Sovet İttifaqı dövründə Cənubi Osetiya Gürcüstanın tərkibində muxtar vilayət olub.
Gürcüstan-Cənubi Osetiya münaqişəsinin müasir tarixi 1980-ci illərin sonlarını, Sovet İttifaqının dağılma dövrünü əhatə edir. Cənubi Osetiya müstəqillik istəyirdi, Gürcüstan isə cavabında muxtar vilayət statusunu da ləğv etmişdi və ərazini Şida Kartli regionunun tərkibinə qatmışdı.
İlk silahlı qarşıdurma və ilk qurbanlar 1989-cu ilin noyabr-dekabr aylarında qeydə alınıb. Fəal hərbi əməliyyatlar 1991-1992-ci illərdə baş verib, 1992-ci ildə Daqomıs razılaşmasının imzalanması ilə sona çatıb. Bu razılaşma tərəflər üzərinə atəşi dayandırmaq və silahlı qüvvələri təmas xəttindən çıxmaq öhdəliyi qoyub. Rusiya Federasiyası da o zaman öz hərbi hissələrini Cənubi Qafqaz ərazisindən çıxarmaq öhdəliyi götürüb.
Münaqişənin hərbi fazası zamanı müxtəlif göstəricilərə görə 10 min insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Atəşkəs razılaşmasına əməl olunmasına nəzarət “Qarışıq Nəzarət Komissiyasına” və üçtərəfli “Sülhün Dəstəklənməsi üzrə Qarışıq Qüvvələrə” (Gürcüstan, Cənubi Osetiya və Rusiya hərbçisinin komandanlığı altında Rusiya batalyonlarından ibarət) tapşırılıb.
2008-ci ilin avqustuna qədər münaqişə “dondurulmuş” hesab edilirdi.
2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafında baş verən 5 günlük müharibədən sonra Rusiya Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıyıb. Moskva və Tbilisi arasında diplomatik münasibətlər kəsilib.
Cənubi Osetiya öz həyatını müstəqil respublika kimi qurur, amma onun müstəqilliyi yalnız Rusiya və bir neçə “üçüncü dünya” ölkəsi tərəfindən tanınıb. Beynəlxalq aləmdə əksəriyyət Cənubi Osetiyanı Gürcüstanın separatçı regionu hesab edir.
Daqomıs razılaşması 2008-ci il avqust müharibəsindən və Rusiyanın Cənubi Osetiyanın müstəqillyini tanımasından sonra faktiki olaraq öz qüvvəsini itirib.