Siyasi məhbuslar həbsxana həyatından danışır" />

Azərbaycanda “yeddi ilə məhkum olunub” nə deməkdir?

Siyasi məhbuslar həbsxana həyatından danışır

Bakı, 6 saylı koloniya, Foto JAMnews

Azərbaycanlı siyasi məhbuslardan danışanda onların həbsə qədər nəylə məşğul olduğu, hansı maddələrlə ittiham olunub və hansı müddətə azadlıqdan məhrum edildiyindən danışırıq. Sıravi vətəndaş üçün həbsxana mücərrəd yerdir, orada yaxşı heç nə yoxdur və ən yaxşısı ora düşməyəsiz.

Bəs bizim yerli həbsxanalar barədə nə bilirik?

JAMnews Azərbaycanda siyasi və adi məhbusların həyatının necə keçdiyini və “yeddi il müddətinə həbs olunub” sözlərinin arxasında nələrin durduğunu danışacaq.

Azərbaycanın ən məşhur siyasi məhbusları haqqında qısaca:

Son məlumatlara görə, Azərbaycanda cəmi 162 siyasi məhbus var. Yerli hüquq müdafiəçiləri tərəfindən son siyahı hazırlanarkən, Avropa Şurasının meyarlarından istifadə olunub.

  • Əgər, həbs insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasına, onun protokollarında təsbit olunmuş fundamental təminatlardan hər hansı biri pozulmaqla həyata keçirilibsə;
  • həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;
  • siyasi motivlə saxlanmanın müddəti, onun şərtləri cinayətə açıq-aşkar proporsional deyilsə;
  • siyasi motivlə şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində saxlanılıbsa;
  • həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu da hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa,

şəxs siyasi məhbus hesab edilir.

Beləliklə bugünkü qonaqlarımız:

Elçin Sadıqov, vəkil, bir çox siyasi məhbusun maraqlarını müdafiə edir. 

Natiq Cəfərli
Tanınmış iqtisadçı, publisist və bloger, “Respublika Alternativi” ictimai hərəkatın idarə heyətinin üzvü. 2016-cı ilin avqust ayında qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamı ilə 2016-cı ilin avqust ayında həbs edilib, bir ay həbsdə qalıb.

Tofiq Yaqublu
Müxalif Müsavat Partiyasının başqan müavini. 2013-cü ilin fevral ayında həbs olunub, 2014-cü ilin mart ayında kütləvi iğtişaşların təşkili və polis işçilərinə qarşı zor tətbiq etmə ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Onu İlqar Məmmədovla birlikdə 2013-cü ilin yanvar ayında İsmayıllı rayonunda kütləvi iğtişaşların təşkilində ittiham ediblər. 2016-cı ilin mart ayında 15 digər siyasi məhbusla birlikdə əfvlə azadlığa çıxıb. 

 

Yadigar Sadıqov
Müsavat partiyası başqanının müşaviri, eyni zamanda Lənkəran şəhərindən olan məşhur jurnalist və bloger. 2014-cü ildə xuliqnalıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cazəsına məhkum edilib. 2016-cı ilin yazında əfvlə azadlığa buraxılıb.     

«Zona!»

Yadigar Sadıqov: “Bu, mən 14-cü koloniyaya gələndə oldu. Növbətçi mənim məlumatlarımı kitabçaya qeyd edirdi. Mənə baxdı və görünür, ali təhsilli olduğumu anladı, xəbər aldı: “178-ci maddəni (dələduzluq) bilirsən?” Cavab verdim: “Dələduza oxşayıram? 221 (xuliqanlıq)!”. Sonra da düşündüm ki, xuliqana da oxşamıram, əlavə etdim “siyasiyəm”.

Həbsin birinci mərhələsi istintaq təcridxanasıdır. Burada məhbus məhkəmə qərarını gözləyir – bəzən bir neçə gün, bəzən bir neçə ay. İttiham hökmü oxunarsa, ümumi və ya ciddi rejimli cəza müəssisəsinə, ya da həbsxanaya aparılır.

