“Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb” – İlham Əliyev
“Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur”, – Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının qeyri-formal sammitində çıxış edərkən bildirib.
O həmçinin regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması üzrə işlərin başladığını da xüsusi qeyd edib.
- “Müharibənin nəticələri dəyişməz qalacaq” – İlham Əliyev jurnalistlərin suallarına cavab verib
- “İsgəndər” olubmu? – Bakıdan şərh
- İkinci Qarabağ müharibəsi “razılaşdırılmışdı”? – Bakıdan şərh

Əliyev bildirib ki, Azərbaycan “öz ərazi bütövlüyünü bərpa edib, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edilib. Bizim tarixi şəhərimiz Şuşa […] azad edilib və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb”.
Azərbaycan prezidenti xatırladıb ki, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. “Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu”, – o deyib.
“Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi.
Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.
Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur.
Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”, – Əliyev deyib.