“Mələklər şəhərinin” mühafizi deyir ki, cəmiyyətə bu faciəni faktiki olaraq unutmağı təklif edirlər" />

Beslan məktəbində terror aktı nəticəsində həlak olan uşaqların məzarlığı maliyyəsiz qalıb

“Mələklər şəhərinin” mühafizi deyir ki, cəmiyyətə bu faciəni faktiki olaraq unutmağı təklif edirlər

“Hakimiyyət bizə Beslanı unutdura bilməyəcək”, – bu məzmunda qəzəbli şərhlər Şimali Osetiyada sosial şəbəkələri doldurub. Cənubi Osetiya sakinləri də müzakirələrə fəal şəkildə qatılıb.

Müzakirələri Şimali Osetiyanın Beslan şəhərindəki “Mələklər şəhəri” memorialının mühafizi Kaspolat Ramonov başladıb.

2004-cü ildə Beslanda münaqişəli Qafqazın ən dəhşətli dramlarından biri yaşanıb. Terrorçulardan ibarət qrup sentyabrın 1-də, bayram kimi qeyd olunan dərs ilinin ilk günündə məktəbi ələ keçirib. Həmin vaxt orada bu və ya digər statusta 1128 nəfər olub. Demək olar ki, onların hamısı məktəbdə üç gün ərzində ac və susuz girov saxlanılıb, daha sonra Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları məktəbə hücum ediblər. Nəticədə 334 nəfər, o cümlədən də 186 uşaq həlak olub. 783 nəfər yaralanıb.

Beslanda həyata keçirilən terror aktında Kaspolat Ramonov da qızını itirib, bundan sonra o, terror qurbanlarının dəfn olunduğu “uşaq qəbiristanlığının” mühafizi olub. O, memorialda yaşayır və praktiki olaraq təkbaşına oranın səliqə-səhmanına baxır.

Kaspolat Ramonov Facebook səhifəsində yazıb ki, artıq iki ildir “Mələklər şəhəri” memorialı dövlətdən heç bir maliyyə dəstəyi almır, memorialın hesablarına isə həbs qoyulub.

Bütün problemlər Tamerlan Aquzarov Şimali Osetiyaya yeni rəhbər təyin ediləndən sonra başlayıb, Ramonov yazıb.

“Maliyyə qovğası başladı. Bizi gah rayona vermək istədilər, sonra fikirlərini dəyişdilər, gah pulu vaxtında köçürmədilər… Mən isə iki ildir ki, öz vəsaitim hesabına işçilərə ödəniş edirəm, çiçəklər əkirəm, abidələri bərpa edirəm, təmizləyirəm, yuyuram, otu biçirəm”.

Kaspolat Ramonov yazır ki, amma bu, yeganə və hətta əsas problem deyil.

“Məndə məlumat var ki, hazırkı hakimiyyətimizə yaxın olan insanlar Beslana gəlib, ağsaqqallarla görüşür və onlara Beslan faciəsini unutmağın zamanı olduğunu yeritməyə çalışırlar. Deyirlər ki, sentyabrın 1-3-də matəm tədbirləri keçirdiyimiz bəsdir. Deyirlər ki, on üç il əvvəlki dəhşətli hadisə artıq öz faciəvi statusunu tükədib”.

Özü haqda Ramonov hər şeyi dəqiq bilir.

“Məzarlıqda lazımi səhmanı qorumaq üçün mən demək olar ki, sahib olduğum bütün daşınmaz əmlakımı satmışam. Bacardığım qədər övladlarımın: qızımın, qonşu uşaqlarının “yatdığı” yeri təmiz saxlamağa çalışıram. Hələ ki, ayağım yer tutur, nəfəs alıram, yaşayıram, “Mələklər şəhərinə” xidmət edəcəm”.

O, öz statusunu cəmiyyətə ünvanladığı “bu xatirəyə xəyanət etməyək” çağırışı lə bitirib.

Cəmiyyət onun səsinə fəal əks-səda verib, ən azından sosial şəbəkələrdə. İnsanlar yazırlar ki, heç vaxt heç nəyi unutmayacaqlar. Çoxları məzarlığın saxlanması üçün vəsait köçürməyə hazır olduğunu bildirib.

“Şok, necə yəni bəsdir xatırladıq? Çox şeyə dözmüşük, amma bu artıq elə bir haldır ki, bizim susmağa haqqımız yoxdur! Niyə maliyyəni dayandırıblar? Bu necə ola bilər, niyə bütün maliyyə məsələləri bir adamın çiyninə düşüb?”

“Xalqa qarşı bu hörmətsizlikdən bezdik. Puldan başqa heç bir dəyər qalmayıb. Əgər biz ağlımızı başımıza toplamasaq və öz prioritetlərimizi, dəyərlərimizi bir daha nəzərdən keçirməsək, o zaman biz çox yaxında mövcud olmayacağıq”.

“Məsələ maliyyə probleminin lokal həllində deyil, məsələ “Mələklər şəhəri” obyektinə münasibətdədir. Məsələ sistemlikdə və memorialın statusundadır”.

“Siz hansı konstruktiv danışıqlardan dəm vurursuz? Kiminlə? Siz düşünürsüz ki, hakimiyyət bu haqda bilmir? Elə onlar maliyyəni dayandırıblar da”.

“Kaspolat hər şeyi doğru yazıb, bircə şeydən başqa: “Bilirəm, Putin Beslan faciəsinə necə həssas yanaşır”. Beslan faciəsinə həssas yanaşan insan 13 il ərzində bircə dəfə də məzarlığı ziyarət etməyib”.

“Belə bir milli faciəni necə xatirələrdən silmək mümkündür? Hətta Avropada da qurbanların, bizim uşaqların xatirəsinə abidələr ucaldılıb və insanlar ora çiçək gətirirlər. Burada hökumət evinin qarşısında nümayiş keçirmək lazımdır”.

“Gəlin, hamıya özümüz kömək edək: işsizlərə, müəllimlərə, həkimlərə, xırda sahibkarlara, Beslan qurbanlarına, müalicəyə ehtiyacı olanlara, xəstəxanalara, “Mələklər şəhərinə” və onun mühafizinə. Hətta biz özümüz Osetiya başçısına məxsus binanın inşasını tamamlamağa da yardım edə bilərik. Amma belə bir hakimiyyət bizim nəyimizə gərəkldir?”


More on JAMnews