Tofiq Yaqublu: “Məni gecə gətirdilər. Əslində həbs olunacağıma hazırıydım. Amma belə alındı ki, o vaxtlar qızım Nigar da Kürdəxanıdaydı. Qadın təcridxanası da elə orada, amma başqa korpusda yerləşir. Divara söykənib düşündüm: “Bəlkə indi divarın o tayındakı odur”. Ümumiyyətlə həbsdə olarkən, övladlarını görmək çətindir, amma onlar səninlə qəfəsin eyni tərəfindədirsə, daha ağır olur”.

 

Müsavat Partiyasının gənclər təşkilatının üzvüi Nigar Yaqublu 2012-ci ildə həbs olunub və həmin partiyanın başqa bir üzvü Aydın Acalovun həlak olduğu yol-nəqliyyat hadisəsinin günahkarı kimi 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. İndi o, azadlıqdadır. Tofiq Yaqublunun ikinci qızı Nərgiz atası həbsdə olanda xəstəlikdən dünyasını dəyişib.

Azərbaycanda cəmi 21 minə yaxın məhbus var (Qırmızı Xaç Cəmiyyətinin 2016-ci ilə olan məlumatına əsasən). Müxtəlif rejimli 20 cəza müəssisəsi, bir həbsxana, beş istintaq təcridxanası və uşaqlar üçün bir cəza müəssisəsi var.

Cəza müəssisələrində gündüzlər ərazidə gəzmək olar, məhbuslar 20 nəfərdən 100 nəfərə qədər nəzərdə tutulan baraklarda yaşayırlar. Həbsxana isə (məşhur Qobustan həbsxanası) gəzinti haqqı verilməyən dar kameralardan ibarətdir.

Bakıdan olan məhbuslar bir qayda olaraq, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı İstintaq Təcridxanasına düşürlər. Texniki olaraq, bura həbsxanadır – müxtəlif sayda insanlar üçün nəzərdə tutulmuş kameralar, gəzinti üçün yer ayrılmayıb, “kamera rejimi” var. Məhbuslar adətən buranı elə həbsxana adlandırırlar.

Natiq Cəfəri: “Kürdəxanıda düz kameranın içində üstü tavan əvəzinə barmaqlıqlarla örtülü səkkiz kvadrat metrlik kiçik gəzinti ərazisi var. Bu yer səhər saat doqquzdan axşam saat beşə qədər açıq olur. “Günəş orada ancaq bir saat, zenitdə olanda görünürdü. Biz də qış yorğanlarımızı çıxarıb, altımıza sərib, uzanırdıq, gün alırdıq, mən kitab oxuyurdum”.  

Elçin Sadıqov: “Azərbaycanda əksər saxlanma yerləri Azərbaycan AŞ-na üzv olana qədər tikilib. Yəni köhnə sovet standartlarıyla. Səkkiz, on iki, on üç və on dörd saylı koloniyalarda  şərait ümumiyyətlə dəhşətlidir. Onların hamısı daş karxanalarının yerləşdiyi Qaradağ rayonunda yerləşir. Bu yerlərdə heç yaşayış evləri də yoxdur – ətraf ağ ciyər üçün çox ziyanlı olan daş tozuna bürünüb”.

Bir çox kommunikasiya sistemləri artıq öz dövrünü bitirib, su verilişində fasilələr olur, kanalizasiya da sıradan çıxıb. Ərazini üfunət bürüyüb, yayda çoxlu həşəratlar olur.

Yer məsələsinə gəlincə, Avropa standartlarına görə, bir məhbusa 7 kvadratmetr düşür. Bizdə isə indiyə qədər köhnə sovet standartları qüvvədədir – dörd, bəzən də daha az kvadratmetr. Qəbiristanlıqda belə bir ölüyə beş kvadratmetr yer düşür. Yer çatmadığına görə məhbuslar növbə ilə yatmalı olurlar.

İstintaq təcridxanasının kameralarında ventilyasiya üçün pəncərə var, bütün rahatlıq bundan ibarətdir. Noyabrın 15-də isitmə sistemini işə salırlar.

Kameralarda plitələr və soyuducular varsa, bunu məhbusların qohumları gətirib, amma hamıya deyil, ancaq imtiyazlı şəxslərə bunlardan istifadəyə icazə verilir, onlar isə bu avadanlıqlardan öz kamera yoldaşları ilə müştərək yararlana bilərlər. Demək lazımdır ki, siyasi məhbuslar imtiyazlı şəxslər siyahısına daxil deyillər. Onlara radioqəbuledicidən belə istifadəyə icazə verilmir”.

