Yeni Zelandiya mənfi dünya trendindən – mühacirlərə qarşı nifrətdən qaça bilmədi
Nə baş verib?
Yeni Zelandiyanın Kraystçerç (tərcümədə “İsa Məsih kilsəsi” deməkdir) şəhərində iki məscid hücuma məruz qalıb. Nəticədə, 50 nəfər qətlə yetirilib, 50 nəfər yaralanıb.
Hücum iştirakçılarından biri qurbanlarını qətlə yetirərkən özünü videoya çəkib və çəkilişi özünün üç hesabı üzərindən internetdə – “Facebook”da, “Twitter”də və “Instagram”da yayımlayıb. Polis videonun bütün surətlərini məhv etməyə çalışır, hələliksə hamıya müraciət edib ki, bunu paylaşmasınlar və həmin videoya baxmasınlar.
Hücumdan əvvəl həmin ekstremist özünün sosial şəbəkədəki hesabında 87 səhifəlik sənəd dərc edib və bu sənəddə ultrasağçı fikirlər səsləndirilərək, hücumun motivləri izah edilir – mühacirlərə və müsəlmanlara qarşı nifrət.
• Video: Niyə insanlar islam ekstremistinə çevrilir?
• Beslan məktəbində terror aktı nəticəsində həlak olan uşaqların məzarlığı maliyyəsiz qalıb
CNN xəbər verir ki, bu cinayətlərin törədilməsində şübhəli bilinən üç kişi və bir qadın saxlanılıblar.
Həmçinin məscidlərdən birinin yaxınlığında saxlanılmış avtomobildə partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.
Bu, Yeni Zelandiyanın tarixində ən kütləvi qətl hadisəsidir. Bundan əvvəlki 1983-cü ildə baş vermiş, o zaman 13 nəfər öldürülmüşdü.
Hakimiyyətin addımları
Yeni Zelandiya hakimiyyəti operativ olaraq bütün məktəbləri və inzibati binaları bağlayıb. Yeni Zelandiyanın baş naziri Casinda Ardern baş verən hadisəni “bu ölkəni seçmiş və ona həyatlarını həsr etmiş insanlara qarşı terror hücumu” adlandırıb.
Müsəlmanlara qarşı terror: dünya trendi
Dünya üzrə məscidlərə hücumlar faciəvi mütəmadiliklə baş verir.
• Bunlardan ən irisi 2017-ci ildə Misirdə Əl-Ravda məscidinə hücum olub ki, orada partlayış və atışmalar nəticəsində 235 nəfər ölmüşdü. Bu hücumun hazırlanmasında İŞİD təşkilatı şübhəli bilinir ki, bu yolla “İslam Dövləti” onun fanatik ideyalarını rədd edən müsəlmanları qorxudur.
• Namazdan sonra məsciddən evlərinə qayıdan bir qrup müsəlmanın üzərinə 2017-ci ildə Londonda avtomobil sürülmüş, nəticədə, bir nəfər həlak olmuş. Doqquz nəfər yaralanmışdı. Sükan arxasında ağ bənizli kişi əyləşmişdi.
• Kanadanın Kvebek əyalətində psixi pozğunluqdan əziyyət çəkən və ksenofob ideyalara mübtəla olmuş şəxsin məscidə hücumu nəticəsində altı nəfər öldürülmüşdü.