Putin KTMT hərbi blokuna daxil olan ölkələri Ermənistanın baş nazirini dəstəkləməyə çağırıb
İndi Qarabağda atəşin dayandırılması qərarının yerinə yetirilməsində Ermənistanın baş nazirini və onun komandasını dəstəkləmək lazımdır – Rusiya prezidenti Vladimir Putin KTMT hərbi blokunun Kollektiv Təhlükəsizlik Şurasının onlayn-iclasında bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın liderliyi altında fəaliyyət göstərir. Bu regional beynəlxalq struktur 1992-ci ildə, SSRİ dağılandan dərhal sonra yaradılıb. Gürcüstan, Azərbaycan və Özbəkistan tezliklə KTMT-nı tərk edib. İndi qurumun altı üzvü var – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan.
Putin Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli razılaşmadan bəhs edir. Bu sənədə əsasən, Dağlıq Qarabağ ətrafındakı üç rayon artıq Azərbaycana qaytarılıb. Ermənistan SQ bölmələri bu əraziləri tərk edib.
Ermənistanda minlərlə insan və müxalifət hesab edir ki, Ermənistanın baş naziri torpaqların könüllü şəkildə Azərbaycana təhvil verilməsi haqda razılaşma imzalayıb və onun istefasını tələb edir.
“Ermənistan rəhbərliyi, hökumət sədri Ermənistan xalqı üçün çox mühüm, amma zəruri qərarlar qəbul etməyə məcbur idi. Deməliyəm ki, bu qərarlar, əlbəttə, ağrılıdır, amma bir daha vurğulayıram ki, zəruri idi və baş nazirdən böyük şəxsi cəsarət tələb edirdi.
O, bu məsuliyyəti öz üzərinə götürdü. Və bizim vəzifəmiz ondan ibarətdir ki, indi həm baş nazirin özünü, həm də onun komandasını dəstəkləyək ki, dinc həyatı yoluna qoyaq, bütün qəbul edilmiş qərarların yerinə yetirilməsinə nail olaq və çətin yaşam vəziyyətində qalan insanlara kömək edə bilək”.
- Bitməyən Qarabağ müharibəsi: psixoloji problemlər mərhələsi
- Qarabağ zonasında Laçın Azərbaycanın nəzarəti altına keçib – 28 ildən sonra
Nikol Paşinyan Qarabağda axan qanın dayandırılmasında Rusiya prezidentinin müstəsna rolunu qeyd edib və Rusiya sülhməramlılarını Dağlıq Qarabağda sülhün qorunmasının və təhlükəsizliyin qarantı adlandırıb:
“Hərbi əməliyyatların getdiyi 44 gün müddətində biz mütəmadi əlaqədə idik və qanı dayandırmaq, insanları müdafiə etmək üçün zəruri tədbirləri müzakirə edirdik”.
Ermənistanın baş naziri vurğulayıb ki, artıq üç həftədən çoxdur, Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılıb, amma hələ də itkin düşənlərin axtarışı, hərbi əsirlərin və digər saxlanılan şəxslərin, həlak olanların cəsədlərinin dəyişdirilməsi kimi təxirəsalınmaz məsələlər həllini tapmayıb.