Tofiq Yaqublu: “Kürdəxanıda bəxtim gətirdi, kamerada təkiydim. Düzdür, məni heç kim qarşılamadı, çay süzmədi. Amma məni bu, qane edirdi. Doqquz ay tək qaldım. Amma darıxmırdım. Kitab oxuyurdum, formamı itirməmək üçün idman edirdim. Mən ümumiyyətlə çox təmizkaram, hər gün kameramı təmizləyirdim, çarpayının altında döşəməni silirdim, tualeti hər gün təmizləyici vasitə ilə yuyurdum”.

 

Natiq Cəfəri: “Yuyunma saatladır. Hər adama bir plastmas vedrə verirlər – nə qədər su yığmağa çatdırdın, çatdırdın, bu suyla da yuyunurduq. Axşam saat yeddidə bir saatlıq su verirlər. Deyirdilər ki, qışda vəziyyət daha yaxşıdır, amma bunu görmədim. Həbsxanaya avqustda düşdüm, bu pis dövrüydü. Səkkiz nəfərin olduğu kameralar varıydı, onlar su çatışmazlığından çox əziyyət çəkirdilər.

Kürdəxanıda da, cəza müəssisələrində də xüsusi VİP kameralar – kotteclər var: onların barmaqlıqları yoxdur, içərisi “yevroremont” olunub. Onların “icarəsi” ayda 500 manata başa gəlir.

Tofiq Yaqublu: “Mən pis şəraiti ilə məşhur olan 13-cü koloniyaya düşdüm. Amma demək olar ki, özüm oranı seçdim. Adətən istintaq təcridxanasından köçürəndə, kimin hara yerləşdiriləcəyini təxmini deyirlər. Bəzən koloniyalar arasında seçim etmək olur. Məni Şüvəlandan (Şüvəlan istintaq təcridxanasından) köçürəndə kabinetə salıb, “voronok” çağırdılar və dedilər: “Seçimin var: “voronok”a  oturub, gedib evində çay içmək, ya da on üçüncü koloniyaya getmək”. Başa düşürdüm ki, evə getmək üçün məndən nəsə tələb edəcəklər, buna görə də dedim: “Zona”!”.  

 

Qaradağ rayonu

Uyğunlaşma

Əksər siyasi məhbuslar deyir ki, həbs olunacaqlarını gözləyirdilər, buna görə də həbsxanaya düşmək fikri onları qorxutmayıb.

Yadigar Sadıqov: “Adaptasiya hərədə bir cür keçir. Mənim hətta xəstələnəndə də evdə uzanmağa hövsələm çatmırdı, həbsxanada isə adaptasiyam çox asan keçdi. Məncə, burada insanın özünü necə kökləməsindən çox şey asılıdır. Səni barmaqlıqlar arxasında illərin gözləyə biləcəyini qəbul etmək lazımdır. Onda daha asan olur. “Mən nə vaxt çıxacam” fikri həbsxana həyatını dözülməz edir.  

 

Həbsxana qaydalarına görə, kamera yoldaşlarına təzə adamın gələcəyini əvvəlcədən xəbər verirlər. Əvvəlcə ondan hansı maddə ilə mühakimə olunduğunu xəbər alırlar. Əgər bu, zorlama və başqa “pis” maddələr deyilsə, sənə çay qoyurlar, imkan varsa, yuyunmaq üçün su hazırlayırlar, sonra yemək. Şəxsi gigiyena vasitələrindən nəyə ehtiyacın olduğunu xəbər alırlar, lazımdırsa, sabun, diş pastası, fırçası, dəsmal verirlər, yazılmış və yazılmamış qanunlarla tanış edirlər”.

Natiq Cəfərli: “İlk günlər karantində idim, karser də həmin korpusda yerləşir. Bəzən kiminsə döyüldüyünü, onun qışqırıqlarını eşidirsən – bu, psixoloji cəhətdən çox ağırdır”.

