Şuşaya atılan “İsgəndər”in qalıqları Bakıda nümayiş olunub - FOTO
İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinə atılan “İsgəndər” raketlərinin qalıqları Bakıda nümayiş olunub. Raket tam partlayıb, amma hələlik məlum deyil ki, Ermənistanın hansı hissəsindən atılıb. Azərbaycan cəmiyyətində raket haqdainformasiyanın məqsədəuyğun olması haqda rəylər ziddiyyətlidir.
- “Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb” – İlham Əliyev
- İkinci Qarabağ müharibəsi “razılaşdırılmışdı”? – Bakıdan şərh
İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinə atılan “İsgəndər” raketinin qalıqları Bakı müəssisələrinin birinin ərazisində nümayiş olunub.
Nə baş verib?
2021-ci il martın 31-də Azərbaycan Ərazisinin Minalardan Təmizənməsi Agentliyindən (ANAMA) anonim mənbə bildirib ki, Şuşada “İsgəndər” raketinin qalıqları aşkarlanıb. Qalıqlar üzərindəki seriya nömrəsi Rusiyada istehsal olunan bu kateqoriyaya aid raketlərin məlumatlarına uyğun gəlib.
Həmçinin aşkarlanan qalıqların koordinatları da qeyd olunub: 39°45’38.10«N 46°44’33.90»E və 39°45’27.80«N 46°45’25.80»E.
Paşinyanın bəyanatı və Moskvanın qəzəbli reaksiyası
Ermənistanın eks-prezidenti Serj Sarqsyan müsahibələrinin birində sensasiyalı bəyanat səsləndirib və deyib ki, ikinci Qarabağ müharibəsinin son günlərində Ermənistan “İsgəndər” raketindən istifadə edib.
Buna cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönlü yerli xəbər saytlarından birinin efirində Rusiyanın “İsgəndər” raket komplekslərinin effüktivliyi ilə bağlı şübhələrini səsləndirib. O, bildirib ki, raketlər “ya partlamayıb, ya da ancaq on faiz partlayıb”.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarin onun bu sözlərinə reaksiya verib və Ermənistanın baş nazirini yalançılıqda günahlandırıb.
İlham Əliyev “İsgəndər” atılması haqda məlumatı təkzib edib
2021-ci il fevralın 26-da keçirdiyi böyük mətbuat konfrasında Azərbaycan prezidenti İlham Əliyev də Ermənistan tərəfinin “İsgəndər” raketi buraxması haqda məlumatı şərh edib.
“Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu. Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır.
Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik”, – o qeyd edib.
Bakıda ANAMA-nın bəyanatı əvvəlcə anlaşılmayıb
ANAMA-dakı mənbənin Şuşada “İsgəndər” raketinin qalıqlarının aşkarlanması haqda bəyanatından sonra Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu bəyanı şərh edib.
“Erməni “İsgəndərləri” ilə bağlı boğaza yığıldığımız mövzu davam edir… Hələ üç il əvvəl yazırdım ki, Ermənistana bu raketlər ötürülməyib. Sonra bu mövzunun davamı olaraq bildirilirdi ki, “İsgəndər” raketləri guya ya partlamayıb, ya da, ümumiyyətlə, istifadə olunmayıb… İndi isə bu məsələyə ANAMA-dan bir “anonim” qoşularaq, bu raketin düşdüyü və hərbi əməliyyatlar dövründə ordumuzun nəzarətində olmayan yerin koordinatlarını açıqlayıb.
İndi Rusiya tərəfinin qarşısında həllolunmaz problem dayanır – onlar ya etiraf etməlidir ki, “İsgəndərlərin” və “SU-30”-ların ixrac edilməsi məsələsi sadəcə bizi qorxutmaq məqsədi ilə ortaya atılmış təbliğat xarakterli uydurma idi, ya da onlar Paşinyanın “keyfiyyətsiz” “İsgəndərlər”və raketsiz SU qırıcıları haqqında versiyasını təsdiqləməlidirlər. Maraqlıdır, nəyə görə bizim ANAMA maraqlarımıza heç bir aidiyyatı olmayan mövzuların təbliğatına qoşulub?
P.S. məlumunuz olsun ki, əgər vacib şərhi adının çəkilməsini istəməyən “anonim” verirsə, dəqiq deyirəm ki, bu, həqiqətə uyğun olmayan məlumatdır…”, – Zülfüqarov Facebook səhifəsində yazıb.
Qeyri-ixrac modeli?
Bakıdan verilən ekspert rəyinə görə, aşkarlanan qalıqlar “İsgəndər E” ixrac modelinə aid deyil. Başqa sözlə, Şuşaya yalnız Rusiya ordusunun sərəncamında olan “İsgəndər M” raketi buraxılıb.
Azərbaycan ordusunun istefada olan mayoru Ədalət Verdiyevin sözlərinə görə, burada iki variant ola bilər: ya Rusiya Ermənistana raketin qeyri-ixrac modelini verib [ixrac modelindən qət etdiyi məsafə ilə fərqlənir— JAMnews], ya da raket Ermənistanın Gümri əyalətindəki Rusiya hərbi bazasından buraxılıb.
Raket haradan buraxılıb?
“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil.
ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb”, – ANAMA Operativ Qərargah rəisi İdris İsmayılov yerli KİV-ə müsahibəsində bildirib.
“İsgəndər” tam partlayıb
“Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketi aid olunduğu müəyyən olunub, hansı ki, bu kod “İskəndər”ə məxsusdur. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir”.
Onun sözlərinə görə, raketin düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır.
“Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur”, – o qeyd edib.