfindən mediaya hər hansı təsir imkanları istisna edilsin”, – Paşinyan bildirib.

Həyat yoldaşı və ailəsi haqqında

Ermənistan baş nazirinin ailəsi yalnız yerli media deyil, sosial şəbəkə istifadəçiləri tərəfindən də diqqətlə izlənilir. Paşinyanın həyat yoldaşı, xeyriyyə fondlarına rəhbərlik edən və bir çox ictimai layihələr gerçəkləşdirən Anna Akopyanın fəallığı müxtəlif şayiələrin yaranmasına səbəb olub. O cümlədən bu barədə ki, xanım Akopyan ölkənin idarə olunmasında iştirak edir. Baş nazir bu söhbətləri gülməli adlandırıb:

“Buna bənzər nəyisə təsəvvür belə etmək mümkün deyil. Ermənistan baş nazirinin həyat yoldaşı Raisa Qorbaçova olmayacaq”.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanda müzakirə olunan mövzulardan biri onu müşayiət edən nəqliyyat və guya ailəsinin yol verdiyi təmtəraq və izafilik olub. O vurğulayıb ki, ailəsi protokolun nəzərdə tutduğu kimi yaşayır – bundan artıq deyil.

“İnqilabi” miqyasda iməcilik

Martın 23-də Ermənistanda “inqilabi” miqyasda iməciliyin təşkil olunacağını Nikol Paşinyan hələ fevralın əvvəllərində bildirmişdi. Mətbuat konfransında baş nazir bunu bir daha xatırladıb:

“Ümid edirəm ki, hamı iməciliyə gələcək. Özüm də şəxsən itirak edəcəyəm. lakin hara gedəcəyimi əvvəlcədən deməyəcəyəm. Vətəndaşların fal iştirakına ümid edirəm”.

Ermənistan baş nazirinin sözlərinə görə, ölkədə inqilabi miqyasda dəyişikliklər yalnız bütün zibillər yığışdırıldıqdan sonra baş verəcək:

“Biz zibildən, tullantılardan, pas atmış köşklərdən, atılmış avtomobillərdən qurtulmayana qədər biz heç olmasa vizual tərəqqiyə nail ola bilməyəcəyik. Şadam ki, bu proses artıq başlayıb”.


More on JAMnews