 

Yemək

Arpa yarması Azərbaycan məhbəslərində əsas yeməkdir

Tofiq Yaqublu: “Mən həbsxanada olanda Şəki İstintaq Təcridxanasını açdılar (2013-cü il). Orada həqiqətən də hər şey nümunəvi – təmiz, səliqəli idi. Açılışdan sonra bizi yeməkxanaya apardılar. Düşündüm ki, bəlkə belə həbsxanada yemək də yaxşı olar. Amma burada da yeməklər heç yeməli deyildi. Hər yerdə olduğu kimi”.

 

Yadigar Sadıqov: “İstintaq Təcridxanasında səhər yeməyi üçün ərzaqları 10 gündən bir verirlər: şəkər tozu, yağ, çay.  Amma keyfiyyəti çox pisdir və elə azdır ki, 2-3 günə güclə çatır. Nahar yeməyini birtəhər yemək olur, axşam yeməyindən isə demək olar ki, həmişə imtina etmişik. Gün ərzində bir məhbusa 1 dənə çovdar çörəyi verilir. Koloniyada isə yemək o qədər pisiydi ki, onu ümumiyyətlə yemirdim, bir təhər özümüz keçinirdik, alırdıq.

Əslində qanunla məhbusun pulu olmamalıdır. Məhbusun koloniyada qazandığı və ya qohumlarının göndərdiyi pullar onun hesabında yığılmalıdır. Hesabdakı bu pulla da koloniyanın həyətindəki mağazadan alış-veriş etmək olar. Rejimdən (ümumi, ciddi) asılı olaraq, ancaq müəyyən məbləğə ərzaq almaq olar. Həbsxanada məhbusların pulunun olmasına göz bağlayırlar, mağazalarda da heç bir məhdudiyyət olmur.

Əsasən ağ çörək, siqaret, qənd, şəkər tozu, çay, yumurta alırlar. Əslində isə xiyar-pomidordan tutmuş dondurmaya qədər hər şey almaq mümkündür. Aydındır ki, monopoliyaya görə qiymətlər də başqa yerlərdən bahadır”.

Hər bir məhbusun saxlanmasına ayda 277 manat vəsait ayrılır. Bu məbləğin böyük hissəsi yeməyə xərclənməlidir. Bu zaman məhbusların 80 faizinin yeməyi ya evdən gəlir, ya da pulla alırlar – həbsxana yeməyi ilə ancaq yaxınları olmayan və heç kimin yemək gətirmədiyi məhbuslar qidalanmalı olurlar.

Tofiq Yaqublu: “Aztəminatlılara xüsusilə çətin olur. Yeməyi həftədə bir dəfə gətirirlər, soyuducu da hamıya çatmır. Yeməyin də hamısını bir dəfəyə yeyə bilmirlər, xarab olur, ərzaqlar çürüyür, bütün bunlar atılır, dəhşətli natəmizlik, antisanitariya yaranır”.

Həbsxanadakı münasibətlər

Siyasi məhbuslar deyir ki, həm kamera yoldaşları, həm də həbsxananın işçi heyəti onlara hörmətlə yanaşırmış.

Natiq Cəfərli: “Mənə “siz” deyə müraciət edirdilər, “Sizi internetdə oxuyuruq” – deyirdilər”.  Olurdu ki, gecə növbəsində olan keşikçilər “kormuşkanı” açıb, manat, neft, Azərbaycanın gələcəyi barədə danışmağı xahiş edirdilər. Üç işçidən biri tanıyırdı – kimsə televizordan görmüşdü. Keşikçilər tez-tez təəccüb edirdilər: “Müəllim, sizi niyə həbs ediblər ki?”.

Ən çox qıcıqlandıran da zabitlərdən hər hansı birinin “Nəyinə lazımıydı bütün bunlar, evində rahat oturmuşdun da!”, – deməyi olurdu.

Həbsxanada olanda Türkiyədə Rövşən Lənkəranskinin öldürüldüyünü eşitdim. Deyirdilər ki, həbsxanada onun üçün yas saxlayırdılar. Ümumilikdə isə həbsxanada baş verənlərə orqanlar nəzarət edir. Kimsə “oğru ideyalarını” irəli sürsə, dərhal karserə göndərirlər”.

