Dagıstanlı qadınlar indiyə qədər də silahlıların əlində olan nəvələrini qaytarmağa çalışır " />

Nənələr və İŞİD

Dagıstanlı qadınlar indiyə qədər də silahlıların əlində olan nəvələrini qaytarmağa çalışır

REUTERS/Yannis Behrakis 

Suriya və İraqda, terrorçu «İslam dövləti»nin nəzarəti altında olan ərazidə rus uşaqlar qalır, çoxları müharibə zamanı doğulub. Belə uşaqların axtarışında ən effektiv mütəxəssislər nənələridir. Hamısını xilas etməyə Rusiyanın əli çatmır, nənələr isə fəaliyyətlərinə görə cinayət məsuliyyəti ilə üzləşə bilərlər.


 «Novaya qazeta»nın materialı əsasında:  

Raisat Omarova və Zoxra Qaziaxmayeva əvvəllər heç rəfiqə də olmayıblar, sadəcə  eyni şəhərdə yaşayırdılar.

2014-cü ildə Zoxranın həyatında faciə baş verir: oğlu Şamil İŞİD-ə qoşulur. Şamil başqalarından daha dindar deyildi, təhsili varıydı, işləyirdi,  ümumiyyətlə işləri yaxşı gedirdi, amma hardasa bu zəhrimarı tapdı. Həyat yoldaşı Mədinəni və yeni doğulmuş oğlu Məhəmmədi də özüylə apardı.

Bir müddət sonra Şamil həyatını itirir, yoldaşı Mədinə də çox keçmir ki, başqası ilə ailə qurur. Terrorçu dövlətin ərazisində qadınlar tək qala bilməz – kişinin müşayiəti olmadan küçəyə çıxmaq hüququ yoxdur.

Ölən İŞİD-çilərin xanımlarını “dul evləri” adlanan yerlərdə yığırlar, silahlılar da bura özlərinə uyğun qadın bədəni tapmaq üçün gəlirlər. Buradan çıxmaq böyük xoşbəxtlikdir: yeni ərin necə olmasından asılı olmayaraq, “dul evi”ndə olan həyatdan pis olmayacaq.

Mədinə “dul evi”nə getmək istəmədi və öz həmyerlisi Omar Raşida ərə getdi. Ondan ikinci oğlunu doğaraq, Əbdürrəhman adı verdi.

Tezliklə Raşid da dünyasını dəyişir.

Mədinə iki övladı ilə tək qalır, böyüyün o vaxt iki yaşı varıydı, kiçik oğlu cəmi bir aylıq idi.  

 

Uşaqlar – Məhəmməd və Əbdürrəhman. Bütün fotolar Raisat Omarova və Zuxra Qaziaxmayevanın razılığı ilə çəkilir

Döyüşlər gedirdi, İŞİD itki verirdi, Mədinə digər silahlıların arvadları ilə birlikdə döyüşlərdən qaçdı. Yaxın adamlardan ancaq ondan minlərlə kilometr uzaqda, Dağıstanda yaşayan iki yaşlı, dərdli qadın qalırdı. İki ərinin anaları, iki balasının nənələri.

Bu iki doğma nəvəsinin və bir o qədər də onların sərsəm analarının dərdini çəkə-çəkə Zuxra və Raisat doğmalaşdı. Onlar döyüş ərazisinin xəritəsini az qala hərbi ekspertlər kimi əzbərlədilər; onlar bütün hərbi əməliyyatlardan xəbərdar idilər, tanışları və tanışlarının tanışları vasitəsilə Suriyada Mədinənin və nəvələrinin izlərini axtarır, damla-damla onun və nəvələrinin taleyi ilə bağlı məlumatlar toplayırdılar.

Nənələr skype və messenger-dən istifadə etməyi, fotoşəkillərdən geolokasiyanı necə müəyyən etməyi öyrəndilər, çünki bir şeyi anlayırdılar – onlardan başqa oğlanları xilas edən olmayacaq.

Üçüncü dəfə Mədinə ərəbə ərə gedir. Bu ilin yazında Şərqi Qutadan humanitar dəhlizlə çıxmağa cəhd göstərdiyi vaxt həlak olur.

Həmin vaxtdan da Zuxra və Raisat ağlını itirmiş validenlərdən doğulmaqdan başqa heç bir günahı olmayan oğlanları xilas etmək üçün aktiv fəaliyyətə başlayırlar.

Mədinənin axırıncı əri, rus dilində danışan həmin o ərəb uşaqları yanında saxlayır. O, nənələrlə əlaqə saxlayaraq, onların azad edilməsi müqabilində pul tələb edir.

Düşünməyə vaxt yoxdur: oğlanlardan biri bağırsaq infeksiyası alıb. Sözün əsl mənasında ayağındadır.

Fotonu uşaqların nənələri təqdim edib

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün münaqişə zonasından 24 qadın və 74 uşaq çıxarmaq mümkün olub. Qaytarılmağını gözləyən insanların siyahısında cəmi 1521 nəfərin adı var. Birinci rusiyalı uşağı ötən yay qaytarmaq mümkün olub.

Bununla belə, terrorçu dövlətdən qaytarılan qadınlara qarşı adətən “terrorçu” maddələrlə cinayət işləri açılır, hətta hərbi əməliyyatlarda iştirak etmədikləri və könüllü təslim olduqları halda belə.

Hətta Rusiya ərazisində öz yaxınlarını qaytarmaqla məşğul olan qohumların da həbs olunduğu hallar məlumdur.

Zuxra və Raisatın heç bir müttəfiqi yoxdur: Rusiya İŞİD-dən azad olunmuş ərazilərdən qadınları və uşaqları rəsmi şəkildə qaytarır, amma bu proses də uzun çəkir. Hələ də silahlıların əlində olan iki körpə oğlandan nə deyəsən? Onlara hələ ki, heç kimin əli çatmır.


More on JAMnews