Gürcüstanın yeni parlamenti işə başlayır. Birpartiyalı tərkiblə
Dekabrın 11-də Gürcüstanın yeni seçilmiş onuncu çağırış parlamenti işə başlayacaq.
Birinci iclasa ancaq “Gürcü arzusu” iqtidar partiyasının deputatları qatılıb. Müxalifət parlamenti boykot edir və mandatlardan imtina edir, çünki 31oktyabr parlament seçkilərinin nəticələrini saxtalaşdırılmış hesab edir.
“Qullar, qullar!” – “Gürcü arzusu”nun deputatları etiraz aksiyası iştirakçılarının qışqırdığı bu şüarın sədaları altında parlament binasına daxil olublar.
Vətəndaş cəmiyyəti fəalları binanın girişində deputatlar üçün “utanc dəhlizi” təşkil ediblər.
Fəallardan biri aksiyaya zebra kostyumunda gəlib. O bildirib ki, onun kostyumu iqtidar partiyasından olan deputatları tərənnüm edir – “Gürcü arzusu” partiyasının lideri milyarder Bidzina İvanişvili öz ekstravaqant həvəsləri ilə məşhurdur, onun ekzotik heyvanlardan ibarət şəxsi zooparkı da var.
“Əgər bu qullar (parlamentə) daxil olublarsa, xebranın günahı nədir? Zebra da deputat olmaq istəyir, onun başqalarından nəyi əskikdir?” – fəal deyib.
Aksiya iştirakçıları “Gürcü arzusu” partiyasının deputatlarını son mənzilə yola saldıqlarının rəmzi kimi aksiyaya dəfn çələngi də gətiriblər.
Parlament binasının yerləşdiyi rayona polis səfərbər edilib.
Müxalifət partiyalarının nümayəndələri eyni zamanda parlament mandatlarından imtina haqda memorandum imzalamaq üçün toplaşıblar.
Bugün parlament sədr və parlamentin digər vəzifə rəhbərlərini seçəcək.
Bununla yanaşı bugünkü iclasda hazırkı hökumət səlahiyyətlərini dayandıracaq. Parlament iki həftə ərzində yeni Nazirlər Kabinetinə etimad ifadə etməlidir.
Onuncu çağırış parlamentdə 150 yerdən 90-nı qazanan “Gürcü arzusu” partiyası seçki öncəsi bəyan edib ki, hazırkı hökumət başçısı Giorgi Qaxariya yenə də baş nazir vəzifəsinə namizəd olacaq.