Tofiq Yaqublu: “13-cü koloniyada kamera yoldaşları sarıdan bəxtim gətirdi. Biz, yeddi siyasi məhbus – mən, İlkin Rüstəmzadə, Anar Məmmədli, Pərviz Həşimli, Əbdül Əbilov, Fərəc Kərimli, Əli İnsanov bir yerdə idik. Hər gün yığışıb, çay içir, söhbət edirdik.  Hər təzə siyasi məhbusu qucağımızı açaraq qarşılayırdıq.

Qalan məhbuslarla münasibətimiz normalıydı. Aydın məsələdir ki, məhbusların əksəriyyəti ağır taleyi olan cinayətkarlardır. Onların arasında ağıllı, savadlı olanlar da var. Amma əksər hallarda bu, küçədə böyüyən, valideynlərin heç bir diqqət, təhsil vermədiyi insanlardır. Özünüz təsəvvür edin onların necə olduğunu. Bəziləri hətta saatın siferblatından vaxtı müəyyən edə bilmirdi.

Ümumiyyəltə “siyasi olmayan” məhbusların öz anlayışları, qayğıları var. Kimsə “nepravdısa” bu, ciddi bir məsələdir. Rəsmi şəkildə icazə verilməsə də, qumar oynayırlar. Borclar da bundan yaranır. Vaxtında borcu qaytarmayanda, adamı ləyaqətini alçaldırlar.  Borcun verilməsi vaxtı və məbləği əvvəlcədən razılaşdırılır, bəzən məhbuslar özləri onları karserə salmağı xahiş edirlər ki, vaxt udsunlar. Karserdə keçirilən vaxt hesablanmır. Həmin vaxt ərzində də qohumlar, yaxınlar birtəhər lazımi məbləği yığır. Baxmayaraq ki, karser heç də xoş yer deyil – yemək çox pis, şəraitsizlik – çoxları bunu yoldaşlarının cəzasından üstün tuturdu. Amma bütün bunlar biz, siyasi məhbuslara aid edilmirdi.

Rəhbərlik də bizə normal yanaşırdı. Bilirdilər ki, həbsxananın  qapılarını açıq qoysalar belə siyasi məhbuslar qaçmayacaq.

Bizi digər məhbuslarla birləşdirən əsas nəsnə o idi ki, “adi” məhbuslar da dövləti sevmir. Onların təsəvvüründə hakimiyyət onları həbsxanaya salan düşmən qüvvədir. Həbsxananı isə xoş yer adlandırmaq çətindir. həm də biz “siyasilər” onlara Qərbin penitensiar sistemi, oradakı həbsxanalar, saxlanma şəraiti haqqında çox şey danışırdıq. Yəni sən soyuducusu və televizoru olan kamerada oturursan, istirahət günlərində isə evinə gedirsən.

Mən qarşımda kimin olmasından asılı olmayaraq, hamıyla nəzakətlə danışırdım. Çoxlarının mənə “sən” deyə müraciət etməsinə baxmayaraq, hamıya “siz”, “bəy” deyirdim, jarqondan istifadə etmirdim. Məsələn, həbsxana dilində tualet “sever”di, mən isə “tualet” deyirdim.

Hələ Kürdəxanıda olanda mənə yerli avtoritetdən məktub gətirdilər; məktub yarı rus jarqonunda, yarı Azərbaycan dilində yazılmışdı, çox nəzakətlə cavab verdim ki, orada yazılan məsələlərdən xəbərim yoxdur. Əvvəlcə avtoritet “bəy” müraciətindən çox əsəbiləşdi, məsələni araşdırandan sonra digərlərinə də əmr etdi ki, məni narahat etməsinlər”.

Görüşlər

İstintaq təcridxanasında qohumlarla bir dəfə, koloniyalarda ayda iki dəfə, vəkillərlə isə məhdudiyyətsiz görüşmək olar. Həftədə iki dəfə 15 dəqiqə telefonla danışmağa icazə verilir.

Natiq Cəfərli : “Yoldaşımı yanıma həftədə bir dəfə buraxırdılar, dostlarımı buraxmırdılar. 8 vəkilim var idi. Nəticədə də onlar hər gün gəlirdilər, mən də onlarla, kondisionerli otaqda oturub, çay içir və ordan burdan söhbət edirdim”.

