Siyasi məhbuslar üzrə məruzəçini Bakıda qəbul etməkdən imtina etdilər
Paylaşmaq
Paylaşmaq
Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Bakıya səfərini təxirə salmalı olub. Ölkə hakimiyyəti iyunun 5-6-da Azərbaycanda dövlət səviyyəsində bayramın qeyd olunduğunu nəzərə alaraq, onun səfərinin tarixini “əlverişsiz” sayıb.
«Azərbaycana səfərimin yenidən təxirə düşməsinə görə məyusam», – Torhildur Sunna özünün Twitter hesabında yazıb.
Söhbət müsəlmanların müqəddəs ayı sayılan Ramazan ayının başa çatması ilə əlaqədar islam bayramından gedir. Azərbaycanda bu, rəsmi səviyyədə qeyd olunur. Doğrudur, bayram tarixləri barədə çoxdan məlumat var idi, Sunnaya isə səfər etməkdə son anda imtina edilib.
Sunna rəsmi şəxslərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə siyasi məhbuslar problemini müzakirə etməyə hazırlaşırdı.
Elə həmin “Twitter” qeydinə əsaslansaq, o, Azərbaycana artıq sentyabrda gəlmək niyyətindədir.
Torhildur Sunna və Azərbaycanın siyasi məhbusları
Torhildur Sunna – islandiyalı hüquqşünas, hüquq müdafiəçisi və jurnalistdir. İslandiyanın Pirat Partiyasını təmsil edir ki, həmin partiya intellektual mülkiyyət və müəllif hüquqları sahəsində qanunvericilik islahatları uğrunda mübarizə aparır.
2018-ci ilin iyun ayında Torhildur Sunna AŞPA-nın hüquqi məsələlər və insan haqları komitəsinə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatın hazıranması üçün məruzəçi təyin edilib.
2019-cu ilin martında böyük əfv fərmanı çərçivəsində təxminən 50 nəfər azərbaycanlı siyasi məhbus azadlığa çıxdı. Lakin aprel ayında Strasburqda dinləmələrin gedişində Torhildur Sunna bildirdi ki, bu, problemi həll etməyib və həbsxanalarda siyasi motivlər üzrə ittiham olunmuş hələ təxminən 70 insan qalmaqdadır.
Əfvdən sonra keçmiş iki ay yarım ərzində daha bir neçə müxalifətçi və fəal həbs olunub, siyasi məhbuslardan bəziləri isə işgəncələrə məruz qaldıqlarından şikayət ediblər.