Tbilisi Aeroportunda sərnişinlərdən tutulan rüsum artırılır
Martın 1-dən Tbilisi Beynəlxalq Aeroportunda sərnişinlərdən tutulan rüsum 2 dollar artırılaraq 24 dollara çatdırılacaq.
Bu haqda “Gürcüstan Aeroportlar Birliyi”nin rəhbəri Ketevan Aleksidze “Bizneskontrakt” proqramının efirində bildirib.
Sərnişinlərdən tutulan komissiya rüsumu Tbilisi Beynəlxalq Aeroportundan həyata keçirilən bütün reyslərə aid biletlərin qiymətinə daxildir. Buna uyğun olaraq rüsumun artması biletlərin bahalaşmasına gətirib çıxara bilər.
Georgian Airways aviaşirkətinin rəhbəri Qivi Davitaşvilinin öz növbəsində bildirdiyi kimi, biletlərin qiyməti yanacağın bahalaşması (yanvarın 1-də Gürcüstanda yanacaq aksizi yüksəlib) nəticəsində də qalxa bilər.
2016-cı ildə Tbilisi Beynəlxalq Aeroportu 2 milyon sərnişinə xidmət göstərib, 44 milyon dollar gəlir əldə edib. Tbilisi Beynəlxalq Aeroportunun operatoru Türkiyənin TAV Airports şirkətidir.