Siyasi məhbus İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə: “Görüş yeri beş-altı masası və stulları olan ümumi otaqdır. Onların yanında axşam saat beşə qədər oturmaq olar, vaxt məhdudiyyəti yoxdur. Yanımızda həmişə nəzarətçilər durur”.

 

Elçin Sadıqov: “Görüş məhdudiyyətləri əsasən polis bölmələrində, adam təcridxanaya və ya koloniyaya düşənə qədər olur. Son zamanlar siyasi məhbusların bu mənada vəziyyəti daha da pisləşib: ilk günlər ümumiyyətlə zəng etmək olmaz, sonrakı günlərdə ancaq nəzarət altında və razılaşdırılmış nömrələrə zəng vurmaq mümkündür”.

Bağlamalar

Yadigar Sadıqov: “Qaydalara əsasən bağlamanı həftədə bir dəfə almaq olar. Adətən onu almaq çətin deyil, amma bəzən işçiyə “şirinlik”, məsələn bir qutu siqaret də vermək lazım ola bilər”.

Elçin Sadıqov: “Kitablar və jurnallar həbsxana senzurasından keçir. Əvvəllər daha çox çeşiddə mətbu orqanları keçirmək olurdu, indi isə ancaq cəzaçəkmə müəssisəsinin yazıldığı qəzet jurnalları keçirmək olar. Bu əsasən hökumətin qəzet və jurnallarıdır: “Kaspi” “Azərbaycan” və s. Kitablara gəlincə, qadağan olunmuş ədəbiyyat siyahısı var, amma o rəsmi olaraq heç kimə məlum deyil – hər şeyə həbsxana rəisi qərar verir”.

 

Bakı, 6 saylı koloniya

Tibb

Azərbaycan mətbuatında tez-tez bu və ya digər siyasi məhbusun müalicə olunmaması barədə xəbərə rast gəlmək olur. Siyasi məhbuslar danışır ki, bu, adətən həkimlərin aşağı peşəkarlıq səviyyəsi, dərman preparatlarının azlığı ilə bağlı olur.

Elçin Sadıqov:  “Təsəvvür edin ki, həbsxanada elementar olaraq infarkt keçirmiş adamın reanimasiyası üçün heç bir şərait yoxdur. Tibbi hissənin imkanları çox məhduddur. Diaqnozu vizual müayinə nəticəsində qoyurlar. Dərman qutusunda həmişə ancaq sitramon və aspirin tapmaq olar. Tibbi hissədə antisanitariya hökm sürür, vərəm xəstələri varsa, onlar da digər xəstələrlə birlikdə yatır. Xəstəxanaya ancaq vəziyyətin çox pisləşəndə düşmək olar. Xəstəlik və normal müalicənin olmaması səbəbindən ildə təxminən 50-70 məhbus ölür”.

 

Yadigar Sadıqov: “Mənim bəxtim gətirdi, ciddi bir xəstəlik keçirmədim. Amma həbsxanada da, koloniyada da həkimə müraciət etmək olur, koloniyada hətta bunu etmək daha asandır. İdeal olmasa da, vəziyyət gözlədiyimdən daha yaxşı idi”.

Tofiq Yaqublu: “Barakda çarpayılar kupedəki kimi ikiyarusludur və bir-birinə çox yaxın yerləşir. Dönmək, rahat poz almaq mümkün deyil. Çox vaxt qonşunla az qala burun-buruna yatırsan. Mənim yanımda bir oğlan yatırdı, lap gənc idi, indiki kimi yadımdadır, adı Fərman idi. Bax onun həm vərəmi, həm hepatiti var idi”.

Demək lazımdır ki, vərəm xəstələrini təcrid etməsələr də, tam qaydası ilə müalicə edirlər. Müntəzəm olaraq analiz götürür, flüoroqrafiya edir dərmanlar verirlər. İldə bir dəfə vərəm dispanserinə göndərirlər. Məhbuslar ora düşdüyünü bilib əvvəlcədən əziyyət çəkirlər, çünki orada şərait çox ağırdır, hətta qaydaları pozanları döyürlər də. Bəzən cəza olaraq dispanserə sağlam adamları da göndərirlər”.

Məşğuliyyət

Natiq Cəfərli: “İkinəfərlik kamerada gənc oğlanla qalırdım. Nə yazmağı, nə də oxumağı bacarırdı, onunla hər gün iki saat məşğul olurdum, bunu özü məndən xahiş etmişdi. Bütün günü kitablarla oturduğuma çox təəcüblənirdi – həftədə mənə 3-4 kitab gətirirdilər. Əlimə keçən hər şeyi.  həm bədii ədəbiyyatı, həm də bioqrafiyaları, yəni azadlıqda əlim çatmayan hər şeyi oxuyurdum”.

Həbsxana ərazisində iki kafe var – biri adi, digəri “qlamur”. Adi kafeni məhbusların özləri təşkil ediblər, özləri də orada işləyirlər. Orada televizor var, ancaq yerli telekanalları göstərir.

“Qlamur” kafedə 10 manata böyük plazma ekranda filmə baxmaq olar, həmin məbləğə bir çaynik çay və şirniyyat da daxildir.

Natiq Cəfərli: “Həbsxanada rahat idim. Orada köhnə sovet radiosu var idi, həmin radioda caz musiqisini və təəssüf ki, “blatnoy” mahnıları dinləyirdim, nə verirdilər ona da qulaq asırdım. Televizorda əsasən idman verilişləri, futbol və xəbərlərə baxırdım”.

Tofiq Yaqublu: “Kürdəxanı İstintaq Təcridxanasına düşəndə burada hər kameraya televizor quraşdırmağa başlamışdırlar. Amma əvvəlcə hər şey mərkəzləşdirilmiş idi. Yəni pult növbətçinin əlində olur, o da kanalları bütün kameralar üçün çevirir. Hamı da, əksəriyyət nə istəyir ona baxır,  mən də futbol və xəbərlər əvəzinə bu şou proqramlara baxmaqla həmin zorakılığa dözməli olurdum”.

Zorakılıq

Elçin Sadıqov: “İşgəncə və döyülmə halları əsasən polisdə olur. Penitensiar xidmətdə bu cür faktlar nadir hallarda rast gəlinir. Amma pis davranış, kobudluq ola bilər, heç bir əsas olmadan karserə yerləşdirə bilərlər.

Məhkəmə-tibbi ekspertizası məsələsinə gəldikdə, onun az xeyri olur: məhbus döyüləndən bir ay sonra ekspertizadan keçirilir, həmin müddət ərzində də bütün yaralar sağalır və ekspertiza adətən heç bir sübut ortaya çıxara bilmir”.

Fərəc Kərimli – müxalif Müsavat partiyasının sədr müavini.2014-cü ilin iyul ayında narkotik saxlama və yayma ittihamı ilə həbs olunub. 6,5 il müddətə azadlıqdan məhrum etmə cəzası alıb. 2016-cı ilin oktyabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

Natiq Cəfərli:  “İlqar Məmmədovu ilk vaxtlar döyürdülər. Bundan sonra kürəyində problemlər yarandı. İxtisaslaşmış tibbi yardım göstərilmirdi, güclü ağrıları olurdu. Uzun sürən çəkişmələrdən sonra sadəcə köhnə sovet çarpayısının üstünə taxta qoyulmasına nail ola bildik.

Onu iki dəfə karserə salıblar – bir dəfə üç günlük, bir dəfə də bir günlük. Amma həbsxana rəhbərliyi dəyişəndən sonra artıq fiziki zorakılıq olmadı”.

Yadigar Sadıqov: “Məhbusların ədalətə nail olması çox çətindir. Qaydalara əsasən, məhbusun bütün yazışmasına nəzarət olunmalıdır. Hətta o, hansısa şəkildə öz şikayətini dövlət qurumlarına ötürə bilsə də, dövlət xidmətləri bir-birini müdafiə edəcək. Digər tərəfdən məhbuslar vəziyyətlərini daha da ağırlaşdırmamaq üçün şikayət etməyə meylli deyillər”

Seçkilər

Tofiq Yaqublu:  “Səni kabinəyə salırlar və əlinə hazır bülleten verirlər. Sən də yeganə mümkün namizədi qeyd etməlisən; bu yoxlanılır. Səsvermədən imtina etsən və ya başqa şey qeyd eləsən səni ya karser, ya da döyülmə gözləyir”.

 

Məmməd Əliyevin illüstrasiyaları
Facebook Comments

More on JAMnews